EN

Rabatda “Dinlərarası harmoniya: dinc birgəyaşayışın təşviqi” mövzusunda beynəlxalq konfrans işini yekunlaşdırıb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) və Azərbaycan Respublikasının Mərakeş Krallığındakı səfirliyinin birgə təşkilatçılığı ilə dekabrın 17-də Rabat şəhərində keçirilən “Dinlərarası harmoniya: dinc birgəyaşayışın təşviqi” mövzusunda beynəlxalq konfrans işini panel sessiyalarla davam etdirib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Aqil Şirinovun moderatorluğu ilə “Dini birgəyaşayışda ən yaxşı təcrübələr. Dini tolerantlıq və birgəyaşayışın Azərbaycan modelinin tədqiqi, uğurlu təşəbbüslərin və təcrübələrin işıqlandırılması” mövzusunda keçirilən ikinci sessiyada çıxış edən Azərbaycan Respublikası Milli Məclisinin deputatı, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa ölkəmizdə mədəniyyətlərarası dialoqun yüksək səviyyədə olduğuna diqqət çəkib. Deputat bildirib ki, multikulturalizm xalqımız üçün həyat tərzidir. Bu mühitin yaranması ölkə Konstitusiyasında dünyəvi dövlət və din münasibətlərinin doğru tənzimlənməsi ilə birbaşa əlaqəlidir. Ermənistanın 30 il işğalda saxladığı Azərbaycan torpaqlarında, eləcə də Ermənistanın ərazisində yüzlərlə məscid və mədəni irs nümunələrini məhv etdiyini diqqətə çatdıran F.Mustafa, bu prosesin əsas təbliğatçılarının da məhz erməni Qriqorian Kilsəsinə mənsub din xadimləri olduqlarını vurğulayıb.

İtaliya Respublikasının “Global Christian-Muslim-Marian Committee” təşkilatının rəhbəri Nadir əl-Akkad bildirib ki, sülhsevər ölkələr bəşəriyyətin qurtuluşunu dilindən, dinindən, milliyyətindən asılı olmayaraq, xalqların əmin-amanlıq şəraitində birgəyaşayışında görür. Bu baxımdan, dünyada örnək kimi qəbul edilən multikulturalizm və tolerantlığın Azərbaycan modeli mühüm siyasi məna daşıyır.

Dünyanın dinlərarası münasibətlər məsələsində ciddi problemlərlə üz-üzə olduğunu deyən Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının yepiskopu Aleksi (Smirnov) zorakılığa haqq qazandırmaq üçün çox vaxt dini ritorikadan istifadə edildiyini, radikalizm və ekstremizmin bunun təzahürü olduğunu bildirib. Azərbaycan dövlətinin din siyasətinin ən mühüm prinsiplərinin tolerantlıq, inanc və ibadətlərdəki fərqlərə hörmət bəsləmək olduğunu söyləyən yepiskop vurğulayıb ki, bu model ksenofobiya və radikalizmin artdığı müasir dövrdə neqativ çağırışlara qalib gəlməyin mümkünlüyünü sübut edir.

Heydər Əliyev Fondu Heydər Əliyev irsinin tədqiqi və təbliği şöbəsinin müdiri Cəmil Əliyev Fondun təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirərək yeni cəmiyyət quruculuğunda fəal iştirak etdiyini, ölkənin sosial-iqtisadi inkişafına töhfə verdiyini diqqətə çatdırıb. O qeyd edib ki, Fondun əsas məqsədlərindən biri dini tolerantlığın bərqərar olmasına, qloballaşan dünyaya inteqrasiya prosesində milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına dəstək verməkdir.

“Zeytouni” Universitetinin professoru, Tunis Respublikasının keçmiş dini işlər naziri Abdeljalil Salem dünyanın mövcud problemlərinin həllində qarşılıqlı anlaşma və dialoqun əhəmiyyətini diqqətə çatdırıb.

Avropa Yəhudilərinin Bakı dini icmasının ravvini Şneor Seqal əsrlər boyu Azərbaycanda bir çox xalqın nümayəndələri arasında dostluq münasibətlərinin mövcud olması haqqında ətraflı məlumat verib.

Azərbaycan Respublikasında Katolik Kilsəsinin Apostol Prefekturasının general vikarisi Yozef Marek xristianlığın ölkəmizdə yayılmasının tarixi və Roma Katolik Kilsəsi ilə Azərbaycan arasında tarixi münasibətlər haqqında danışıb. Marek qeyd edib ki, katolik icması hər zaman Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyini hiss edir.

Hər iki sessiya başa çatdıqdan sonra açıq müzakirələr aparılıb, auditoriyanın sualları cavablandırılıb və şərhlər dinlənilib.

ICESCO-nun Baş direktoru Salim əl-Malik "Dinlərarası harmoniya: Dinc birgəyaşayışın təşviqi" mövzusunda təşkil olunan beynəlxalq konfransın yekununda çıxış edərək bir neçə mühüm məsələni vurğulayıb. O, dinlərarası dialoqun və harmoniya prinsipinin müasir dünyada dinc birgəyaşayışın təmin edilməsi üçün əhəmiyyətini qeyd edib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov tədbirin əhəmiyyətini qeyd edib, müzakirə olunan mövzuların aktuallığını vurğulayıb. Sədr bildirib ki, Azərbaycan tolerant və multikultural mühiti, İslam dəyərlərinə hörmət və sədaqətinə görə ICESCO ilə eyni dəyər və prinsipləri bölüşür. Dövlət Komitəsi müxtəlif təşəbbüslərlə Azərbaycanın nümunəvi dini harmoniya modelinin təbliği və inklüziv dini siyasətin effektivliyinin nümayişi üçün yerli və beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq edir. Komitə sədri İslam aləminin zəngin mədəni irsinin qorunmasında böyük uğurları olan, dünya miqyasında çox önəmli nüfuza malik bir təşkilat kimi ICESCO-ya yüksəksəviyyəli əməkdaşlığa görə minnətdarlığını ifadə edib.

Azərbaycan Respublikasının Mərakeş Krallığındakı fövqəladə və səlahiyyətli səfiri, Azərbaycanın ICESCO yanında daimi nümayəndəsi Nazim Səmədov bildirib ki, müasir dünyada humanist ideyaların təşviqi və multikultural həyat tərzinin təbliği baxımından əhəmiyyət kəsb edən belə tədbirlərin davamlı keçirilməsi zəruridir.

Qeyd edək ki, konfransda Azərbaycan Respublikası və Mərakeş Krallığının dövlət və hökumət qurumlarının, beynəlxalq təşkilatlar, diplomatik korpus və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, dini liderlər, siyasətçilər, alim və tədqiqatçılar iştirak ediblər. Konfransın məqsədi dinc birgəyaşayışın, qarşılıqlı hörmət və dini tolerantlığın vacibliyini, Azərbaycanın dini müxtəliflik modelini təşviq etmək, dini liderlər, siyasətçilər və alimlər arasında dialoqu və əməkdaşlığı gücləndirmək, dini dözümsüzlüyü aradan qaldırmaq istiqamətində ən yaxşı təcrübələri bölüşməkdir.

Konfrans çərçivəsində təşkil edilən “Ortaq bəşəri dəyərlər, müxtəlif dinlər” adlı sərgidə Azərbaycanda mövcud olan dini müxtəliflik və tolerantlığa, eləcə də ICESCO tərəfindən mədəniyyət paytaxtı kimi tanınan Şuşaya aid fotolar nümayiş etdirilib.

Chosen
35
4
xalqqazeti.az

6Sources