EN

Məhkəmə hakimləri ilə bağlı yeni komitə- Məhkəmə-Hüquq Şurası necə olacaq?...

Image

Şəmsəddin Əliyev: “Bu komitənin fəaliyyətə başlaması məhkəmə hakimiyyətinin fəaliyyətində dönüş olacaq”

Azərbaycanda Hakimlərin Qiymətləndirilməsi Komitəsi yaradılır. İlham Əliyev “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” qanunlarda dəyişiklik barədə qanunu imzalayıb.

Dəyişikliyə əsasən, komitə beş il müddətinə 9 nəfərdən təşkil ediləcək: Ali Məhkəmədən, apellyasiya məhkəmələrindən və birinci instansiya məhkəmələrindən eyni sayda olmaqla.             

Bu yenilik məhkəmə hüquq sistemində nə kimi müsbət məsələlərə yol açacaq?

“Prezidentin hər iki qanunda dəyişiklik edilməsi barədə imzaladığı sərəncamın icrası zamanı bu sahədə pozitiv yeniliklərin şahidi ola biləcəyik”

Hüquqşünas Şəmsəddin Əliyev “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Azərbaycan Prezidenti “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” qanunlarda dəyişiklik haqqında sərəncam imzalaması zəruri idi: “Azərbaycanda Hakimlərin Qiymətləndirilməsi Komitəsi yaradılır. Düşünürəm ki, bu komitənin fəaliyyətə başlaması məhkəmə hakimiyyətinin fəaliyyətində dönüş olacaq. Bu düşünülmüş bir addımdır. Burda həm hakimlərin davranış kodeksi öz əksini tapıb, həm də məhkəmələr və hakimlər haqqında qanunda məhkəmələrin hüquqları, vəzifələri, onların prosesual hüquq baxımdan atacağı addımlar, bir sözlə, hər şey ehtiva edilib. Məhkəmələrin müstəqilliyinə  kifayət qədər təminat verilir, şəxsən Prezident onların müstəqilliyinə zəmanət verir. Məhkəmə hakimiyyətin müstəqil bir qoludur. Hakimiyyətin heç bir budağından, yəni nə qanunvericilik hakimiyyətndən, nə icra hakimiyyətindən əsla aslı deyil, heç bir dövlət qurumları onların fəaliyyətinə müdaxilə edə bilməz. Onların dövlət orqanları üçün tapşırıqları məcburi xarakter daşıyır, icra etməlidirlər. Təbii ki, məhkəmələr dövlətin adından akt qəbul edirlər və bu aktın qüvvəyə minməsindən sonra onların icrası hamı üçün məcburi xarakter daşıyır. Məhkəmənin qanunla qüvvəyə minmiş aktlarını icra etməmək cinayət məsuliyyəti yaradır. Bütün bunlara istinad edərək bir peşəkar hüquqşünas və həyat təcrübəsi olan şəxs kimi deyə bilərəm ki, yeni yaradılacaq komitəyə verilən bütün səlahiyyətləri Ali Məhkəməyə, yəni kassasiya instansiya məhkəməsinə vermək yerinə düşərdi. Əvvəl də belə olub. Məhkəmə Hüquq Şurasına verilən o səlahiyyətlər əvvəllər bir az yaxşı qiymətləndirilmirdi, bəzən də müəyyən qədər başqa cür qəbul edilirdi. Deyək ki, hansı rayonda hakim ştatının artırılmasına ehtiyac vardısa o qərarı Məhkəmə Hüquq Şurası verərdi. Yəni ştat vahidində hakim  vəzifələrinin artırılmasına zərurət var, yoxdur, bunu şura müəyyən edirdi. 

