EN

Lukaşenko yenidən Belarus prezidenti olmaq istəyir

Lukaşenko

Belarus prezidenti Aleksandr Lukaşenko gələn ay ölkədə keçiriləcək prezident seçkilərində iştirak etmək üçün namizədliyini rəsmən irəli sürüb.

Reyting.az
xəbər verir ki, seçkilərdə Lukaşenkonun namizədliyi üçün çalışan təşəbbüs qrupunun rəhbəri Yuri Senko etibarnamə və lazımi sənədləri Belarus Mərkəzi Seçki Komissiyasına təqdim edib.

Senko jurnalistlərə deyib ki, Lukaşenkonun namizədliyi üçün ictimaiyyətdən lazımi imzaları toplayıb: “Bu gün mən vəkalətnamə ilə Aleksandr Lukaşenkonun Belarus prezidentliyinə namizəd kimi qeydə alınması üçün sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim etdim”.

Seçki kampaniyasının normal və sakit keçəcəyini bildirən Senkonun sözlərinə görə, bunu imza toplayanda hiss edib.

Xatırladaq ki, Belarusda 26 yanvar 2025-ci ildə keçiriləcək prezident seçkiləri üçün namizədlər ən azı 100 min imza toplamalı və Mərkəzi Seçki Komissiyasına müraciət etməlidirlər. Namizədlik üçün müraciətlər dekabrın 21-də başa çatacaq.

Lukaşenkodan başqa Belarus Liberal Demokrat Partiyasının lideri Oleq Qaydukeviç, Ədalət və Əmək Partiyasının lideri Aleksandr Hijnyak, Belarus Kommunist Partiyasının birinci katibi Sergey Sırankov və müstəqil iş qadını Anna Kanopatskaya namizədliyini irəli sürüb.

Qeyd edək ki, A. Lukaşenko siyasi həyatına 1989-cu ildə Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) parlament seçkilərində namizəd kimi başlayıb. 1994-cü ildə keçirilən prezident seçkilərində 80 faiz səs toplayan Lukaşenko müstəqil Belarus Respublikasının ilk prezidenti seçilib. İndiyədək keçirilən 6 seçkinin hamısında qalib gələn Lukaşenko sonuncu dəfə 2020-ci il avqustun 9-da keçirilən son prezident seçkilərində səslərin 80,1 faizini toplayıb.

E. KAMAL
Chosen
16
reyting.az

1Sources