EN

İnklüziv siniflərdə müəllimin xüsusi köməkçisinin olması onun yükünü azalda bilər - ARAŞDIRMA

İnklüziv təhsil cəmiyyətdə, təhsil sistemində, valideynlər arasında birmənalı qarşılanmayan məsələdir. Sağlamlıq imkanları məhdud uşaqların digərləri ilə birlikdə təhsilini təşkil edən inklüziv təhsil proqramının üstünlükləri ilə yanaşı, valideynlər arasında narahatlıq yaradan məqamlar da var.

APA inklüziv təhsilin prinsipləri, təşkili qaydaları, burda iştirak edən bütün tərəflərin rolu, mövcud problemlər və onların həll yollarını araşdırıb.

“İnklüziv təhsil bütün uşaqların – dilindən, dinindən, irqindən və sağlamlıq imkanlarının məhdud olmasından asılı olmayaraq, birlikdə təhsilə cəlb olunması anlayışıdır”.

Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin sektor müdiri Anar Xələfov inklüziv təhsilin hansı prinsiplərlə təşkil edildiyi barədə danışarkən deyir.

Anar Xələfov bildirir ki, müxtəlif ölkələrdə bəzi qruplar cəmiyyətdən təcrid olunublar. Elə ölkələr var ki, orada immiqrant uşaqları həmin ölkənin dilini bilmədikləri üçün təhsildən kənarda qalırlar və ya kiçik xalqların nümayəndələri kənardan qaldıqları üçün onlara inklüziv təhsil təşkil edilir:

“Bizim ölkədə - Azərbaycanda isə inklüziv təhsil sağlamlıq imkanları məhdud uşaqları əhatə edir. Onlar əvvəllər bütün postsovet məkanında xüsusi məktəblərdə təhsilə cəlb olunurdular.

Mövcud qanunvericilik və BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasına əsaslanaraq hazırda məhz sağlamlıq imkanları məhdud bütün uşaqların inklüziv təhsilə cəlb edilməsi istiqamətində iş gedir.

Ölkəmizdə dilindən, dinindən, milliyətindən asılı olmayaraq, bütün uşaqlar ümumi təhsilə cəlb olunurlar. İnklüziv təhsilin hədəf qrupu əsasən sağlamlıq imkanları məhdud olan uşaqlardır.

Əvvəllər xüsusi müəssisələrdə təhsil alan sağlamlıq imkanları məhdud uşaqların hazırda ümumi təhsil məktəblərinə cəlb edilməsi, onların həmyaşıdları ilə birlikdə təhsil almasını təmin etmək məqsədilə inklüziv təhsil həyata keçirilir”.

Deputat Nigar Məmmədova deyir ki, inklüziv təhsil hər bir şagirdin unikallığının tanınması və hörmət edilməsinə əsaslanan təhsil sistemidir. Onun əsas vəzifəsi fiziki və sosial vəziyyətindən, psixoloji xüsusiyyətlərindən asılı olmayaraq hər bir insan üçün uyğun, rahat mühit təmin etməkdir:

“Belə bir sistemdə təhsil prosesinin şagirdlərin ehtiyaclarına uyğunlaşdırılmasına, biliklərin əldə edilməsi və bacarıqların inkişafı üçün bərabər imkanların təmin edilməsinə diqqət yetirilir. Yəni xüsusi yanaşma tələb olunur. Belə bir təhsil sistemində uşağı standart sistemə alışdırmaqdansa, təhsil prosesinin hər bir uşağın ehtiyaclarına uyğunlaşdırılmasına diqqət yetirilir. Nəticə etibarı ilə uşaqlar məktəb icmasının bir hissəsinə çevrilir, digər şagirdlərlə qarşılıqlı əlaqədə olur və məktəbin həyatında iştirak etmək imkanı qazanır. Adi məktəbdə oxumaq onlara ailə bağlarını qorumağa, yaxınlarının daimi dəstəyini hiss etməyə imkan verir. Hazırda ailələr də daha çox inklüziv təhsilə üstünlük verirlər”.

