EN

Azərbaycan milli musiqi alətləri Brüssel "Kral İncəsənət və Tarix Muzeyi"nə hədiyyə edilib

Brüssel, 17 dekabr, AZƏRTAC

Azərbaycanın Belçika və Lüksemburqdaki səfirliyinin təşkilatçılığı ilə UNESCO üzrə Milli Komissiya qədimi musiqi alətlərimizi Brüsseldəki "Kral İncəsənət və Tarix Muzeyi" nə hədiyyə edib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan musiqi alətlərinin Kral İncəsənət və Tarix Muzeyinə təqdim edilməsi mərasimini Belçikada "Baroque and More" musiqi təşkilatının bədii direktoru Lük Pone giriş sözü ilə açaraq, tədbir və onun məqsədi barədə məlumat verib. UNESCO üzrə Azərbaycan Milli Komissiyasının Baş katibi Seymur Fətəliyev muzey rəhbərliyinə milli musiqi və musiqi alətləri - tar, kamança və qavala marağına görə təşəkkür edib. Tar, kamança və qavalın UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi mədəni irsinin şah əsəri kimi tanınan Muğam musiqi janrının fundamental elementləri olduğunu bildirib. Diplomat qeyd edib ki, Azərbaycan bu günə kimi 24 elementi UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. Zəngin və rəngarəng Azərbaycan mədəniyyətində muğam sənəti xüsusi yer tutur. Tar, kamança və qavaldan ibarət muğam üçlüyü tarixə kök salmış Azərbaycan musiqi ənənələrinin bənzərsiz nümunəsidir. Bu üç alət təkcə Azərbaycan musiqi mədəniyyətinin nümunələri deyil, həm də 90-a yaxın ənənəvi musiqi alətini özündə birləşdirən irsimizin zənginliyini aydın əks etdirir.

Belçikanın musiqi mütəxəssisləri muğam, eləcə də tar, kamança və qavala bağlı fikirlərini bölüşüb, muğamın böyük bir dərya olduğunu bildiriblər.

Musiqişünas və Musiqi Alətləri Muzeyinin Qərb nəfəs və zərb alətləri kolleksiyasının kuratoru Jeri Dümulen (Gery Dumoulin) tar, kamança ilə bağlı təəssüratlarını bölüşərək, onların füsunkar olduğunu deyib.

Beynəlxalq Muğam Mərkəzinin direktoru, Əməkdar artist, “Tərəqqi” medalı laureatı, tarzən Sahib Paşazadə muğam musiqisi, tar, kamança və qaval alətləri, onlarla ifa tərzləri haqqında ətraflı məlumat verib.

Əməkdar artist Sahib Paşazadə (tar), Azərbaycan Xalq artisti, tanınmış pianoçu və bəstəkar Yeganə Axundova və Xəyyam Məmmədovun (kamança) müşayiəti ilə xanəndə, Azərbaycanın Əməkdar Artisti İlkin Əhmədov "Küçələrə su səpmişəm", "Şuşanın dağları başı dumanlı", "Sarı gəlin" xalq mahnılarını, eləcə də Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Vaqif Mustafazadə, Rauf Hacıyev, Bəhram Nəsibov, Vasif Adıgözəlov, Həsən Rzayev, Fərhad Bədəlbəylinin musiqilərini ifa edib. Azərbaycan musiqisi belçikalı musiqisevərlər tərəfindən alqışlarla qarşılanıb.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Brüssel

Chosen
15
2
azertag.az

3Sources