EN

Hərbi xidmətə çağırışın yaşı həddi niyə endirilir? - Açıqlama

“Məlum olduğu kimi, hərbi xidmətə çağırış yaşının yuxarı həddi 35 yaşdan 30 yaşa endirilir. Bu, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklik edilməsi təklifində öz əksini tapıb. Qarabağ işğaldan azad olunub, şərti sərhəddə Azərbaycan əsgəri xidmət keçir və indiyə qədər heç bir problem müşahidə edilməyib. Ümumilikdə, bu qanun ölkə vətəndaşının xeyrinədir və faydalı olacaq".

Bakupost.az xəbər verir ki, bunu hərbi ekspert Şair Ramaldanov deyib.



O bildirib ki, zaman-zaman hərbi xidmətə çağırış yaşının endirilməsi gündəmə gətirilib. İndi isə konkret addım atılır:

“Qeyd edim ki, 35 yaşdan sonra insan həm psixoloji, həm də fiziki olaraq hərbiyə tam yararlı olmur. Digər tərəfdən, çoxları bu yaşda evli olur. Qanun təsdiqindən sonra insanlar gələcəkləri ilə bağlı planlarını rahat şəkildə qura bilərlər”.

O əlavə edib ki, artıq torpaqlarımız işğaldan azad edilib. Buna görə də qanunun təsdiqi ordunun kompleksləşdirilməsinə mane olmayacaq. Həmçinin bu, təhlükəsizliyimizə təhdid törmətmir.

Millət vəkili Arzu Nağıyev isə bildirib ki, əsasən 18-30 yaş arası insanlar yeni bacarıqları daha tez öyrənirlər: "Çağırışçılar üçün psixoloji aspektlər də çox mühüm əhəmiyyət kəsb edir.



Onlar həkim komissiyasından keçdikdə psixoloji müayinədə stress altında davranışla bağlı suallar, digər məsələlər aydınlaşdırılır. Yaş həddinin aşağı salınması da çox mühüm əhəmiyyət kəsb edir".

Sevinc,
BakuPost
Chosen
15
bakupost.az

1Sources