EN

Vətəndaşların hüquqi-siyasi mədəniyyəti –  İnsan hüquqlarının  Azərbaycan modeli 

Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi qarşıda duran əsas vəzifə hesab olunur. Bunun üçün ölkəmizdə yeni qanun layihələri hazırlanıb. Bu sahədə dövlətlə yanaşı, vətəndaş cəmiyyəti subyektlərinin, o cümlədən siyasi partiyaların, vətəndaşların üzərinə ciddi məsuliyyət düşür. Deməli, hər kəs məşğul olduğu sahənin fəaliyyət prinsiplərini yaxından dərk etməli və məsuliyyətli olmalıdır. Bununla  belə, hər bir vətəndaş öz hüququnu aydın dərk etməlidir.  Yalnız bu halda hüquq pozuntusu faktları azala bilər.

Azərbaycanda insan hüquqlarının müdafiəsi ilə bağlı “Milli Fəaliyyət Planı” hazırlanıb. Sənəd ümumi olaraq 5 hissədən və 48 bənddən ibarətdir. Sənəddə “Qanun layihələrinin hazırlanması”, Avropa Şurası ilə birlikdə “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanuna, Azərbaycan Respublikasının cinayət və seçki məcəllələrinə əlavələr və dəyişikliklərin, habelə “Alternativ xidmət haqqında”, “Bələdiyyələrə  əlavə səlahiyyətlərin verilməsi haqqında” qanun layihələrinin hazırlanması, “İnsan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əməkdaşlıq”, “Əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsinin gücləndirilməsi sahəsində tədbirlərin görülməsi və digər məsələlər qeyd olunub. Bütün bunlar məhz insan hüquq və azadlıqlarının müdafiəsinin gücləndirilməsi məqsədi ilə dövlətin həyata keçirdiyi layihələrin bir hissəsidir.

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Sosial Tədqiqatlar Mərkəzinin sektor müdüri Tural İsmayılov bildirib ki, cəmiyyətin inkişafına təkan verən əsas amillərdən biri də vətəndaşların sosial və siyasi fəallığıdır:

“Bu gün Azərbaycan Dövləti insan hüquq və azadlıqlarının müdafiəsi və eyni zamanda vətəndaşların hüquqi-siyasi mədəni səviyyəsinin yüksəldilməsiylə bağlı böyük addımlar atır. Nəzə almaq lazımdır ki, bununla bağlı təkcə dövlət səviyyəsində geniş və əhatəli işlər görülmür. Eyni zamanda Azərbaycanda vətəndaş cəmiyyəti də bu sahədə vacib layihələr həyata keçirir. Dövlət tərəfindən vətəndaş cəmiyyətinə və onun bu və ya digər mövzularda aktivliyinə böyük dəstək göstərilir. Qrant yardımlar ayrılır və eyni zamanda da hüquqi siyasi maarifləndirmə ən yüksək səviyyədə müxtəlif platformalar, tədbirlər, konfranslar vasitəsi ilə vətəndaşların diqqətinə çatdırılır. Hesab edirəm ki, bu gün Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində böyük konseptual işlər həyata keçirilir. Həmçinin insanların bu sahədə bilik səviyyəsinin artırılması və həmçinin hüquqlarla bağlı maarifləndirici tədbirlərin peşəkar səviyyədə aparılması, bu sahədə dövlətin aydın, vacib xətlərinin olması bir çox ölkələr üçün də örnəkdir.  Məhz vətəndaşların hüquqi-siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, dövlətin təşviqedici addımları sahəsində vətəndaş-dövlət birliyinin Azərbaycan modeli deyə bir nümunə formalaşıb. Azərbaycan bu sahədə dünya ölkələrinə gözəl bir nümunə göstərir. Bununla  sübut olunur ki,  məhz vətəndaşlar ən çətin vəziyyətlərdə, ən qarışıq proseslərdə də həmişə öz dövlətinin yanındadır. Bunun  ən başlıca səbəbi  dövlət səviyyəsində insanalrın siyasi mədəniyyətinin artırılması, həmçinin siyasi biliklərinin formalaşdırılması və  görülən təbliğat-təşviqat işləridir”.

Vəli Həsənoğlu,

KONKRET.az

P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması mövzusuna uyğun olaraq dərc edilir”

Chosen
9
konkret.az

1Sources