EN

Trampdan NATAMAM RİTORİKA: “Müharibənin qurtarması da müəyyən risklər gətirə bilər”

“İlk olaraq qeyd etmək lazımdır ki, Ukrayna müharibəsinin uzanması, ilk növbədə, Qərbin maraqlarına uyğun deyil. Bu, həm Ukraynanın çökməsinə, bir dövlət olaraq ərazilərinin itirilməsinə səbəb olur, həm də Qərbin istədiyi nəticələri əldə edə bilməməsi ilə yekunlaşır. Artıq Rusiya Donbas, Zaporojye və Dneprdə nəzarəti tam ələ keçirməkdədir”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Mürtəza Bünyadlı deyib.

Siyasi təhlilçi Donald Trampın keçirdiyi mətbuat konfransı zamanı Ukrayna müharibəsinin bitirilməsi ilə bağlı yanaşmasını şərh edib.

Analitikin fikrincə, müharibənin uzanmasının digər bir tərəfi isə Qərbə iqtisadi baxımdan ciddi itkilər verməsidir:

“Qərb həm insan resursları, həm də maddi resurslar baxımından itkilər verir və rusların qarşısını almaq üçün kifayət qədər insan resurslarını cəlb etməkdə çətinlik çəkir. Ukraynanın da resursları tükənməkdədir, yəni onlar ruslarla döyüşmək üçün kifayət qədər qüvvə toplaya bilmirlər. Növbəti məsələ isə ABŞ prezidenti Donald Trampın bəyanatları ilə bağlıdır. O, münaqişənin sülh yolu ilə həll olunmasını təklif edərək, müəyyən ərazilərin güzəşti məsələsini də qabartmışdır. O, həmçinin işğal olunmuş ərazilərin xarabalıqlara çevrildiyini və onların bərpasının yüzilliklər tələb edəcəyini vurğulamışdır”.

M. Bünyadlı diqqətə çatdırıb ki, ümumilikdə, bu gün Qərbdə Rusiya-Ukrayna müharibəsi ilə bağlı konkret bir mövqe yoxdur:

“Qlobalistlər, anqlosaksonlar və demokratlar arasında müxtəlif baxışlar mövcuddur. Qərbin müəyyən hissəsi, xüsusən də Almaniya və Fransa kimi Avropa ölkələri müharibənin bitməsini istəyir. Lakin bunun necə bitəcəyi və nəticələrinin nə olacağı ilə bağlı aydın strategiya yoxdur. Müharibənin davam etməsi və ya bitməsi ilə bağlı qeyri-müəyyənlik mövcuddur. Müharibənin uzanması Qərb üçün yeni təhlükələr və böhranlar yaradıb. Əgər müharibə davam edərsə, daha çox risklər və yeni böhranlar ortaya çıxacaq. Digər tərəfdən, müharibənin qurtarması da müəyyən risklər gətirə bilər, məsələn, Rusiya revanş edərək Avropanı öz təsir dairəsinə qaytara bilər. Bu, Əfqanıstan və ya Suriya kimi əvvəlki münaqişələrdən tanış ssenariləri xatırladır”.

“Bununla yanaşı, Ukrayna müharibəsi Avropanın daxilində siyasi böhranlara da səbəb olub. Almaniyada yeni seçkilərin keçirilməsi məsələsi gündəmə gəlib, Fransada isə mövcud hakimiyyət bu situasiyalardan öz mövqeyini möhkəmləndirmək üçün istifadə edir. Almaniyanın yeni hökuməti isə Ukraynaya yeni raketlərin verilməsi məsələsində qeyri-müəyyənlik nümayiş etdirir. Avropa ölkələrində bu münaqişə ilə bağlı ziddiyyətli mövqelər mövcuddur və bu, Avropanı çıxılmaz vəziyyətə salıb. Ümumilikdə, hazırda Avropanın bu məsələdə konkret bir mövqeyi yoxdur. Bir çoxları müharibənin davam etməsini və Rusiyanın zəiflədilməsini istəyir. Lakin vəziyyət hələ də qeyri-müəyyən olaraq qalır”, – deyə o, fikirlərini tamamlayıb.

Rafi Müslümov

Chosen
16
yenicag.az

1Sources