EN

Mərakeşdə “Dinlərarası harmoniya: dinc birgəyaşayışın təşviqi” mövzusundakı beynəlxalq konfransın açılış mərasimi keçirilib - FOTO

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) və Azərbaycan Respublikasının Mərakeş Krallığındakı Səfirliyinin birgə təşkilatçılığı ilə dekabrın 17-də Rabat şəhərində "Dinlərarası harmoniya: dinc birgəyaşayışın təşviqi" mövzusunda beynəlxalq konfransın açılış mərasimi keçirilib.

Day.Az xəbər verir ki, ICESCO-nun Səfir Ofisinin Dialoq və Mədəni Müxtəliflik Administrasiyasının Xoşməramlı direktoru Səfir Xalid Fəthalrəhmanın moderatorluğu ilə keçirilən açılış sessiyasında əvvəlcə Quran tilavəti səsləndirilib, daha sonra Dövlət Komitəsinin sifarişi ilə hazırlanmış "Həmişə bizimləsiniz!" filmi nümayiş olunub.

ICESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Maliki rəhbərlik etdiyi qurumun konfransın həmtəşkilatçısı olmasından məmnunluq duyduğunu bildirib. Tədbirin dünya ictimaiyyətinin diqqətini sülh və əmin-amanlığı təhdid edən amillərə, xüsusilə dinlərarası ixtilaflara çəkmək üçün əhəmiyyətli platforma olduğunu vurğulayıb.

Baş direktor, həmçinin Prezident İlham Əliyevin fəaliyyəti sayəsində bu gün Azərbaycanın konfessiyalararası, həmçinin məzhəblərarası həmrəyliyin, milli birliyin, mənəvi vəhdətin, dini-mədəni müxtəlifliyin nadir nümunələrini sərgilədiyini deyib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə ICESCO arasında dinc birgəyaşayışın təşviqində əməkdaşlığın gücləndirilməsi, habelə dini icmalar və beynəlxalq aktorlar üçün sülhün möhkəmləndirilməsi istiqamətində platformanın yaradılmasının önəminə diqqət çəkib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov ortaq mədəni, dini dəyərlərin, sülh və əmin-amanlığın, dinc əməkdaşlığın təmin edilməsi məqsədlərinin Azərbaycan və Mərakeş xalqlarını birləşdirdiyini deyib. Komitə sədri İCESCO ilə birgə təşkil edilən tədbirin bu istiqamətdə əldə edilən uğurların, nümunəvi təcrübələrin təbliği və təşviqi baxımından xüsusi əhəmiyyət kəsb edəcəyinə inamını ifadə edib. Bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz İslam aləmində elmin, təhsilin inkişafı, zəngin mədəni irsin qorunması sahəsində böyük işlər görən İSESCO ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir.

Azərbaycanda tarixən müxtəlif dinlərin təşəkkül tapması, tolerantlıq və birgəyaşayış ənənələrinin yayılmasından da bəhs edən R.Məmmədov dünyada multikulturalizmin mərkəzi kimi tanınan, dini-milli zəmində qarşıdurmaların heç vaxt olmadığı ölkəmizin daim dinlərarası, mədəniyyətlərarası münasibətlərə töhfə verən təşəbbüslərlə çıxış etməsindən danışıb. Prezidentin təşəbbüsü ilə Azərbaycanın 2008-ci ildən başlayan "Bakı prosesi" çərçivəsində Mədəniyyətlərarası Dialoq Forumları, Dünya Dini Liderlərinin sammitləri, Bakı Beynəlxalq Humanitar Forumlarına evsahibliyi etdiyini vurğulayıb.

Komitə sədri çıxışında Azərbaycanın Birinci vitse-prezidenti, İCESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dünya əhəmiyyətli tarixi, dini, mədəni abidələrin bərpa edilməsi istiqamətində təşəbbüsləri barədə də məlumat verib.

Əlahəzrət Kral VI Məhəmmədin müşaviri Andre Azuley çıxışında təəssüf hissi ilə bildirib ki, dünya bəzi digər aspektlərdən olduğu kimi, sivilizasiyaların və dinlərin toqquşması baxımından problemlərlə üzləşir. Dinlərarası, hətta məzhəblərarası münasibətlər xeyli dərəcədə gərginləşir, lokal konfliktlərin sayı durmadan artır. Andre Azuley vurğulayıb ki, dünya dövlətləri Mərakeş və Azərbaycanın dinc birgəyaşayış modelindən xəbərdar olmalı, öz daxili və xarici siyasətlərində bu ənənələri tətbiq etməlidirlər.

Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini Rafael Hüseynov İslam sivilizasiyasını birləşdirən ortaq mənəvi dəyərlərə, bir çox xalqın birləşərək yaratdığı müştərək mədəni irsə diqqət çəkib. Bildirib ki, İslam dünyası zəngin və rəngarəng mədəni irsə malikdir. Azərbaycanın tarixin sınaqlarından keçmiş mötəbər dinlər və mədəniyyətlərarası dialoq modelinə, çoxmədəniyyətli mühitlərdə rahat yaşamın doğru yollarını göstərən tarixi təcrübələrinə diqqət çəkən R.Hüseynov qeyd edib ki, ölkəmizdəki konfessiyalar həmişə qarşılıqlı hörmət və anlaşma şəraitində yaşayıblar.

Tədbir çərçivəsində müxtəlif dinlərin zənginliyini və ortaq bəşəri dəyərləri, dinlərarası harmoniyanı əks etdirən "Ortaq bəşəri dəyərlər, müxtəlif dinlər" adlı sərgi nümayiş olunub.

  • Mərakeşdə
  • Mərakeşdə
  • Mərakeşdə
  • Mərakeşdə
  • Mərakeşdə
  • Mərakeşdə
  • Mərakeşdə
  • Mərakeşdə
Chosen
31
4
day.az

5Sources