Pedaqoqların yanaşmasına gəlincə, Nigar Məmmədova deyir ki, ilk növbədə, əlilliyi olan uşağı tələsdirməmək və onun üçün əlverişli olan tempdə tapşırıqları yerinə yetirməsinə imkan yaratmaq vacibdir:

“Ləngliyi və gecikmələri vurğulamaq uşağın öyrənməyə marağına mənfi təsir göstərə bilər. Müəllim tapşırıqların həcmini və mürəkkəbliyini təyin edərkən hər bir şagirdin inklüziv təhsilinin fərdi xüsusiyyətlərini nəzərə almalıdır. Pedaqoqnun peşəkar yanaşması stressi aradan qaldırmağa, olanların diqqətini yönləndirməyə kömək edir.

Bir çox əlil uşaqlar öz istəklərini yüksək səslə ifadə edirlər. Müəllimin vəzifəsi uşağa bunu sakit şəkildə etməyi öyrətməkdir. Eyni zamanda uşaqları məcbur etmək yox, onların təhsil prosesinə marağını inkişaf etdirmək və özlərinin başa düşməsini təmin etmək vacibdir.

Tapşırıqlar elə olmalıdır ki, şagirdlər hədsiz stress və maraq itkisi olmadan onların öhdəsindən gələ bilsinlər. Çox çətin olan tapşırıqlar uşaqlarda stress və psixoloji problemlər yarada bilər”.

Təhsil eksperti Ramin Nurəliyev də qeyd edir ki, müəllimlər bu siniflərdə müəyyən çətinliklərlə rastlaşa bilirlər. Buna görə də, əgər sinifdə müəllimin xüsusi bir köməkçisi olarsa, bu, onun işini yüngülləşdirər.

Təhsil ekspertinin sözlərinə görə,inklüziv təhsildə əsas yük müəllimin üzərinə düşür və müəllim seçimi əhəmiyyətlidir:

“Belə ki, valideyn müraciətləri və sosial mediadakı məlumatlar müəllimlərin bu siniflərdə müəyyən çətinliklərlə rastlaşdıqlarını deməyə əsas verir. “Təhsil haqqında” Qanunda əks olunub ki, müəllim sinifdə bu uşaqlara qarşı daha həssas yanaşmalıdır. Bu isə sinifdəki digər uşaqlarda qısqanclığa səbəb ola bilər. Nəticə etibarilə inklüziv təhsilə cəlb olunmuş uşaqlar digərləri tərəfindən təzyiqlərə məruz qala bilərlər. Eyni zamanda, müəllimin inklüziv təhsilə cəlb edilmiş uşaqlarla xüsusi məşğul olması da digər şagirdlərin valideynlərində narazılıq yarada bilər”.

İnklüziv siniflər hansı prinsiplərlə, necə təşkil edilir, bu siniflərlə çalışan müəllimlər hansı göstəricilər, keyfiyyətlər əsasında seçilir?

İnklüziv təhsilin təşkili Nazirlər Kabinetinin 11 fevral 2023-cü il, 43 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnklüziv təhsilin təşkili Qaydası” əsasında təşkil edilir.

Ərazidə inklüziv təhsilə cəlb ediləcək sağlamlıq imkanları məhdud uşaqlar aşkarlanır və ən yaxın məktəbdə inklüziv sinif təşkil edilir.

Müəllimlərin seçimində isə diaqnostik qiymətləndirmə, sertifikasiya nəticələri və ən əsası, istək nəzərə alınır.

