EN

Bakıda “Media savadlılığı” konfransı keçirildi - FOTO

Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı ilə dekabrın 17-də Bakıda \"Media savadlılığı” konfransı keçirilib.

\"Media savadlılığı” Həftəsi çərçivəsində təşkil olunmuş konfransın açılış mərasimində çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov media savadlılığının artırılmasının kifayət qədər miqyaslı və cəmiyyətin bütün seqmentlərini əhatə edən davamlı proses olduğunu, dövlət qurumlarının, medianın və cəmiyyətin ünsiyyətinin sağlam prinsiplər əsasında qurulmasının, effektiv kommunikasiyasının vacibliyini, medianın məzmun istehsalında peşəkarlığının yüksəldilməsinin bu istiqamətdə mühüm əhəmiyyət daşıdığını bildirib.

Audiovizual Şuranın sədri İsmət Səttarov çıxışında media savadlılığının ehtiyac duyulan məlumatı tapmaq, qiymətləndirmək və ondan səmərəli istifadə etmək bacarığı olduğunu diqqətə çatdırıb. O bildirib ki, informasiyanı anlamaq, tənqidi düşünmək, jurnalistikanın prinsiplərini mənimsəmək, medianın necə fəaliyyət göstərdiyini başa düşmək, mediada yayılan məlumat və hadisələrin heç də həmişə reallığı əks etdirmədiyinin fərqində olmaq media savadlılığının əsasını təşkil edir.

Mərakeş Krallığının Audiovizual Kommunikasiyalar üzrə Ali Qurumunun sədri Lətifə Axarbaş isə müasir dövrdə elektron informasiya cəmiyyətinin sürətlə genişlənməsi və rəqəmsal mühitdə məlumatlara asan çıxışın təmin edilməsi ilə əlaqədar auditoriyanın xəbərin doğru və etibarlı tərəfini müəyyənləşdirməkdə çətinliklərlə üzləşdiyini vurğulayaraq, media savadlılığının artırılmasının əhəmiyyətindən danışıb.

Daha sonra cari ilin iyulunda keçirilmiş 2-ci Şuşa Qlobal Media Forumunda dezinformasiya və media savadlılığı ilə bağlı səsləndirilən fikirlərin yer aldığı videoçarx təqdim edilib.

Prezident mükafatçısı və texno-bloqer Tariyel Ağazadə dezinformasiyanın aşkarlanması ilə bağlı \"Tools and Techniques” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda müasir dövrün ən böyük problemlərindən biri olan saxta xəbərlərin müəyyən edilməsi üçün istifadə olunan texnologiya və metodlar auditoriyanın diqqətinə çatdırılıb.

Təqdimatdan sonra \"Rəqəmsal dövrdə gənclər və media savadlılığı\" mövzusunda panel sessiya təşkil olunub, mövzu ətrafında çıxışlar dinlənilib.

Tədbir çərçivəsində, həmçinin \"Media savadlılığı\" mövzusunda keçirilən sorğunun qalibləri mükafatlandırılıb.

Konfrans işini \"Süni intellek və media savadlılığı” və \"Təhsildə media savadlılığı\" mövzularında dəyirmi masalarla yekunlaşdırıb.

Qeyd edək ki, konfransda aidiyyəti dövlət qurumlarının və özəl təşkilatların, akademik müəssisələrın, media və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, həmçinin sahə üzrə yerli və xarici ekspertlər, 500 nəfərə yaxın Azərbaycan könüllüsü və gənci iştirak edib.

Xatırladaq ki, media savadlılığının artırılması və təşviqi məqsədilə Media savadlılığı platforması da fəaliyyət göstərir.
 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Chosen
36
27
azxeber.com

10Sources