EN

"Hemofiliya xəstələrinin müalicəsində dövlət dəstəyi həyatları xilas edir" - Pərvin Əkbərov

TƏBİB-in icraçı direktorunun müşaviri Pərvin Əkbərov, 2022-2024-cü illərdə qanın laxtalanma pozğunluğundan əziyyət çəkən vətəndaşlara tibbi yardımın kompleks yanaşmasına dair hesabat konfransında çıxış edib. Əkbərov çıxışında Azərbaycanın səhiyyə sahəsində həyata keçirilən islahatların və dövlət proqramlarının nadir xəstəliklərin, xüsusilə də hemofiliyanın müalicəsində mühüm irəliləyişlərə səbəb olduğunu vurğulayıb.

O qeyd edib ki, son illərdə həm paytaxt, həm də ucqar bölgələrdə tibbi xidmətlərin əlçatanlığı əhəmiyyətli dərəcədə yaxşılaşıb:
"Artıq hemofiliya xəstələrinin müalicəsində istifadə edilən preparatlar dövlət tərəfindən təmin olunur və bu, bir çox xəstənin həyatını xilas edir. Azərbaycanda tibbi xidmətin inkişafı nəticəsində xəstəliklərin erkən diaqnostikası mümkün olub və bu, xəstələr üçün böyük üstünlük təşkil edir."

Pərvin Əkbərov həmçinin hemofiliya xəstələrinin müalicə və reabilitasiyası zamanı rast gəlinən çətinliklərdən danışıb. O vurğulayıb ki, cərrahi əməliyyatlar və reabilitasiya prosesləri müasir yanaşmalarla daha effektiv şəkildə həyata keçirilir. Bununla yanaşı, tibbi xidmətlərin keyfiyyətinin artırılması üçün beynəlxalq standartlara uyğun qayda və protokollar tətbiq olunur.

Əkbərov, TƏBİB-in xarici əlaqələri vasitəsilə qlobal təcrübələrdən faydalandığını və bu təcrübələrin Azərbaycanın səhiyyə müəssisələrində tətbiq olunduğunu bildirib. Sonda o, bölgələrdəki tibbi müəssisələrdə dəstəyi daha da gücləndirmək və müasir planlama vasitəsilə xəstəliklərin müalicə keyfiyyətini artırmaq istiqamətində işlərin davam etdiyini qeyd edib.

"Biz xəstələrə modern yanaşmalar əsasında xidmət göstərmək və onların sağlamlığını qorumaq üçün bütün resurslarımızı səfərbər etmişik," - deyə müşavir çıxışını yekunlaşdırıb.

 

Pərvanə Fərhadqızı

Chosen
28
qht.az

1Sources