Anar Xələfov diqqətə çatdırır ki, 2024-2025-ci tədris ilində ölkədə artıq 67 məktəbdə inklüziv təhsil təşkil olunub. Bu yalnız Bakıda deyil, bölgələrdə də təşkil olunur: “Məktəbin inklüziv təhsilə qoşulmasının uyğunluğu, müəllimin özünün istəyi kimi nüanslar mütləq nəzərə alınır. Burada əsas məsələ müəllimin istəyidir. Seçilmiş müəllimlərə Azərbaycan Respublikası Təhsil İnstitutu tərəfindən təlimlər keçilir və bundan sonra artıq həmin müəllimlər inklüziv siniflərdə tədrisə başlayırlar”.

Ramin Nurəliyev vurğulayır ki, bu cür siniflərdə müəllim üçün xüsusi şərait yaradılmalıdır: “Həmin siniflərlə işləmək üçün müəllimə xüsusi bir otaq ayrılmalı, maddi-texniki baza ilə təmin olunmalıdır”.

Dövlət Agentliyinin rəsmisi Anar Xələfov isə bildirir ki, inklüziv təhsil təşkil edilən məktəblərdə uşaqlar üçün xüsusi şərait yaradılır: “Bu, mövcud qanunvericilikdə, o cümlədən “İnklüziv təhsilin təşkili Qaydası”nda da öz əksini tapıb. Fərdi və qrup məşğələlərinin keçirilməsi üçün xüsusi otaq ayrılır, loqoped-müəllim işə götürülür. Dərsdən əlavə uşağın korreksiyaedici məşğələləri də bu otaqlarda həyata keçirilir”.

“Sağlamlıq imkanları məhdud şəxslərin təhsili haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, xüsusi təhsilin məqsədi sağlamlıq imkanları məhdud şəxslərə zəruri bilik, bacarıq və vərdişlər aşılmaqla onların cəmiyyətə uyğunlaşmasını, əmək fəaliyyətinə və ailə həyatına hazırlanmasını təmin etməkdən ibarətdir. Təhsil sahəsində mövcud normativ hüquqi aktlara əsasən, sağlamlıq imkanları məhdud uşaqların məktəbəqədər, ümumi və peşə təhsili müəssisələrinə cəlb olunması yerli təhsil idarəetmə orqanlarının nəzdində fəaliyyət göstərən psixoloji-tibbi-pedaqoji komissiyaların qərarına görə həyata keçirilir. Komissiyanın qərarı olmadan uşaqların məktəbəqədər, ümumi və peşə təhsili müəssisələrinə qəbulu yolverilməzdir. Sağlamlıq imkanları məhdud uşağın təhsilə cəlb olunması üçün valideyn yaşayış yeri üzrə yerli təhsili idarəetmə orqanına müraciət etməlidir.

Korreksiyaedici pedaqoqlar kimlərdir, onların inklüziv təhsildə funksiyaları nələrdir?

Səbail rayon 163 nömrəli məktəbin korreksiyaedici pedaqoqu Ləman Səmədzadə deyir ki, məktəblərə göndərilən korreksiyaedici pedaqoqların vəzifəsi inklüziv siniflərdə müəllimin sinif daxilində rastlaşdığı problemlərin həllinə yardımçı olmaqdır: “Uşaqlarla bağlı hər hansı bir problem yaranarsa, mümkünsə sinif daxilində, mümkün deyilsə, sinifdən xaric – bizim üçün ayrılmış korreksiyaedici otaqlarda onlarla işləyirik.

Korreksiyaedici pedaqoqların iş keyfiyyətinin yüksəldilməsində ARTİ və UNİCEF-in birgə təşkil etdiyi təlimlər, Təlimə Dəstək Mərkəzi tərəfindən keçirilən təlimlər, eləcə də mentorların dəstəkləri xüsusi rol oynayır.

Valideynləri məlumatlandırmaq da bizim öhdəmizdədir. Biz valideynlərlə söhbətləşib inklüziv təhsilə cəlb olunmuş uşaqlara və onların valideynlərinə yanaşma tərzinin dəyişdirilməsinə çalışırıq”.

