Nəqliyyat texnologiyaları Azərbaycanın strateji əhəmiyyətini möhkəmləndirərək biznes üçün yeni imkanlar yaradır. 2019-2024-cü illər ərzində tranzit daşımalarının həcmi 2,5 dəfə artıb. Bu, Azərbaycanın Şimal və Orta Dəhliz kimi beynəlxalq nəqliyyat marşrutlarında mövqelərinin güclənməsi ilə əlaqədardır.
Fins.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Bakıda keçirilən Gömrük-Biznes Forumunda deyib.
"Xüsusilə Orta Dəhliz sayəsində Çindən Avropaya yükdaşımaların səmərəliliyi artırılıb və tranzit müddəti 8-10 günə qədər azaldılıb. Bu nailiyyətlər son illərdə həyata keçirilən rəqəmsal xidmətlər və infrastruktur layihələri sayəsində mümkün olub", - deyə o bildirib.
Ş.Mövsümov qeyd edib ki, həm tranzit vaxtının, həm də bəyannamələrin rəsmiləşdirilməsi üçün nəzərdə tutulan normativ müddətlərin daha da azaldılması imkanı mövcuddur.
"Bu imkanlar gömrük orqanları və biznes nümayəndələri tərəfindən birgə öyrənilməli və tətbiq edilməlidir. Müasir nəzarət və monitorinq sistemlərinin tətbiqi gömrük əməliyyatlarının izlənilməsini asanlaşdırır", - deyə Ş.Mövsümov əlavə edib.