EN

Dostlarına zəng edib davaya çağıran şəxs qərardan şikayətçidir

Bakıda xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma və xuliqanlıqda təqsirləndirilən Şahin Musayevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı məlum olub.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçiriləcək prosesdə dekabrın 20-nə təyin edilib.

 

Şikayət hakimi Hafiz Nəsibovun sədrliyi ilə araşdırılacaq.

 

İttihama görə, 1998-ci il təvəllüdlü Şahin Musayev 25 iyun 2022-ci il tarixdə, saat 20:41 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Rasim Şahsuvarov küçəsində idarə etdiyi “Toyota Prius” markalı avtomobildə hərəkətdə olduğu zaman arxadan eyni istiqamətdə hərəkətdə olan “Mercedes Benz E230” markalı maşının sürücüsü, zərərçəkmiş Bəhram Bağırov səs siqnalı və xarici işıqlarla yol vermək işarəsindən istifadə edib. Sonra hər iki şəxs arasında mübahisə yaranıb. Bu zaman Şahin zərərçəkmiş şəxsin sifətinə güclü yumruq zərbələri endirib. Hadisənin səhəri günü Bəhram Bağırov onu axtarmağa başlayıb və tanışlarının dörd müxtəlif minik avtomobilləri ilə Şahinin maşınına maneə yaradaraq saxlamaq cəhdləri ediblər. Şahin isə yaşadığı Hövsan qəsəbəsi, Elman Qasımov küçəsindəki evinin qarşısına çatanda Bəhram və onun tanışları təqsirləndirilən şəxsi əhatəyə alıb hərəkətini məhdudlaşdırıb. Sonra onlar zor tətbiq etmək üçün götürdükləri müxtəlif əşyalarla Şahinin üstünə gedib avtomobildən çıxmasını tələb ediblər. Bu zaman Şahin maşında qapanıb tanışlarına kömək üçün zəng vuraraq, onları hadisə yerinə çağırıb. Həmin şəxslər də hadisə yerinə gəliblər. Sonra Şahin maşından çıxıb, əllərində kəlbətin və naməlum əşya ilə onun üstünə gələn Bəhramın baş-sifət nahiyəsinə yumruq zərbələri vuraraq yerə yıxıb. O, üstündə olan kəsici-deşici xassəli əşya ilə zərərçəkmiş şəxsin bədəninin müxtəlif nahiyələrinə zərbələr endirərək ona xəsarətlər yetirib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 1500 manat cərimə cəzası təyin olunmuşdu. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, protest qismən təmin edilib, Bakı Ağır Cinayətlər Məhkəməsinin təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 130.1 və 221.1-ci maddələri ilə məhkum olunmasına dair hökmü verilmiş apellyasiya protestinə münasibətdə ləğv olunub. Şahin Musayevin Cinayət Məcəlləsinin 126.1 və 221.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib və o, 2 il 9 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib və təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs olunub.

 

Kamal Məmmədov

 

 

Tarix: 17 Dekabr 2024, 09:33   
Chosen
38
pravda.az

1Sources