Ləman Səmədzadənin sözlərinə görə, inklüziv siniflərdə müəllimlər bəzi çətinliklərlə üzləşir. Amma bunun səbəbi heç də həmişə əlilliyi olan uşaqlar deyil: “İnklüziv təhsilə cəlb edilmiş uşaqlar əlilliyi olan uşaqlardır. Nisbətdə götürsək, istər dərsə davamiyyəti, istər də sinifdə özünü aparması baxımından bu uşaqlar daha rahatdırlar, nəinki əlilliyi olmayan digər uşaqlar. Təbii ki, bu uşaqlar da bəzən hansısa narahatlıqlar yarada bilirlər. Autizm spektr pozğunluğu olan uşaqlar dərs prosesində davamlı olaraq eyni bir sözü təkrarlaya bilirlər. Bu zaman müəllim dərsin gedişini ona uyğunlaşdıraraq təşkil edir. Əgər bu alınmırsa, onda korreksiyaedici pedaqoq artıq sinifdən kənarda, xüsusi otaqda müxtəlif metodlardan istifadə edərək məşğul olur, yenidən dərsə adaptasiyanı təşkil edir.

Bu uşaqlar xüsusi komissiyanın rəyi əsasında təhsilə cəlb olunurlar, yüngül diaqnozlarla gəldikləri üçün özlərini idarə etməkdə, dərsdə iştirakda xüsusi bir problem yaratmırlar, təlimə yönümlü olurlar, öyrənməyə həvəslidirlər.

Hər hansı bir narahatlıq, problem olarsa, artıq biz – korreksiyaedici pedaqoqlar dövrəyə giririk və uşaqlarla məşğul oluruq.

Müəllim dərsi izah edərkən, uşaqlarla məşğul olarkən biz müdaxilə etmirik. Sadəcə ehtiyac yarandığı halda kömək edirik”.

Sağlamlıq imkanları məhdud uşaqların təhsili və gələcəkdə cəmiyyətə inteqrasiyasında əsas yük valideynin üstünə düşür. Valideynlər bəzi hallarda uşaqlarının gələcəkdə cəmiyyətə uğurla, sosial inteqrasiya olunacağına inamsız yanaşırlar. Buna görə də, o uşaqların təhsilinə həvəsli olmurlar.

Samirə Məmmədovanın oğlunun sağ əlində anadangəlmə qüsur var. Sağ əlinin barmaqları yoxdur. Gözündə də bir az problem var, eynək istifadə edir.

O deyir ki, övladı belə bir sinifdə oxuduğu üçün çox sevinir. Uşağının digər uşaqlarla qaynayıb-qarışması, özünü kimdənsə zəif hiss etməməsi valideyn üçün vacibdir: “Oğlum birinci sinifdə oxuyur. Özünü sərbəst idarə edir, uşaqlarla rahat ünsiyyət qurur, müəllimlərin dediyinə görə, ağıllı uşaqdır, dərslərində fəaldır.Əvvəllər əlinin niyə belə olması barədə müxtəlif suallar verirdi. Amma məktəbə gedəndən sonra özünü olduğu kimi qəbul edib.

Hamı onu olduğu kimi qəbul edir, uşaqlar ona qəribə baxmır deyə bu mənim oğlum üçün artıq adiləşib. Bu, inklüziv sinifdə, digər uşaqlarla birlikdə təhsil almasının nəticəsidir”.

Samirə Məmmədova bununla belə, onu da qeyd edir ki, bəzən sinifdə xoşagəlməz məqamlar da olur: “Əlilliyinə görə Həsənə lağ edənlər olurdu, başqa bir uşaq onun eynəyini çıxardırdı. Bəli, belə hadisələr olurdu. Müəllimlə, məktəblə və uşaqların valideynləri ilə söhbət etdim və bu hallar aradan qalxdı. Bu cür hadisələr uşaqdan çox valideyn kimi məni narahat edir. Bir valideyn olaraq mənim ən böyük istəyim odur ki, inklüziv sinif olan və olmayan – bütün məktəblərdə valideynlərlə, uşaqlarla söhbətlər aparılsın, izah edilsin ki, bu siniflərdə təhsil alan uşaqlara qarşı başqa münasibət göstərmək olmaz, etik deyil. Bu hallar həm həmin uşağa, həm də valideynə pis təsir edir”.

