EN

Uşaq yaradıcılıq müsabiqəsinin qalibləri mükafatlandırıldı - Video

Bu gün Fövqəladə Hallar Nazirliyi və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilmiş “Fövqəladə hallar uşaqların gözü ilə” XII Respublika uşaq yaradıcılıq müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

AzEdu.az xəbər verir ki, tədbirdə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, gənclər və idman naziri Fərid Qayıbov, elm və təhsil nazirinin müavini Həsən Həsənli, Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin sektor müdiri Həmid Nəsirov, Azərbaycan Gənclər Fondunun icraçı direktoru vəzifəsini müvəqqəti icra edən Qədir Xəlilov, Fövqəladə Hallar, Elm və Təhsil nazirliklərinin məsul şəxsləri, qazi mayor Süleyman Heydərov, müsabiqənin qalibləri seçilmiş uşaqlar, ictimaiyyət nümayəndələri və valideynlər iştirak ediblər.

Müsabiqənin keçirilməsində məqsəd ictimaiyyətin diqqətinin fövqəladə hallarla bağlı problemlərə yönəldilməsi, məktəblilərə təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin aşılanması, onların vətənpərvərlik ruhunda yetişdirilməsi, eləcə də istedadlı uşaqların üzə çıxarılması və onlara dəstək verilməsidir.

“Fövqəladə hallar uşaqların gözü ilə” XII Respublika uşaq yaradıcılıq müsabiqəsinin seçilmiş işlərindən təşkil edilmiş sərgiyə baxış olub.

Sərgi ilə tanışlıqdan sonra mükafatların təqdimetmə mərasimi keçirilib.

Tədbirdə çıxış edən Kəmaləddin Heydərov Ulu Öndər Heydər Əliyevin “Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır” müdrik kəlamını yada salaraq, Ümummilli Liderin uşaqlara hər zaman xüsusi diqqət və qayğı ilə yanaşdığını xatırladıb.

Nazir vurğulayıb ki, Ulu Öndərin əsasını qoyduğu mütərəqqi dövlət uşaq siyasəti bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə uşaqların təhlükəsiz və layiqli mühitdə böyüməsi, onların sağlamlığının təmin edilməsi, müasir biliklərə yiyələnməsi, Vətənə və dövlətə sədaqətli yüksək mənəvi keyfiyyətlərə malik vətəndaş kimi yetişmələri üçün zəruri tədbirlər həyata keçirilir.

Nazir, həmçinin Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın uşaqlara olan həssas münasibəti, onlara göstərdiyi yüksək qayğıkeşliyi, uşaqların hərtərəfli inkişafı, təhsili, təlim-tərbiyəsi ilə əlaqədar gördüyü böyük işlərin xalqımız tərəfindən minnətdarlıqla qarşılandığını vurğulayıb.

Sonra qaliblərə fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.

Tədbir məktəblilərin təqdimatında milli vətənpərvərlik ruhunda bədii hissə ilə davam etdirilib.

Qeyd edək ki, ölkənin bütün şəhər və rayonlarının ümumtəhsil məktəblərinin şagirdlərinin iştirak etdikləri yaradıcılıq müsabiqəsinə oktyabr ayından start verilib. Müsabiqə rəsm, plakat, əl işi, yanğın və qəza-xilasetmə texnikasının modeli və yumşaq oyuncaq nominasiyalarında məktəb, rayon və ümumrespublika birinciliyi mərhələləri üzrə keçirilib. Təşkilat Komitəsinə rayon və şəhər müsabiqələrinin yekunları üzrə 439 rəsm, 49 plakat, 393 əl işi, 98 yanğın və qəza-xilasetmə texnikasının modeli və 78 yumşaq oyuncaq təqdim olunub. Müsabiqəyə təqdim olunmuş işlər Fövqəladə Hallar Nazirliyi, Elm və Təhsil Nazirliyi, Rəssamlar İttifaqı və Rəssamlıq Akademiyasının nümayəndələrindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib və qaliblər müəyyənləşdirilib. 25 nəfər birinci, 25 nəfər ikinci, 58 nəfər üçüncü yerə, 80 nəfər isə həvəsləndirici mükafata layiq görülüb.

 

Chosen
27
6
azedu.az

8Sources