Çinli e-ticarət və texnologiya qrupu "Alibaba"nın yenidən qurulma prosesində böyük mağaza şəbəkəsi "Intime"ı satacağı açıqlanıb.
Valyuta.Az xəbər verir ki, şirkətin sahibi olduğu "South China Morning Post" qəzetinin xəbərinə görə, şirkətin Çinli tekstil və hazır geyim qrupu "Youngor"a satılacağı bildirilib.
Xəbərdə tərəflərin bu həftə satış barədə ictimaiyyətə rəsmi açıqlama verəcəkləri qeyd olunub.
"Alibaba" 2017-ci ildə Çinin materik hissəsində fəaliyyət göstərən böyük mağaza zənciri "Intime"ı 2,5 milyard dollara satın almışdı. Bu addım həmin dövrdə qrupun onlayn və pərakəndə satış kanallarını birləşdirmək strategiyasının bir hissəsi idi.
Son illərdə texnologiya ilə bağlı əsas fəaliyyət sahələrinə fokuslanmaq strategiyası çərçivəsində yenidən qurulan qrup, e-ticarət və texnologiya sektoru xaricindəki aktivlərini satmağa başlayıb.
Yenidən qurulma
"Alibaba" 2023-cü ilin mart ayında şirkətin holdinqdən müstəqil fəaliyyət göstərəcək 6 iş qrupuna bölündüyü yeni struktur planını açıqlamışdı.
Şirkətin əsas fəaliyyət sahələrini əhatə edən qruplar bunlardır: "Taobao-Tmall" e-ticarət platformaları, bulud hesablamaları xidməti təminatçısı "Cloud Intelligence", logistika xidmətləri təqdim edən "Cainiao Smart Logistics", rəqəmsal biznes həlləri sahəsində fəaliyyət göstərən "Global Digital Business", yerli texnoloji xidmətlər göstərən "Local Services" və media ilə əyləncə sektoruna yönəlmiş "Digital Media and Entertainment".
Yeni strukturun məqsədi hər bir iş qrupunun bazarda müstəqil fəaliyyət göstərməsi, rəqabətdə öz yolunu cızması və səhmlərin ilkin kütləvi yerləşdirilməsi də daxil olmaqla öz maliyyə mənbələrini yaratmasıdır.
Rəhim