EN

"Hemofiliya xəstələri üçün yüksək keyfiyyətli tibbi xidmət təmin edilir" - Sahib Hüseynov

Respublika Kliniki Xəstəxanasının baş həkimi Sahib Hüseynov 2022-2024-cü illərdə qanın laxtalanma pozğunluğundan əziyyət çəkən vətəndaşlara tibbi yardımın kompleks yanaşmasına dair hesabat konfransında çıxış edib. O, Azərbaycanda hemofiliya xəstələrinin müalicəsi və tibbi xidmətlərin inkişafı ilə bağlı görülən işlərdən bəhs edib.

S.Hüseynov bildirib ki, hazırda ölkədə 1700-dən çox hemofiliya xəstəsi var və onların hamısı Respublika Kliniki Xəstəxanasında qeydiyyatdadır. Baş həkim, xəstəxanada yaradılan şərait və müalicə imkanlarının yüksək səviyyədə olduğunu vurğulayıb:

"Respublika Kliniki Xəstəxanası 1973-cü ildən bu yana hemofiliya xəstələrinin müalicəsi üzrə ixtisaslaşıb və bu sahədə böyük təcrübəyə malikdir. Hal-hazırda xəstəxanamızda hemofiliya xəstələrinin cərrahi müdaxilələri uğurla həyata keçirilir. Xəstəxanamızda laboratoriya şəraitinin yaxşılaşdırılması üçün yeni 2500 hemostas cihazı quraşdırılıb, bu da diaqnostika və müalicə keyfiyyətini artırır."

Baş həkim, tibbi personalın peşəkarlığının artırılması üçün görülən işlərdən də danışıb. O qeyd edib ki, xəstəxananın həkimləri Türkiyə və Azərbaycanda xüsusi təlimlərdən keçiblər və hazırda hematoloqlarla birgə işləyirlər:

"Mərkəzi laboratoriyamızda fəaliyyət göstərən həkimlərimiz Türkiyədə öyrəndikləri qabaqcıl təcrübələri burada tətbiq edirlər. Bu, xəstələrimizin dəqiq diaqnostikasını və müalicəsini təmin edir."

Sahib Hüseynov, hemofiliya xəstələrinin tibbi xidmətlərə əlçatanlığını təmin etmək üçün dövlət səviyyəsində görülən tədbirləri də yüksək qiymətləndirib. O, xəstəxanada tətbiq olunan innovativ texnologiyaların və müasir müalicə metodlarının hemofiliya xəstələrinin həyat keyfiyyətini artırdığını vurğulayıb.

 

Pərvanə Fərhadqızı

Chosen
28
qht.az

1Sources