Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 4 sentyabr 2024-cü ildə Xəzər rayonunun Qala qəsəbəsində baş verib. Osman yaşadıqları nömrəsiz fərdi evdə arvadı Könül ilə şəxsi münasibətlərin pozulması zəminində baş vermiş ailə münaqişəsi zamanı əli ilə qəsdən onun bədən nahiyəsinə zərbə endirib. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Hadisəni törədən Osmanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Osman ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 2023-cü ildə Könül ilə ailə həyatı quraraq rəsmi nikaha daxil olub: “Birgə nikahımızdan bir övladımız var. Məlum hadisə günü yaşadığım evdə olarkən arvadım ilə aramızda mübahisə yarandı. Mübahisəyə səbəb mənim Könülü mütəmadi olaraq qısqanmam olub. Aramızda qısqanclıq zəminində mübahisə baş verib.
Mübahisə zamanı mən qəsdən əlim ilə vuraraq ona bədən xəsarəti yetirdim”.
Bu cinayət işinə Xəzər Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmündə göstərilib ki, təqsirləndirilən şəxslə zərərçəkmiş barışıb, zərərçəkmiş şəxs onu bağışlayıb. Bu səbəbdən Osmanın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli
Demokrat.az