EN

“Bu halda hadisələr gec-tez İranın da qapısını döyə bilər”- Vəziyyət GƏRGİNLƏŞİR

“Qəzza zolağında HƏMAS-ın, Livanda “Hizbullah”ın, Suriyada Bəşər Əsəd rejiminin süqutu sübut edir ki, Tehran hakimiyyəti də bu bölgələrdə getdikcə zəifləyir. Başqa sözlə, İran hakimiyyətinin siyasi-ideoloji düşüncə sistemi, yəni, Ruhulla Xomeyninin İslam inqilabının doktrinasının transformasiya ideyası iflasa uğrayır. Sadaladığımız bölgələrdə İslam inqilabları baş vermədi, yaxud sübut olundu ki, Tehran hakimiyyəti dindən bir alət olaraq istifadə etmədi. Əks halda yerli əhali İranın Bəşər Əsədi, HƏMAS, “Hizbullah”ı dəstəkləməsini müdafiə edərdi. Ancaq bu, baş vermədi. Deməli, Tehran hakimiyyəti bu hadisələri süni şəkildə qızışdırıb onun kölgəsində nüfuzunu artırmağa, özünü regionun aparıcı aktoru kimi göstərməyə cəhd edib”.

Bu fikirləri Editor.az-a açıqlamasında Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan deyib.

Onun sözlərinə görə, Suriyadan sonra Tehran hakimiyyətinin İraqdakı qüvvələrin neytrallaşması məsələsi gündəlikdədir:

“Çünki İraq İran üçün bir neçə baxımdan önəm daşıyır. Birincisi, İmam Hüseynin (ə) məqbərəsi Kərbəlada, Həzrət İmam Əlinin (ə)məqbərəsi Nəcəf şəhərində yerləşir, eləcə də dünya şiələrinin təqlid etdiyi Ayetullah Sistani  oradadır. Bundan əlavə İraqla İran sərhəddir və bu ölkədə İranın “Həşti-Şabi” adlı formalaşdırdığı silahlı qüvvələri var. Bununla yanaşı İraq ərazisində İranı təhdid edən PKK terrorçularının silahlı qruplaşmaları məskunlaşır. İran İraqın neft-qaz sahəsində ticarət əlaqəsi saxladığı ən əsas tərəfdaşlarındandır. Odur ki, Suriyadan sonra İranın İraqdakı gələcəyi məsələsi aktuallaşıb. Aypara sırasının İraqla yekunlaşması ehtimal olunur. Çünki İran hakimiyyətinin əsas dayaqlarından biri İraqdakı tərəfdaşları olan silahlı qruplaşmalardır. Bu müddət ərzində İran hakimiyyəti Qərbin şərtləri və tələbləri ilə razılaşarsa, vəziyyət Qəzza zolağındakı kimi dramatik olmaya bilər. Əks halda İraqda Tehran hakimiyyəti müqavimət göstərərsə, yaxud İraq vasitəsilə qonşu ölkələrə təzyiqləri artırarsa, bu halda hadisələr gec-tez İranın da qapısını döyə bilər”.

//Gülnarə Abasova, Editor.az

Chosen
11
editor.az

1Sources