Anar Xələfov isə deyir ki, inküziv təhsildə valideynin əməkdaşlıq istəyi, uşağının təhsil almasına olan həvəsi xüsusi əhəmiyyət daşıyır: “Məktəb daxilində valideynlər üçün təlimlər, maarifləndirici söhbətlər, görüşlər həyata keçirilir. Təhsil İnstitutu da həmçinin mentorluq fəaliyyəti təşkil edir. Qeyd edək ki, sağlamlıq imkanları məhdud uşaqların valideynləri fərdi tədris planının hazırlanmasında bilavasitə iştirak edirlər. Valideyn Fərdi Tədris Planını təsdiqlədikdə həmin plan icra olunur”.

Milli Məclisin deputatı Elnarə Akimova bildirir ki, bu məsələ parlamentdə də müzakirə edilib: “İnklüziv siniflərdə müəllimin xüsusi köməkçisinin olması müəllimin yükünü azalda bilər. Eyni zamanda, bu həm də müəllimin uşaqlara diqqətinin artmasına səbəb olar.

Bu uşaqlar xüsusi diqqət və qayğı tələb edir. Onlara yetəri qədər diqqət göstərmək isə vaxt baxımından müəllimin potensialını aşan bir mövzudur. Məqamı düşəndə Milli Məclisdə mən özüm yenidən bu məsələni qaldıracağam”.

Sektor müdiri Anar Xələfov isə mövcud qaydaları Elm və Təhsil Nazirliyinin təklif etdiyini və qərarı Nazirlər Kabinetinin təsdiqlədiyini xatırladır: “Biz beynəlxalq və yerli təcrübəyə əsaslanaraq, büdcəyə uyğun şəkildə fəaliyyəti təşkil edirik. Müəllim köməkçisinin təkcə inklüziv siniflərdə yox, adi siniflərdə də olması dünya praktikasında tətbiq edilir. Siniflərdə müəllim asistenti olur və təlim müddətində müəllimə kömək edir. Biz öz təcrübəmizdə sinifdə uşaqların sayını azaltmaqla müəllimin işini yüngülləşdirməyə çalışırıq. İnklüziv siniflərdə qaydalara əsasən uşaq sayı adi siniflərlə müqayisədə az sayla komplektləşdirilir. Bu siniflərdə iyirmi tipik, maksimum iki nəfər də sağlamlıq imkanı məhdud uşaqlar olur. Eyni zamanda, loqoped-müəllim də uşaqla həm fərdi, həm sinif daxilində məşğul olur. İnklüziv təhsilin kökündə komanda işinin aparılması dayanır. Bu işdə müəllimlərin, məktəb psixoloqunun, loqopedin, direktorun, valideynlərin, bir sözlər, hər kəsin bir rolu var”.

Nigar Məmmədova qeyd edir ki, inklüziv təhsildə də əsas iş sinifdə şagirdlə müəllimin qarşılıqlı əlaqəsi zamanı baş verir:

“Ona görə inklüziv sinifdə olan pedaqoq hazırlıqlı olmaqla yanaşı, onun da əlavə təlim və dəstəyə ehtiyacı var. Cəmiyyətin kiçik yaşlı üzvlərinə inklüzivlik konsepsiyasını məktəb yaşlarından tədris etmək şərtdir. Azərbaycan təcrübəsinə uyğun olaraq deyə bilərəm ki, ilk pilot layihə dövlət məktəblərində tətbiq edilib və bütün müəllimlər inklüziv təhsillə bağlı onlayn təlimlərə cəlb olunub. Hazırda inklüziv siniflərdə tədris 1 müəllim və 1 köməkçi tərəfindən aparılır. Ümumilikdə isə inklüziv siniflər 25 nəfərdən ibarətdir və onlardan bir neçə nəfəri xüsusi qayğıya ehtiyacı olan uşaqlardır. Həmin uşaqlar isə xüsusi komissiyanın rəyi əsasında seçilir. Belə ki, seleksiya vaxtı uşaqların həssaslıq dərəcəsi mütləq nəzərə alınır.

