EN

Qış gəlir, paytaxt yolları və avtomobillərimiz qarlı havalara hazırdır? - ARAŞDIRMA

Yollarda qəzalar daha çox payız-qış aylarında baş verir. Yağış suları və qardan iflic olmuş yollarda hərəkət etmək, həm nəqliyyatın, həm də piyadaların işini çətinləşdirir. Xüsusilə qar yağdıqdan sonra davam edən şaxtalı hava yolların buzla bağlanmasına səbəb olur. 

 

Maraqlıdır, bəs paytaxt yolları və avtomobillərimiz qarşıdan gələn qış mövsümündə yarana biləcək çətinliklərə hazırdırmı? 

 

Sfera.az mövzunun aktuallığını nəzərə alaraq araşdırma aparıb.

 

Araşdırmanı təqdim edirik:

 

Öncəliklə, paytaxt yollarındakı qışa hazırlıq prosesi ilə maraqlanmaq üçün Bakı Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Bakı Şəhər Mənzil Kommunal-Təsərrüfatı departamentindən verilən məlumata görə, texnikalar hazır vəziyyətə gətirilib, kifayət qədər duz ehtiyatı yaradılıb:

 

“Qış aylarında yağmurlu və şaxtalı hava şəraiti ilə əlaqədar rayon İcra Hakimiyyətlərində qışa hazırlıqla bağlı qərargahlar yaradılıb və hazırlıq iclasları keçirilib. Hər bir quruma qarın təmizlənməsi üçün lazımi qədər alət, inventarın (bel, kürək və s.) toplanması, duz ehtiyatı yaradılması, xüsusi texnikaların vəziyyətinin yoxlanılması ilə bağlı tapşırıqlar verilib.Qar yağan zaman küçələrin təmizlənməsi işlərinə kommunal qurumların texnikası ilə yanaşı idarə, təşkilat, bələdiyyə və özəl qurumların da mövcud texnikalarının cəlb edilməsi qərara alınıb”.

 

Yollarda nə qədər təhlükəsizlik tədbirləri görülsə də qəzaların qarşısının alınmasında əsas vəzifə sürücülərin üzərinə düşür. Bu səbəbdən qış aylarında avtomobillərin qulluq və baxımı xüsusilə önəmli olur. 

 

Bəs qış aylarında nəqliyyat vasitəsi necə idarə olunmalıdır?

 

Yəqin ki, yağışlı və ya qarlı havalarda avtomobil idarə edən zaman bir çox insanın ilk növbədə ağlına gələn nəqliyyat vasitəsinin sürətinin azaldılmasıdır. Bundan başqa, qarşıdakı avtomobillə məsafə qorunmalıdır. Ani əyləci basmaqdan çəkinmək lazımdır. Yan güzgülər və pəncərələr qorunmalıdır. Arabir pəncərələri açmaq da faydalıdır. Yağışlı və qarlı havalarda digər maşınların sizi görməsi üçün kiçik faraları aktiv saxlamaq faydalıdır. Vacib məqamlardan biri də nəqliyyat vasitələrinin vaxtında texniki baxışdan keçirilməsidir.

 

Nəqliyyat üzrə ekspert Raqif Raufoğlu mövzu ilə bağlı bildirdi ki, qəzaların olmaması üçün əsas diqqət yetirilməli olan məsələlərdən biri təkər və təkər seçimi məsələsidir:

 

“Həftəsonu yenə gördük ki, nə qədər maşın rayon yolunda qaldı. Bunların hamısının kökündə qış təkəri dayanır, başqa faktor yoxdur. Təkərlərlə bağlı dünən DYP müraciət etdi ki, qış təkəri olmayan avtomobillər hərəkətdən uzaqlaşdırılacaq. Azərbaycan qışı deyəndə bilirik ki, Bakıda sərt qış olmur. Bu nümunədə kimsə yay təkəri ilə Bakıda avtomobil idarə edirsə, az təhlükəlidir. Əgər bir sürücü üzü Şamaxıya doğru gedirsə, mütləq qış təkərindən istifadə etməlidir. Sürücülər düşünə bilərlər ki, hər qış və hər yayda təkər almaq baha başa gəlir, lakin onu da nəzərə almalıdırlar ki, bir dəfə alanda hərəsini ayrılıqda öz mövsümündə 5-6 il istifadə etmək mümkündür. İndi multi-iqlim təkərləri var ki, texnoloji yenilikdir. Sürücü bu təkəri alanda yayda, qışda, hətta qarda da istifadə edə bilir”. 

 

Onun sözlərinə görə, təkərlə bağlı qanuna dəyişiklik olunmalıdır:

 

“Əslində bizdə hələ bu qanun yoxdur, lakin başqa ölkələrdə var. Belə ki, asfaltın tempraturu 7 dərəcənin altına düşəndə artıq qış təkəri olmalıdır. Heç olmasa, dağlıq rayonlara gedən avtomobillər üçün bu qərar olmaldır. Məsələn, əgər Şahdağa gedən bir sürücünün qış təkəri yoxdursa, ona icazə verilməməlidir. Təkərlə bağlı qanun bizdə sovetdən qalmadır. Bu qanun yenidən gözdən keçirilməlidir”.

 

Nəqliyyat eksperti Aslan Əsədov da vurğuladı ki, nəqliyyat vasitələrinin qışa hazırlıq prosesindən danışarkən birinci növbədə texniki parametrlər nəzərdən keçirilməlidir. Avtomobilin sazlanması parametrlərə uyğun aparılmalıdır. 

 

A.Əsədov onu da qeyd etdi ki, bunlarla yanaşı, hər şey nəqliyyat vasitəsini idarə edən şəxsdən asılıdır. 

 

Nəticədə, hər bir sürücü soyuq hava şəraiti və onun təsiri barədə məlumatlı olmalı və avtomobilin müvafiq qulluq və baxımını vaxtında yerinə yetirməlidir. Sürücülərin həm özlərinə, həm də digərlərinə xəsarət yetirməmələri, ziyan vurmamaları üçün yol hərəkət qaydalarına əməl etmələri olduqca vacibdir.

 

Firuzə Əliyeva

Chosen
8
13
sfera.az

10Sources