EN

Ölümü "toy gecəsi" adlandıran, "Sema"dan Yaradana varan, şair, filosof... - Rumi əslində kim idi?

“Bax! Bütün döyüşlərin, müharibələrin tək və ən güclü yaranma səbəbi sevgi əskikliyidir. Bunun ən düzgün çıxış yolu sevgini axtarmaq, yaşamaq və onu göstərməkdir....”. Bu gün bu sözlərin müəllifi,  XIII əsrin dahi şəxsiyyətlərindən olan, məşhur sufi şairi və filosofu Mövlana Cəlaləddin Ruminin anım günüdür. 

 

Sfera.az Rumi ilə bağlı maraqlı hekayələri təqdim edir. 

 

Əvvəlcə qeyd edək ki, Cəlaləddin Rumi 1207-ci il sentyabrın 30-da Xorasan vilayətinin Bəlx şəhərində dünyaya göz açıb. Onun atası türkəsilli Hüseyn Hatib oğlu Behli, anası isə Bəlx əmiri Rüknəddinin qızı Möminə xatun olub. 

 

Çoxlarının həyatına mənəvi rəhbərlik edən Rumi haqqında maraqlı hekayələr onun dərin mənəvi səyahətini, dostluqlarını və düşüncələrini əks etdirir. Onun həyatı əsnasında yaşadığı bəzi hadisələr isə diqqətçəkəndir.

 

Rumini sarsıdan münasibət, qısqanclıq, müəmmalı itki...

 

Ruminin həyatındakı ən əhəmiyyətli hadisələrdən biri, şübhəsiz, Şəms Təbrizi ilə tanışlığıdır. Şəms Ruminin ən yaxın dostu və mənəvi müəllimi olub. Beləliklə, 1244-cü ildə Rumi və Şəms Təbrizi Konya şəhərində görüşürlər. Şəmsin dərin sualları və təsirli şəxsiyyəti Ruminin bütün həyatını dəyişdirir. Şəms Ruminin məhəbbət və ilahi bilik anlayışını genişləndirir və ona mənəviyyatda yeni yollar açır. Onların dostluğu o qədər güclü idi ki, Rumi bütün zamanını Şəmslə keçirir və təlimlərindən böyük ilham alır. Amma bu yaxınlıq bəzi insanların qısqanclığına səbəb olur və Şəms təxminən iki il sonra müəmmalı şəkildə yoxa çıxır. Bu yoxa çıxış Rumini çox sarsıdır və onu dərin bir kədərə qərq edir. Şəmsin yoxa çıxması ilə Rumi içindəki mənəvi dərinliklərə dalır və ən məşhur əsərlərinin çoxunu məhz bu dövrdə yazır.

 

Dərviş rəqsləri....

 

Ruminin “Sema” adlanan təsəvvüf rəqsləri - dərviş dönmələri ilə bağlı hekayələr də çox maraqlıdır. Bir gün Rumi bir bazardan keçərkən misgərlərin işlərini müşahidə edir, onların metal əşyalara çəkiclə vurduqlarını görür. Bundan yaranan ritm isə ona sanki Allahın adını xatırladırdı. Rumi bu ritmi o qədər ruhani və məhəbbət dolu hiss edir ki, birdən özündən keçib dönməyə başlayır. Bu an Rumi bir növ ekstaz yaşayır və dönərək Allahı zikr edir. Bu hadisə sonradan Mövlanənin ardıcılları tərəfindən “Sema” mərasimi yaradılır. “Sema” dərvişlər üçün ruhun ilahi aləmdə dönərək Allahla birləşməsini simvollaşdırır.

 

Süleyman Pəhləvan ilə dostluq...


Rumi həmçinin Süleyman Pəhləvan adlı bir adamla çox yaxın dost olmuşdu. Süleyman Konya şəhərinin hərbi rəhbəri idi və döyüş meydanında güclü bir pəhləvan kimi tanınırdı. Bu cəsur adam Rumidən böyük mənəvi dərslər aldı. Rumi onunla sadəcə lider və döyüşçü kimi deyil, həm də insan kimi maraqlanırdı. Onun ruhuna təsir etmək və mənəvi yüksəlişinə yardım etmək istəyirdi. Bu dostluq Ruminin insanların yalnız xarici görünüş və statusları ilə deyil, onların daxili mənəviyyatı ilə maraqlandığını göstərir.

 

Alim imici...

 

Rumi gəncliyində çox nüfuzlu və hörmətli bir alim idi. O, hüquq, teologiya və İslam hüququ üzrə dərslər verirdi. İnsanlar onun alimliyi və biliklərinə heyran qalırdılar. O dövrdə Rumi hüquqi məsələlər, dini təfsirlər üzrə geniş nüfuz qazanmışdı və Konya şəhərində geniş tələbə dairəsi vardı. Ancaq Şəms Təbrizi ilə görüşdən sonra Rumi alim rolundan çıxaraq daha çox şair və sufi müdrikliyinə yönəlir. Bu, Rumiyə böyük bir daxili çevriliş gətirir. İnsanlar onu əvvəllər ciddi bir alim kimi tanıdığı halda, indi ruhani şair və mistik şəxsiyyət kimi tanımağa başlayırlar.

 

Çoxluq içində yalnızlıq..

 

Bir gün bir sufi Rumiyə şikayət edir ki, çoxluq içində olmasına baxmayaraq, özünü həmişə yalnız hiss edir. Rumi ona deyir: “Əgər sən yalnız Allaha bağlı olsan, heç vaxt tək və yalnız olmazsan. Həqiqi dostluq və yaxınlıq yalnız Allahla mümkündür. İnsanlarla birlikdə olmaq, amma Allahdan uzaq olmaq həqiqi tənhalıqdır”. Bu hekayə insanların nə qədər böyük cəmiyyətlərdə olsalar belə, əgər ruhən Allaha yaxın deyillərsə, özlərini tənhalıq hiss edə biləcəklərini göstərir. Rumi insanın mənəvi yaxınlığını ilahi məhəbbətdə tapmağı tövsiyə edir.

 

Son anlarında verilən cavab...

 

1273-cü ildə Ruminin səhhəti ağırlaşır və onun yanında olan insanlar kədərlənirlər. Həmin zaman Rumidən soruşurlar: “Ölümə hazırlaşırsan, qorxursan?” Ruminin cavabı isə belə olur: “Qorxu? Mənim üçün ölüm bir toy gecəsidir! Bu bədəndən ayrılaraq əsl sevgilimə, Allaha qovuşacam”. Bu cavab Ruminin ölümə olan baxışını və həyatı ilə ilahi məhəbbətə necə bağlı olduğunu göstərir. Onun ölüm anları onun ilahi sevgiyə tam təslimiyyəti ilə yadda qalır.

 

Günay Rəsulqızı
 

Chosen
4
sfera.az

1Sources