Bir sıra özəl məktəblərdə isə inklüziv siniflərdə müəllim, köməkçi, eyni zamanda psixoloq və ya tyutor işləyir. Burada eyni zamanda xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün ümumi məktəb üzrə bir nəfər koordinatorun da fəaliyyətindən istifadə olunur.

Ümumiyyətlə, inklüziv təhsilin tətbiqi zamanı ilk növbədə, məktəb rəhbərliyi müəllimlərin işində prioritetləri müəyyən edir. Təbii ki, psixoloji cəhətdən çeviklik, mövcud bilikləri mütəmadi olaraq yenidən nəzərdən keçirmək də əsas şərtdir. Beynəxalq təcrübəyə əsasən inklüziv siniflərdə tədris köməkçiləri və psixoloqlarla yanaşı, bəzən loqopedlər və davranış terapevtlərinin dəstəyinə də ehtiyac duyulur.

Məktəblərdə inklüziv təhsil haqqında məlumatlılığın artırılması praktikasının tətbiqi, bu biliklər blokunun bütün müəllimlərin təlim proqramlarına daxil edilməsi vacibdir.

Bütövlükdə inklüziv prosesin bütün iştirakçılarının münasibətləri sistemli şəkildə yenidən qurulur. Bu da müəllimlərin şagirdlərlə, valideynlərlə qarşılıqlı əlaqəsini, etibarlı münasibətləri nəzərdə tutur. Mənim şəxsi formuluma görə qayğı, müdafiə və empatiyə ehtiyacı olan qruplar həssas əhali qruplarıdır.

İnklüziv siniflərin sayını artırmaqla həssas qruplardan olan və ya xüsusi qayğıya ehtiyacı olan övladlarımızın cəmiyyətə inteqrasiyasını da sürətlə təmin etmiş olarıq”.

Ləman Səmədzadə vurğulayır ki, korreksiyaedici pedaqoq müəllim köməkçisi və ya köməkçi müəllim deyil: “Biz məktəblərdə inklüziv təhsil layihəsi haqqında maarifləndirmə, məlumatlandırma həyata keçirən və dərs prosesində müəllim çətinliklə üzləşərsə, ehtiyac yarandığı halda uşaqlarla işləyən pedaqoqlarıq. Bu isə müəllimə kömək yox, uşağa dəstək məqsədi daşıyır”.

Anar Xələfov universitetlərdə olan korreksiyaedici ixtisaslar, müəllimlərin təlimlərə cəlb edilməsinin inklüziv təhsil proqramını tam əhatə edə bilirmi, yoxsa universitetlərdə inklüziv təhsillə bağlı ayrıca ixtisas yaradılmasına ehtiyacın olub-olmamasına da aydınlıq gətirib: “Artıq 4 ildir ki, universitetlərimizdə bütün pedaqoji ixtisaslar üzrə hazırlıqda inklüziv təhsil fənni tədris olunur. Əvvəllər bu seçmə fənn kimi tədris edilirdi, indi isə əsas fənn kimi götürülür və bütün pedaqoji ixtisaslarda tədris olunur.

