EN

"Ermənistanın Fransadan aldığı silahlar revanşist qüvvələri həvəsləndirə bilər"

Ermənistanın müdafiə naziri Suren Papikyanın rəhbərlik etdiyi nümayəndə heyəti Fransaya səfər edib. Səfərin təfərrüatları barədə isə məlumat verilməyib.

Bəs bu səfərin arxasında hansı məqsəd dayanır?

Mövzu ilə bağlı Redaktor.az-a hərbi ekspert Azər Bayramov bildirdi ki, Papikyanın Fransaya etdiyi mütəmadi səfərlərin arxasında əsas məqsəd Ermənistanın sürətli silahlanması dayanır:

"Artıq Fransa tərəfindən Ermənistana müxtəlif növ müasir silah-sursat tədarük edilib. Bu tədarükə yalnız adi silahlar deyil, uzaqmənzilli raketlər, aviasiya texnikası, hava hücumundan müdafiə sistemləri və digər müasir texnologiyalar daxildir. Bununla yanaşı prosesin yalnız silah tədarükü ilə məhdudlaşmadığı da aydın görünür. Fransa həm də bu silahların tətbiqi üçün Ermənistan ordusunu hazırlamaq məqsədilə təlim proqramlarını həyata keçirir. Ermənistan və Fransa arasında əməkdaşlıq yalnız texniki dəstək sahəsində deyil, həm də kadr hazırlığı üzrə dərinləşir. Fransadan gələn hərbi təlimçilər Ermənistan ordusuna müxtəlif növ döyüş hazırlığı keçirlər. Eyni zamanda erməni hərbçilərinin Fransada hərbi təhsil müəssisələrində oxuması üçün də şərait yaradılır. Bu, iki ölkə arasında əməkdaşlığın daha uzunmüddətli məqsədlərə xidmət etdiyini göstərir. Ermənistanın aldığı silahlar sülhə xidmət etmir. Əksinə, bu silahlanma revanşist və təxribatçı meyillərin daha da artmasına səbəb ola bilər".

Azərbaycan

Ekspert qeyd etdi ki, Ermənistana tədarük olunan silahların çoxu müdafiə xarakterli deyil və bu, gələcəkdə təxribatçı fəaliyyətlər üçün risk yaradır.

“Reaktiv yaylım atəş sistemlərinə və bu pillədən olan digər silah sursatlara baxdığımız zaman məhz Ermənistanın gələcəkdə sülhə deyil, məhz təxribatçı fəaliyyətlərinə başlayacağı fikri formalaşdırır. Ermənistanın bu şəkildə silahlanması gələcəkdə daxilidəki revanşist qüvvələri təxribat törətməyə həvəsləndirəcək. Bununla belə, Azərbaycan tərəfi bu prosesləri diqqətlə izləyir və nəzarətdə saxlayır. Ermənistanın aldığı silahlar onların regionda hər hansı üstünlük əldə etməsinə səbəb olmayacaq. İkinci Qarabağ müharibəsi zamanı Ermənistan kifayət qədər müasir silah-sursata sahib idi. Amma Azərbaycan Ordusunun yüksək dəqiqlikli və texnoloji üstünlüyü bu silahların əhəmiyyətini sıfıra endirdi. Ermənistanın arsenalındakı bu silahlar döyüşün ilk saatlarında məhv edildi. Buna baxmayaraq, Ermənistan keçmişin acı nəticələrindən dərs çıxarmayıb və yenidən təxribatçı fəaliyyətlərə cəhd göstərir. Ermənistan tərəfinin gələcəkdə hər hansı təxribatçı addım atacağı təqdirdə, Azərbaycan buna dərhal və qətiyyətlə cavab verəcək. Azərbaycan öz ərazi bütövlüyünü və milli təhlükəsizliyini qorumaq üçün bütün lazımi tədbirləri görməyə qadirdir. Ermənistanın bu cür silahlanması yalnız özünə zərər gətirəcək. Hər hansı təxribatın məsuliyyəti isə tamamilə Ermənistanın və onun havadarlarının üzərinə düşəcək", - deyə Azər Bayramov vurğuladı.

Türkan İSGƏNDƏRLİ

Chosen
13
redaktor.az

1Sources