Fikir verirsiz, Ali Məhkəmə, Konstitutsiya Məhkəməsi, Apelliyasiya var. Düşünürəm ki, onsuz da bu komitədə səlahiyyətlər həm Ali Məhkəmədən, həm Apelliyasiya, həm də birinci instansiya məhkəməsindən bərabər sayda paylanacaq. Bir növ tarazlıq qorunacaq. Amma bütövlükdə bunun bir məhkəmədə cəmləşməsi, yəni mərkəzləşmiş qaydada idarə olunması hüquqi baxımdan daha səmərəli olardı. Hesab edirəm ki, Avropa Şurasına daxil olan ölkələrə o qədər də fikir verməyək. Yəni bizdə Ali Məhkəmə, kassasiya instansiya məhkəməsi sonuncu instansiyadır. Deyək ki, burda qəbul olunan qərara bəzən o biri məhkəmə instansiyasında o qədər də rəsmi yanaşılmırdı, Apelliyasiya Məhkəməsinin qərarlarından kassasiya şikayəti veriləndə bunlara baxılması zamanı bəzən Ali Məhkəmə Apelliyasiya Məhkəməsinin qərarını ləğv edir və yaxud dəyişdirir, icra üçün yönəldilir. Amma görürsüz ki, Apelliyasiya Məhkəməsi  yenə də əvvəlki qərarını qüvvədə saxlayır, yaxud oxşar bir qərar verir. Yəni düşünürəm ki, bu məhkəmə instansiyaları arasında bir az bir-birinə hörmət etməmə halları da müşahidə olunurdu. Bu sahədə müəyyən xoşagəlməzliklər vardı. 

Ölkə Prezidenti bu sahə ilə bağlı iki qanun imzalayıbsa, bu, zərurətdən irəli gəlib. Hesab edirəm ki, bu təkmil və yekun bir nəticədir, dəstəkləyirəm.

Amma bir hüquqşünas kimi mənim istəyim odur ki, Məhkəmə Hüquq Şurasına və komitəyə  verilən o səlahiyyətlər mərkəzləşdirilmiş qaydada Ali Məhkəməyə verilsin, orada bir neçə şatat vahidi artırmaqla lap elə Apelliyası Məhkəməsindən iki hakim ora dəvət olunacaq, məhkəmə hakimiyyətində stajına və peşəkarlığına görə bir neçə hakim də birinci instansiya məhkəməsindən ora transfer olunacaq. Nəticədə peşəkar bir qrup yaranacaq və qrupa da komitənin fəaliyyət istiqamətlərini, səlahiyyətlərini həvalə etmək olar. Yəni yeni bir qurum yaratmadan, dövlət büdcəsindən hər hansı bir məsrəf ayrılmadan olarsa yaxşı olar. Deyək ki, əvvəllər Ali Məhkəmə kifayət qədər böyük səlahiyyətlərə malik idi, yerlərdə məhkəmələrin fəaliyyətini təftiş edərdi, onların qəbul etdikləri aktların konstitutsiya və prosessual normalara zidd olub-olmadığına baxardı. Doğrudan da, bu normaldı. Təbii ki, sonradan bu dəyişildi. Təsəvvür edin ki, Məhkəmə Hüquq Şurasında bir gün də məhkəmə hüquq sistemində hakim işləməyən adamlar gedib birinci instansiya məhkəməsində, yaxud Apelliyasiya Məhkəməsində hakimlik edən insanların fəaliyyətini təftiş edərdilər. Belə hallar peşəkar hakimlər, hüquqşünaslar tərəfindən narazılıqla qarşılanırdı”. 

Ş.Əliyev hesab edir ki, qanunlara edilən dəyişikliklər bu sahədə mövcud çatışmazlığı aradan qaldıracaq. “Hesab edirəm ki, Prezidentin hər iki qanunda dəyişiklik edilməsi barədə imzaladığı sərəncamın icrası zamanı bu sahədə pozitiv yeniliklərin şahidi ola biləcəyik” - deyə Ş.Əliyev qeyd etdi.

İradə SARIYEVA





Chosen
15
baki-xeber.com

1Sources