EN

Gələn il ərzaq qiymətləri artacaq? - Proqnoz

2024-cü ilin yanvar-noyabr aylarında alıcıların xərclədiyi vəsaitin 50,6 faizi ərzaq məhsullarının alınmasına sərf edib.

2024-cü ilin yanvar-noyabr aylarında alıcıların xərclədiyi vəsaitin 50,6 faizi ərzaq məhsullarının alınmasına sərf edib. Bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.

Bəs 2025 ildə ərzaq məhsulları bahalaşacaq?

Məsələ ilə bağlı iqtisadçı Emin Qəribli “Operativ Media”ya açıqlama verib. İqtisadçı bildirib ki, pandemiyadan bu yana bütün dünyada olduğu kimi, ölkəmizdə də inflyasiya müşahidə olunurdu: “Bu vəziyyət pandemiyanın yaratdığı iqtisadi və ticarət məhdudiyyətləri, eləcə də qlobal təchizat zəncirindəki pozulmalarla əlaqədar idi. Lakin hökumət düzgün strategiyalar tətbiq edərək bu problemin öhdəsindən gələ bildi.

Ümumilikdə, pandemiya dönəmindən sonra dünya bazarında ərzaq məhsullarının qiymət artımları geniş yayılmışdı. Xüsusilə strateji əhəmiyyətli məhsullarda artımlar daha kəskin idi. Bəzi ölkələr, o cümlədən inkişaf etmiş dövlətlər, bu çətinliyi aradan qaldırmaq üçün müxtəlif iqtisadi tədbirlər gördülər. Məsələn, qardaş Türkiyədə inflyasiya göstəricisi 50 faizdən yuxarı, hətta bəzi dövrlərdə 70 faiz səviyyəsinə çatmışdı. Bu, sadəcə regionda deyil, qlobal səviyyədə böyük bir problem idi”.

Ekspert bildirdi ki, 2025-ci ildə, hər hansı qeyri-adi hadisə, yeni böhran və ya pandemiya baş verməzsə, ölkəmizdə ərzaq məhsullarının qiymətində ciddi artımlar gözlənilmir: "Bu qiymətlərin ya indiki səviyyədə qalacağı, ya da müəyyən qədər enə biləcəyi proqnozlaşdırılır. İndiki iqtisadi vəziyyətin stabilləşdirilməsi bu yöndə müsbət addımların atıldığını göstərir.

İnflyasiyaya ən çox təsir edən əsas amillərdən biri ərzaq məhsullarıdır. Meyvə-tərəvəz məhsulları daxili istehsal hesabına təmin edilsə də, digər qida məhsullarının əhəmiyyətli hissəsi xaricdən idxal edilir. İdxal olunan məhsulların qiymətlərindəki dəyişikliklər birbaşa inflyasiyaya təsir göstərir. Bu proses iqtisadiyyatda “idxal inflyasiyası” kimi tanınır.

Əgər qarşıdakı il ərzində heç bir fors-major hal baş verməzsə, ərzaq məhsullarında qiymət artımları müşahidə olunmayacaq. Əksinə, bəzi sahələrdə qiymətlərin azalması belə mümkündür”.

 

 

 

1Sources