Azərbaycan ordusunun 44 günlük müharibədə uğurla tətbiq etdiyi “Bayraktar TB2” pilotsuz uçan aparatları Ermənistanın gündəmindən düşmək bilmir.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin “Star” qəzeti yazır.
Nəşr bildirir ki, Türkiyənin “Baykar” texnologiya şirkəti tərəfindən hazırlanan “Bayraktar” dünyada minlərlə dəfə quqlda (Google) axtarılıb. Məlum olub ki, ermənilər də bu axtarış sistemində ən çox TB2 ilə maraqlanırlar. Ermənistanda quqlda ən çox axtarılan sözlər arasında “Bayraktar TB2” birinci yerdədir. Quql məlumatları da bunu təsdiqləyib.
Ermənistanda ən çox maraq doğuran mövzulardan birinə çevrilən “Bayraktar”lar 2020-ci ildə Azərbaycanın qələbəsi ilə başa çatan müharibədən sonra gündəmə gəlib. Ermənilər bu tarixdən sonra Quql-da ən çox TB2 ilə maraqlanarkən, bu axtarışlar Ermənistanla Azərbaycan arasındakı müharibənin zirvədə olduğu 4-10 oktyabr tarixlərində pik həddə çatıb.
“Star” vurğulayır ki, Türkiyənin texnologiya möcüzəsi ilə bağlı maraq təkcə Ermənistanla məhdudlaşmır. Quqlda TB2-lərlə ən çox maraqlanan ölkələr arasında Türkiyə ilə rəqabətdə olan Yunanıstan da var.