Eyni zamanda, hazırda üç universitet korreksiyaedici təlim ixtisası üzrə mütəxəssis hazırlayır. Bu ixtisas üzrə təhsil alanlar gələcəkdə öz pedaqoji fəaliyyətlərində inklüziv təhsilin həyata keçirilməsində böyük rola sahib olacaqlarından bu fənn üzrə daha dərindən hazırlanırlar. Bu səbəbdən fənn müəllimlərinin hazırlanmasında inklüziv təhsil bir semestrə 60 saat tədris olunduğu halda, korreksiyaedici təlim ixtisası üzrə təhsil alanlara 75 saat vaxt ayrılır. İnklüziv təhsili ümumi təhsilin xüsusi təhsillə əməkdaşlığı, birgə işinin təşkili kimi başa düşmək lazımdır”.

Ölkəmizdə inklüziv təhsilin həyata keçirilməsi təhsil sistemimizin yeni bir müstəviyə keçməsinə, müasir təhsil prinsipləri ilə tənzimlənməsinə şərait yaradır.

Tədrisin xüsusi məktəblərdə, ümumtəhsil məktəblərində və lisey-gimnaziyalarda təşkili, hər qrup üçün ayrı-ayrılıqda tədris proqramının tərtib olunması – seqreqativ, “təlimin xarici diferensiallaşması” adlanır.

Yəni, xüsusi məktəblərdə daha sadə tədris sistemi, ümumi təhsil müəssisələrində orta səviyyəli, lisey və gimnaziyalarda isə daha zəngin tədris metodikası təşkil edilir.

Bu, köhnə pedaqoji yanaşmadır. Xarici diferensiallaşma uşaqların ailədən uzaqda, xüsusi internat tipli məktəblərdə təhsilinə aparıb çıxarır. Bu da gələcəkdə uşaqların cəmiyyətdə sosiallaşması, ailə dəyərlərində problemlər kimi müxtəlif çətinliklər yarada bilir.

Müasir pedaqoji yanaşma isə bütün qrupların birlikdə təhsil almasını dəstəkləyir. Bu, artıq inklüziv, “təlimin daxili diferensiallaşması” adlanır.

Yəni, bir sinifdə həm çətinliyi olan, həm orta səviyyəli, həm də xüsusi istedadlı uşaqların təhsilini əhatə edə bilmək nəzərdə tutulur.

İnklüziv təhsil uşaqların ailədən, öz icmasından kənar düşmədən, ailədə yaşamaq imkanını təmin etməklə onlara təhsil hüququ verən bir yanaşmadır.

İnklüziv təhsil sağlamlıq imkanları məhdud uşağın keyfiyyətli təhsil almaq hüququnun təmin olunması ilə yanaşı, onun ailədə və öz icmasında yaşamaq hüququnu təmin edir.

BMT-nin “Uşaq hüquqları haqqında Konvensiyası”, Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu da uşaqların bu haqlarını tanıyır.

Müasir təhsil prinsipləri bütün uşaqların yaşadıqları əraziyə yaxın məktəblərdə, digər uşaqlarla bilikdə, hər bir uşağın öz ehtiyaclarına uyğun şəkildə və ailədən ayrılmadan təhsil almağını dəstəkləyir.

Ümumilikdə, ölkə ərazisində 67 ümumtəhsil məktəbi inklüziv təhsil həyata keçirir, bu məktəblərdə 362 nəfər sağlamlıq imkanları məhdud şagird ümumi siniflərdə digər həmyaşıdları ilə birgə təhsilə cəlb olunublar.

Onların ümumi sinifdə təhsilə cəlb olunmalarına baxmayaraq, hər birinin keyfiyyətli və ölçülə bilən təhsil alması üçün Fərdi Tədris Planları hazırlanır və ildə iki dəfə bu planlar yenilənir.

Fərdi tədris planlarının hazırlanmasında rayon-şəhər psixoloji-tibbi-pedaqoji komissiyaların uşaqların funksionallığının qiymətləndirməsinin nəticələri istifadə olunur. Uşaqların xüsusi təhsil ehtiyaclarının müəyyənləşdirilməsi üçün komissiya üzvləri Ümumi Dünya Səhiyyə Təşkilatı tərəfindən hazırlanmış “Funksionallığın Beynəlxalq Təsnifatı (Uşaqlar və Gənclər)” göstəricilərindən istifadə edirlər.

