Müasir dövrdə gömrük əməliyyatları biznes prosesinin mühüm tərkib hissəsini təşkil edir.
“İki sahil” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda keçirilən Gömrük-Biznes Forumunda bildirib.
"Azərbaycanda fəaliyyətdə olan sahibkarların 99,7 %-ni KOB subyektləri təşkil etdiyini nəzərə alsaq, gömrük əməliyyatı istifadəçiləri olan sahibkarların da mütləq əksəriyyətinin KOB-lar təşkil etdiyini söyləmək olar. Bu baxımdan, gömrük prosedurları bir çox KOB-ların həm də fəaliyyət göstəricilərinə əhəmiyyətli təsir imkanına malikdir. KOBİA olaraq bizim xarici ticarət əməliyyatları ilə bağlı fəaliyyətimiz iki əsas istiqamətə yönəlib. Birinci istiqamət yeni bizneslərin yaradılması, inkişafının dəstəklənməsi ilə idxal-ixrac əməliyyatları iştirakçılarının sayının artırılması, eləcə də qeyri-neft ixracında KOB-ların payının yüksəldilməsi və cari fəaliyyəti çərçivəsində gömrük proseduru ilə bağlı KOB subyektlərinin dəstəklənməsindən ibarətdir”, - deyə O. Məmmədov bildirib.
Onun sözlərinə görə, ikinci istiqamət üzrə fəaliyyət Dövlət Gömrük Komitəsi ilə sıx əməkdaşlıq şəklində qurulub: “Ümumilikdə, KOB sektoru kəsişən mahiyyətə malikdir, tənzimləmə və nəzarət baxımından müxtəlif qurumların mandatı çərçivəsinə düşən biznes proseslərini əhatə edir. KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunda 30-ya yaxın dövlət qurumu təmsil olunur ki, bu da KOB sektorunun çoxşaxəli məzmununu bir daha göstərir. Biz faktiki olaraq fəaliyyətimizi həmin qurumlar ilə birlikdə həyata keçiririk. Mən onların arasında fəallığı və geniş əməkdaşlıq istiqamətləri ilə seçilən Dövlət Gömrük Komitəsini xüsusi qeyd etmək istərdim”.
O bildirib ki, Dövlət Gömrük Komitəsi ilə əməkdaşlığın həcm və effektivlik baxımından böyük hissəsi xidmət təminatı ilə bağlıdır: "KOB Evlərində müxtəlif dövlət və özəl qurumlar, o cümlədən Dövlət Gömrük Komitəsi tərəfindən vahid məkanda xidmətlər təmin olunur. Bakı KOB evində həm də Beynəlxalq Ticarət, İnkişaf və Logistika Zonası fəaliyyət göstərir ki, burada gömrük təmsilçiləri, logistika şirkətləri və digər idxal-ixrac əməliyyatları ilə bağlı geniş spektrli xidmətlər mövcuddur. Burada həmçinin, “KOB gömrük anbarı” təşkil olunub. “KOB gömrük anbarı” KOB-ların mallarının operativ şəkildə rəsmiləşdirilməsi, bu sahədə fəaliyyətin sürətləndirilməsi və daha da asanlaşdırılması məqsədini daşıyır".