EN

Tibbi qeydiyyat sənədləşməsinin elektronlaşdırılması nəzərdə tutulub

Qarşıdakı il ərzində tibbi qeydiyyat sənədləşməsinin elektronlaşdırılması nəzərdə tutulub. SİA xəbər verir ki, bunu “Səhiyyə İdarəçiləri Zirvəsi 2024” çərçivəsində keçirilən "Dayanıqlı səhiyyə idarəetməsi" panel sessiyasında çıxış edən Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin müdiri Ramik Quliyev deyib.

Onun sözlərinə görə, qlobal olaraq hər bir ölkədə tibbi xidmət və tibbi yardım məsələləri çox incə bir nöqtədə kəsişir. Bir çox ölkələrin qanunvericiliyində, prosedurlarında tibbi xidmət tibbi yardımın bir əvəzləşmiş formasıdır. Bu müstəviyə keçəndə artıq istehlakçıların hüquqları ortaya girir. Tibbi qeydiyyat sənədləşməsinə dair Səhiyyə Nazirliyinin 2016-cı il də 100 saylı əmri mövcuddur. Əlbəttə ki, müasir rəqəmsallaşma ilə ayaqlaşmaq lazımdır. Səhiyyə Nazirliyi də bu istiqamətdə ciddi layihələr hazırlayır və yaxın zamanlarda təqdim olunması və icraata başlaması nəzərdə tutulub. Ümid edirəm ki, qarşıdakı il ərzində əmək qabiliyyətinin olmaması vərəqi və ya epikrizlər, digər şəhadətnamələrlə yanaşı, tibbi qeydiyyat sənədləşməsinin elektronlaşması da həyata keçiriləcək”.

“Keyfiyyətin korporativ idarə olunmasının əsas komponentlərindən biri də onun ölçülməsidir. Bunun bir şəkildə reqlamentləşdirilməsidir. Bu məqamda Səhiyyə Nazirliyinin tibb müəssisələrinin akkreditasiyası və keyfiyyətə nəzarət mərkəzinin fəaliyyətini qeyd etmək istəyirəm. Dövlət başçısı tərəfindən müvafiq sərəncamla yaradılıb və 2020-ci ildə tibb müəssisələrinin akkreditasiya qaydaları təsdiq olunub. Bu ilin noyabrın sonundan artıq mərkəz fəaliyyətə başlayıb. Aktiv işlər görülür, ştat formalaşdırılır və mərkəzin əsas fəaliyyət istiqaməti səhiyyə və tibb qanunvericiliyi normativ hüquqi aktların təkmilləşdirilməsidir. Eyni zamanda, fəaliyyətin mərkəzində tibb xidmətlərinin keyfiyyətləri və pasiyent təhlükəsizliyi durur. Bu məsələlər həm maarifləndirmə, həm də nəzarət tədbirləri olaraq həyata keçiriləcək. Təsdiq olunan tibb müəssisələrinin akkreditasiya qaydaları dövlət başçısının bu ilin mayında imzaladığı Sərəncama əsasən fəaliyyətə başlayıb. Qaydaları ölkə rəhbərliyi tərəfindən qarşımıza qoyulan qabaqcıl beynəlxalq təcrübənin nəzərə alınması ilə həmin qaydalara dəyişiklik edilməsi gündəmə gəlib. Artıq İcbari Tibbi Sığorta Agentliyinə layihə təqdim olunub. Layihənin təkmilləşdirilməsi yaxın zamanlarda baş verdikdən sonra qarşıdakı ildə tibb müəssisələrinin akkreditasiyası və keyfiyyətə nəzarət mərkəzinin fəaliyyətini müşahidə edəcəyik", - deyə o vurğulayıb.

Chosen
47
1
sia.az

2Sources