EN

Qonşu ölkələrdə dollar kəskin bahalaşır – Azərbaycanda yaxın 6 ayda…

İranda, Qazaxıstanda dollar bahalaşıb, Rusiyada da rubl dəyərini itirir. Türkiyədə də xeyli vaxtdır bu tendensiya hökm sürür. Məsələ ölkəmizdə müzakirələrə səbəb olub. Az qala hər kəsi eyni sual düşündürür: Manatın aqibəti necə olacaq? Devalvasiya gözlənilirmi?

Globalinfo.az-a danışan iqtisadçı Elçin Qurbanov söhbətə Rusiya ilə başlayıb.

Belə ki, o, Rusiya rublunun dollar qarşısında ucuzlaşması ilə əlaqəli bu günlərdə xüsusi sıçrayışların olmadığını bildirib:

“Ən yüksək sıçrayış 27 noyabr tarixində 1 dolların 113.4 rubl səviyyəsinə yüksəlməsi olub. Bu ilin 11 dekabrında 105.50, 15 dekabr isə bir qədər ucuzlaşaraq 103.36 rubl səviyyəsində qərarlaşıb. 2023-cü ilin həmin tarixindəki məzənnə 1 dollar 90.62 rubl müəyyən edilmişdi. Yəni ötən ilin eyni tarixindəki məzənnəyə nisbətən 14.07 faiz və ya 12.75 rubl artım qeydə alınıb. Bu da bir neçə real amillərlə əlaqələndirilir. İxrac gəlirlərinin azalması, neft ixracı (ixrac) ilə ödənişlərin arasında zaman fərqinin artması və repatriasiyanın yumşaldılması, mövsümi idxal məhsullarına tələbatın digər aylara nisbətən artması Yeni il (bayram) öncəsi illik büdcələrin bağlanması və bankların valyuta (spekulyativ) siyasətidir. Gözlənilən odur ki, dekabrın sonuna doğru idxal azaldıqca valyutaya ehtiyac da azalacaq. Bununla da məzənnədə normallaşma qeydə alınacaq. Hələlik baş verən dəyişiklik partlayış doğuran hadisə kimi təsv ir oluna bilməz”.

elcin

Elçin Qurbanov

İqtisadçı deyib ki, Türkiyə lirəsində isə nisbətən yüksək ucuzlaşma qeydə alınıb:

“Belə ki, bir ay ərzində Türk lirəsi ABŞ dolları qarşısında məzənnə dəyərini 1.48 faiz itirib və ya dolların məzənnəsində 0.51 lirə bahalaşma qeydə alınıb. 2023-cü ilin 15 dekabr tarixi ilə 2024-cü ilin eyni tarixi arasında ABŞ dollarının məzənnəsində 28.98 lirədən 34.94 lirə səviyyəsinə yüksəliş qeydə alınıb. Bu da dolların lirə qarşısında 5.96 lirə və ya 20.56 faiz bahalaşması deməkdir. Lirənin zəifləməsində əsas səbəb Yaxın Şərqdə münaqişənin kəskinləşməsidir. Bu münaqişə bütün yaxın ölkələrə təsirsiz ötüşmür. Lirənin ucuzlaşmasına səbəb həm də qlobal valyuta bazarında dolların bütün valyutalar qarşısında möhkəmlənməsidir”.

Elçin Qurbanov Qazaxıstanda dolların bahalaşması məsələsinə aydınlıq gətirib:

“Qazaxıstanda bir ay ərzində dolların məzənnəsi 494.45 tenqedən 523.40 tenqeyə qədər yüksəlib. Bu isə son bir ayda təxminən 5.86 faiz bahalaşma deməkdir. Ötən ilin eyni tarixi ilə müqayisədə isə Qazaxıstan tenqesi 14.62 faiz dəyərini itirib. Amma müvafiq qurumlar tərəfindən 2024-cü ilin sonuna 1 dollar 460 tenqe səviyyəsində proqnozlaşdırılmışdı. Proqnoz ilə faktiki məzənnə arasında əhəmiyyətli dərəcədə fərqin yarandığı bəllidir. Bunun səbəbi zəif xammal iqtisadiyyatına malik olan Qazaxıstanın valyuta gəlirlərinin dünya bazarındakı dəyişiklərdən və əsas beynəlxalq valyuta olan ABŞ dollarından asılılığı kimi izah olunur”.

Курс

Ekspert İran valyutasının kəskin ucuzlaşdığını qeyd edib:

“İranda rialın dollara nisbətən rekord həddə ucuzlaşması qeydə alınıb. Rəsmi mənbədə 11 dekabr tarixində 42087,50 tüməndən 75600.00 tümənə yüksəlməsi böyük sıçrayışdır və ciddi təlatüm doğurub. Bu sıçrayışla İran rialı 79.6 faiz ucuzlaşıb. Bir neçə gün ərzində belə sıçrayışlı devalvasiyanın səbəbi İran, İsrail, ABŞ münasiətlərindəki siyasi gərginlikdir. İranın daimi siyasi müttəfiqlərinin Yaxın Şərqdə təsir gücünün zəiflədiyi və təsir dairəsində olan qruplaşmaların sıradan çıxarılması əsaslı təlatümlər doğurub. İran öz ehtiyatlarına daha konservativ yanaşmağa məcburdur. Yaranmış siyasi-iqtisadi gərginlik əhali arasında da ciddi təlaşa səbəb olduğu üçün hər kəs öz ehtiyatlarını dversifikasiya etmək istədiyindən dollara tələb dəfələrlə artıb”.

Elçin Qurbanov deyib ki, Azərbaycanda ən azı yaxın 6 ay müddətində dollar bahalaşmayacaq:

“Azərbaycan demək olar ki, possovet ölkələri içərisində özünün valyuta (monetar) siyasətinə görə ən yüksək və uzunmüddətli maliyyə sabitliyinə malik ölkədir. Maliyyə sabitliyi isə əlverişli investisiya iqliminin başlıca elementlərindən biridir. Hökumət bu sabitliyi qorumaqda davam edir. Əgər dünyada qlobal siyasi kataklizmlər olmasa, hesab edirəm ki, yaxın 6 ay ərzində ölkəmizdə devalvasiya ilə bağlı heç bir narahatlıq baş verməyəcək”.

Chosen
16
1
bakuinfo.net

2Sources