EN

8 ildir qaza qoyulan limit: Bu il 51 faiz abonentlə bağlı mühüm xəbər

Azərbaycanda əhalinin təbii qazdan istifadəsinə görə limit tətbiq edilir. Tarif Şurasının 2021-ci ildə verdiyi qərara əsasən, əhalinin illik istehlakının 1200 kubmetrədək olan hissəsi üçün tariflər 12 qəpik, 1200-2500 kubmetrədək və 2500 kubmetrdən çox olan hissələr üçün tariflər müvafiq olaraq 20 və 25 qəpik olmaqla hesablanır.

KONKRET.az xəbər verir ki, hər yeni ildə qaz limiti yenilənir. Hazırda 2024-cü ilin son günlərini yaşayırıq. Bu, o deməkdir ki, gələn ay təbii qaz limitləri yenilənəcək. Lakin mənzillərini təbii qazla qızdıranlar təbii qazın aşağı limitini elə ilin ilk ayları, yəni yanvar, fevral kimi soyuq aylarda keçdiklərini bildirirlər. Belə olduqda əhali məcbur qalıb 12 qəpiyə aldığı bir kubmetr təbii qaza 20 və ya 25 qəpik ödəməli olur.

Xatırladaq ki, bu ilin fevral ayına olan rəsmi məlumata görə, Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstahsalat Birliyinin ümumi abonentlərinin sayı 2 milyon 599 min 43-ə çatıb.

Bəs cari ildə neçə abonent və ya abonentlərin neçə faizi aşağı qaz istifadəsi limitini keçib?

“Azəriqaz” İB-nin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Eldəniz Vəliyev Bizim.Media-nın sorğusuna cavab olaraq bildirib ki, ilin ilk 11 ayı ərzində abonentlərin yarıdan çoxu qaz limitini keçməyib:

“2024-cü ilin on bir ayın statistikası onu deməyə əsas verir ki, 51 faiz abonent aşağı qaz istifadəsi limitini, yəni 1200 kubmetrədək limiti keçməyib. Dekabr ayını da nəzərə alsaq, bu, ən pis halda 46 faiz təşkil eləyə bilər”.

Xatırladaq ki, Azərbaycanda təbii qazın istehlakına limitlər ilk dəfə 2016-cı ildən tətbiq olunmağa başlanıb. Bu tarixdən etibarən, əhali üçün müəyyən qaz istehlak limitləri müəyyən edilmiş və bu limitin aşılması halında əlavə ödənişlər tətbiq olunmağa başlanıb.

Chosen
2261
4
konkret.az

5Sources