Bakı, 17 dekabr, AZƏRTAC
Müasir dövrümüzdə gömrük əməliyyatları biznes prosesinin mühüm tərkib hissəni təşkil edir. Ölkəmizdə fəaliyyətdə olan sahibkarların 99,7 faizini KOB subyektləri təşkil etdiyini nəzərə alsaq, gömrük əməliyyatı istifadəçiləri olan sahibkarların da mütləq əksəriyyətini KOB-ların təşkil etdiyini söyləmək olar.
AZƏRTAC xəbər verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin (KOBİA) sədri Orxan Məmmədov “Gömrük-Biznes Forumu 2024: Dialoq” tədbirində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Dövlət Gömrük Komitəsi ilə əməkdaşlığın həcm və effektivlik baxımından böyük hissəsi xidmət təminatı ilə bağlıdır.
“KOB ev”lərində müxtəlif dövlət və özəl qurumlar, o cümlədən Dövlət Gömrük Komitəsi tərəfindən vahid məkanda xidmətlər təmin olunur. “Bakı KOB evi”ndə həm də Beynəlxalq Ticarət, İnkişaf və Logistika Zonası fəaliyyət göstərir ki, burada gömrük təmsilçiləri, logistika şirkətləri və digər idxal-ixrac əməliyyatları ilə bağlı geniş spektrli xidmətlər mövcuddur. Burada, həmçinin “KOB gömrük anbarı” təşkil olunub”, - deyə KOBİA sədri vurğulayıb.
Orxan Məmmədov əlavə edib ki, hazırkı gömrük-biznes forumu da idxal-ixrac əməliyyatları sahəsində maraqlı tərəflərin bir araya gəlməsi, yeniliklərin paylaşılması, müzakirələrin aparılması üçün əlverişli platforma təmin edir.