Ermənistan müdafiə naziri Suren Papikyan faktiki Ermənistanda gecələmir. Vəzifəyə gələr-gəlməz, Avropadan vurub Amerikadan, ordan da vurub Hindistandan çıxır. Hazırda o, kiçik zaman fasiləsindən sonra yenə Fransadadır. Erməni mediası səfərin detalları barədə yazmasa da, məqsəd onsuz da aydındır.
Ötən həftəsonu İrəvanda iki ölkə arasında 2025-ci üçün hərbi-texniki sahə üzrə əməkdaşlıq memorandumu imzalanmışdı. Ondan cəmi bir həftə qabaq isə Papikyan ABŞ-da böyük bir nümayəndə heyəti ilə səfərdə olmuş, Pentaqon başçısı Lloyd Ostinlə görüşmüşdü…
Məlum məsələdir ki, S.Papikyan “su yolu”na döndərdiyi Amerikaya, Fransaya gəzməyə, pal-paltar və ya lüks maşın almağa getməyib. Müdafiə nazirinin vəzifəsi bəlli: Ermənistan Azərbaycanla sülh müqaviləsinin Bakının deyil, öz şərtləri əsasında imzalanması üçün maksimum qısa vaxtda hücum ordusu (!) qurmaq.
Əfsus ki, başda Makron Fransası olmaqla xristian Qərb və Hindistan (sonuncu Pakistan-Azərbaycan qardaşlığına görə) bu işdə ona can-başla kömək edir. Bu ilin aprelində Brüsseldə üçlü formatda, Nikol Paşinyanın iştirakı ilə (Avropa Birliyi-ABŞ-Ermənistan) reallaşan sammitdə də əsas niyyət eyni idi: Ermənistanın Azərbaycana qarşı tez bir zamanda iqtisadi-hərbi qalxınmasına kömək eləmək.
Bundan ötrü Avropa Sülh Fondu (əslində müharibə fondudur) artıq İrəvana hərbi məqsədlər üçün 10 milyon avro həcmində yardım ayırıb. Hələ biz Azərbaycanla sərhəddə iki ildir ölkəmizə qarşı casusluq edən yarım-hərbi AB missiyasını demirik…
İlk baxışda qəribə görünə bilər. Axı gerçək belədir ki, 2-ci Dünya müharibəsindəki məğlubiyyətindən sonra Almaniyaya hələ də əhalisinin sayına uyğun ordu saxlamağa, nüvə silahı əldə eləməyə icazə verilmir – 1941-45-dəki işğalçılığına görə. Həmçinin İraq 1990-cı ilin yayında Küveytə hərbi təcavüz etdiyi üçün (işğal 7 ay çəkib) ordusu ilə bağlı məhdudiyyətlər bu gün də qüvvədədir.
Amma nə Almaniyanın, nə də İraqın nə öz qonşularına, nə də hər hansı digər ölkəyə konstitusion ərazi iddiası yoxdur. Ermənistanın isə Türkiyə və Azərbaycana qarşı üst-üstə 191 min kv km-lik bir torpaq iddiası ilə yaşayır və bu, onun “Əsas Qanun”unda ifadə olunub! Təsəvvür edirsinizmi? Yəni sərhədləri beynəlxalq səviyyədə tanınmış indiki Ermənistan ərazisindən (29.7) təxminın 6-7 dəfə çox!..
Üstəlik, rəsmi İrəvan illərdir Bakı və Ankaranın haqlı tələblərinə rəğmən, öz konstitusiyasını beynəlxalq hüquqa uyğunlaşdırmaqdan nümayişkaranə şəkildə imtina edir. Üzdəniraq Minsk Qrupunun rəsmi ləğvini istəmir. Onun gerbində belə Türkiyəyə ərazi iddiası (Ağrı dağı) əks olunub.
O zaman niyə eyni sərt yanaşma dünənin işğalçı dövləti Ermənistana münasibətdə də, o sırada onun ordusunun məhdud sayı və silah-sursat tədarükü baxımından tətbiq olunmur? Nədən Qərbin aparıcı dövlətlərinin, lap elə Rusiyanın rəsmiləri bir dəfə də olsun İrəvana sülh müqaviləsinin tezləşməsi üçün öz konstitusiyanı təcili dəyişmək çağırışı etməyib və ya etmir, Xocalı və digər soyqıqımlarına görə Ermənistanı qınamayıb?
Yaxud hansı səbəbə keçmiş separatçı-xunta rejiminin saxta qurumları, uydurma “artrsax parlamenti” hələ də İrəvanda öz “fəaliyyətini” davam etdirir? “Demokratik və ədalətli” Qərb nədən Slobodan Miloşeviç kimi Xocalı hərbi caniləri – keçmiş prezidentlər Robert Köçəryan və Serj Sərkisyanın də layıqli cəzalar almasına çalışmır. Əksinə, Bakıda məhkəməsi gözlənilən, Azərbaycan xalqına qarşı bəşəri cinayətlər törətmiş digər erməni terrorçu-şərəfsizlərə azadlıq tələb edir, onları az qala, “siyasi məhbus” sayır?..
Bu “ikili standart” siyasətinin səbəbi nə? Xristian amilimi? Amma Almaniya xristian ölkəsidir. Yerdə nə qaldı? Əlbəttə ki, Türk faktoru. Yəni səbəb heç islam faktoru da deyil(miş)!
İndi gör daşımız nə qədər ağırdır ki, nəinki Qərb, Rusiya da əlahəzrət həqiqəti görməzdən gəlir (yada salın, rəsmi Moskva Paşinyanın keçmiş Dağlıq Qarabağı Azərbaycan ərazisi saymasından məmnun qalmamışdı), İrəvanın ölümcül silahlarla silahlanmasına normal baxır. Çünki Ermənistan hansısa xristian ölkəsinə, Yunanıstana, Gürcüstana, İrana və ya Rusiya qarşı yox, Azərbaycan və Türkiyəyə qarşı silahlanır. Səbəb bu qədər bəsit…
Qeyd edilən təhdidlər fonunda Azərbaycanın özünün və əhalisinin təhlükəsizliyi naminə Ermənistana preventiv zərbələr endirmək haqqı var, ya yox? Nə barədə ki, Azərbaycan Prezidenti artıq xəbərdarlığını edib. Yeri gəlmişkən, BMT Nizamnaməsi də buna tam icazə verir.
Odur ki, qardaş Türkiyə ilə birgə, onunla siyasi-hərbi tandemdə, eləcədə də dost Pakistan və İsraillə ittifaqda işimizi möhkəm tutmalıyıq. Belə görünür, bu “xəmir” 2025-də də az “su” aparmayacaq…
Zahid SƏFƏROĞLU