Həm də DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin rəhbəri olmuş deputat Nigar Məmmədova Mərkəzin əlilliyi olan istedadlı uşaqlara yaratdığı imkanlar, təmin etdiyi fəaliyyətlər haqqında da məlumat verib:

“Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılan, Cənubi Qafqazın ilk və ən böyük yaradıcılıq məkanı olan Mərkəzin fəaliyyətinin əsas məqsədi sosial cəhətdən həssas əhali qruplarından olan, o cümlədən əlilliyi olan şəxslər, şəhid ailəsi üzvləri, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və onların uşaqları, valideyn himayəsindən məhrum və valideynini itirmiş uşaqlar, aztəminatlı ailələrin üzvləri sırasından istedadlı şəxslərin yaradıcı potensialının üzə çıxarılmasına, onların sosial inkişafına və cəmiyyətə inteqrasiyasına dəstək göstərməkdir.

Burada sosial cəhətdən həssas əhali qruplarına daxil olan şəxslər 14 müxtəlif yaradıcılıq istiqaməti - floristika, bədii oyma, xalçaçılıq, musiqi, rəqs, təsviri incəsənət, keramika və sair üzrə təlim, habelə tədris prosesinə cəlb olunmuş, o cümlədən sosial pedaqoji və psixoloji dəstək xidmətlərindən yararlanmaqdadır. Burada tədbir, habelə sərgi, konsert proqramları, tamaşa və film nümayişləri həyata keçirilir. Qeyd edim ki, bu tədbirlərin təşkilində həssas qruplardan olan benefisiarların cəlb olunmasına xüsusi diqqət ayrılır.

Mərkəzdə müxtəlif kateqoriyadan olan benefisiarlar həm də təlimlərə cəlb olunur. Əslində burada təşkil olunan qrupları da inklüziv qruplar kimi qiymətləndirmək olar.

Təsadüfi deyil ki, inklüzivlik regionlarda da geniş təşviq olunur. Ötən ilin noyabrında istifadəyə verilən “DOST EVİ” filialında da müxtəlif yaradıcılıq istiqamətləri üzrə təlimlər keçirilir. İsmayıllı və ətraf bölgələrdən həssas əhali qruplarından olan şəxslər filialın xidmətlərindən faydalanır.

Ümumilikdı qeyd etmək istəyirəm ki, inklüzivlik dünyəvi anlayışdır. Bu, cəmiyyətdə hər kəsə bərabər imkanlar tanımaqdan daha güclü konsepsiyadır. Ölkənin bütün təbəqələri cəmiyyətin ayrılmaz hissəsidir. İnklüzivliyin və bərabərliyin təmin edilməsi heç kimi kənarda qoymamaq, hamını əhatə etmək şərtilə konkret, kollektiv, məqsədyönlü tədbirlər görmək fürsətidir.

Dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət isə davamlı və sürətli inkişaf deməkdir”.

Anar Xələfovun sözlərinə görə, cəmiyyətdə hələ bu məsələ tam qəbul edilməyib: “Cəmiyyəti buna hazırlamaq üçün yavaş-yavaş addımlamağa məcburuq. Bu prosesi birdən-birə, xaotik formada həyata keçirməklə uğurlu nəticə əldə etmək mümkün deyil. Bizdə inklüziv təhsili həyata keçirmək üçün tam normativ-hüquqi bazamız var, getdikcə məktəblərimizin sayı da artır.

Növbəti ildən artıq məktəbəqədər təhsildə də inklüziv təhsilin həyata keçirilməsinə dair layihənin hazırlanması planlaşdırılır.

Eyni zamanda, məktəbdənkənar mərkəzlərdə də sağlamlıq vəziyyəti məhdud uşaqların digər uşaqlarla birlikdə fəaliyyətini təmin etmək planlaşdırılır”.

Chosen
37
apa.az

1Sources