EN

İrəvanla bağlı rezonans açıqlama: Rusiyanı xilas edirmiş

Rusiyanın Baş naziri Mixail Mişustin Ermənistanla ticarət dövriyyəsinə dair siyasi rezonans sayıla biləcək açıqlama verib. 

Söhbət Müstəqil Dövlətlər Birliyinə daxil olan ölkələrdən gedir. 

Mişustin bildirib ki, cari ilin üçüncü rübünün nəticələrinə görə, Rusiya ilə ticarət dövriyyəsində birinci yeri 52,7 faizlə Belarus Respublikası tutub. İkinci yerdə qərarlaşan Ermənistanla ticarət dövriyyəsinin həcmi isə 41,1 faizə yüksəlib. Rusiya Qazaxıstanla 18,7 faiz, bu qurumda müşahidəçi statusu ilə iştirak edən Özbəkistanla 18 faiz, Qırğızıstanla 23 faiz ticarət əməliyyatları aparıb. 

“Rusiya MDB ölkələrinin ən böyük tədarükçüsü olaraq qalır, onları davamlı inkişaf üçün zəruri olan mal və resurslarla təmin edir və regionun ən böyük iqtisadiyyatı kimi mühüm bazardır”,-deyə Baş nazir bildirib. 

Qeyd edək ki, son illər Rusiya və Ermənistan arasında ticarət dövriyyəsinin gözlənilmədən yüksək templə artması ciddi suallar yaradır. Əslində, hər iki tərəfin təqdim etdiyi rəsmi rəqəmlər Rusiya və Ermənistan arasında real ticarət əməliyyatlarının həcmini əks etdirmir. Ona görə də müşahidə olunan artım göstəriciləri iki ölkə arasında gizli və ya qeyri-leqal iqtisadi əlaqələrin olması ilə bağlı şübhələri bir daha sübuta yetirir. 

Xatırladaq ki, Ermənistanla Rusiya arasında ticarət dövriyyəsində sıçrayışın baş verdiyini əks etdirən rəqəmlər hələ 2023-cü ilin sentyabr ayında meydana çıxmışdı. Həmin vaxt ticarət dövriyyəsinin 7,3 milyard dollara yüksəlməsi barədə Rusiya tərəfinin açıqlamasından ötən 14 aydan artıq müdədətdə bu göstəricilər xeyli artıb. Belə ki, ötən ilin ikinci rübünün sonlarında Rusiya və Ermənistan arasında ticarət dövriyyəsi 8,4 milyard dollara çatdı. 

Hətta Rusiya rəsmiləri 2024-cü ilin sonlarında bu rəqəmin 15-16 milyard dollara qədər artacağını proqnozlaşdırıdılar. Ermənistan hökuməti və ekspertləri bunu daha çox idxal-ixrac əməliyyatlarının artması ilə izah edir. 

Məsələn, Avrasiya Ekspert Klubunun üzvü Ağası Tavadyan hesab edir ki, 2023-cü ildə Ermənistandan ixrac olunan mal və məhsulların həcmi 55,3 faiz artıb. 2022-ci ildə bu göstərici 5,4 milyard dollar təşkil etdiyi halda 2024-cü ilin ortalarında 8,4 milyard dollara yüksəlib. Eyni zamanda, idxal analoji dövrdə 40,2 faiz artaraq 8,8 milyard dollardan 12,3 milyard dollara çatıb. Son iki ildə ixrac və idxal müvafiq olaraq 2,8 və 2,3 dəfə artıb. 

Ticarət dövriyyəsində də ciddi struktur dəyişiklikləri var. Rəsmi məlumatlara görə, 2023-cü ildə Ermənistanın ixracının 34,4 faizi, yəni üçdə birindən çoxu Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Honq- Konqa yönəldilib. Ən böyük ixrac istiqaməti 40,6 faizlə Rusiya olub. 

Göründüyü kimi, son iki ildə Ermənistan ən çox ticarət əməliyyatlarını Rusiya ilə aparıb. Nikol Paşinyan hakimiyyəti ilə Kreml arasında siyasi münasibətlərin gərgin olmasına baxmayaraq, iqtisadi əlaqələrin genişlənməsi Rusiya-Ermənistan ziddiyətlərini balanslaşdıran amil kimi çıxış edir. Ermənistan iqtisadi cəhətdən Rusiyadan asılı olduğundan, bu, ilk baxışdan təbii hesab oluna bilər. Lakin ticarət dövriyyəsində rekord göstəricilərin xüsusilə son iki ildə daha çox müşahidə olunması diqqəti cəlb edir. 

Ermənistanın ciddi iqtisadi potensialı olmadığından, ticarət dövriyyəsinin ixracın stimullaşması hesabına baş verməsi barədə deyilənlər inandırıcı görünmür. Eyni zamanda, Ermənistanın regional nəqliyyat-tranzit xətlərinə birbaşa çıxışı olmadığından, Rusiya ilə fəal ticarət əməliyyatları aparmaq çox məhduddur. Baş nazir Mişustinin açıqlaması Rusiya və Ermənistan arasında gizlin ticarət dövriyyəsinin davam etdiyini göstərir.

 Söhbət sanksiyaya məruz qalmış Rusiya şirkətlərinin Ermənistan üzərindən ticarət əməliyyatları aparması və xarici bazarlara çıxışının təminindən gedir. Bu isə Rusiyaya sanksiyalardan yayınmağa kömək edir. 2023-cü ildə Ermənistanın Qərb ölkələrindən daxili tələbatdan artıq məişət texnikası alması bu sirrin üstünün açılmasına səbəb olmuşdu. 

Həmin avadanlıqların üzərindəki mikrociplərin Rusiyanın hərbi sənaye müəssisələrinə ötürüldüyü, sonra isə raketlərin istehsalında Rusiyaya qarşı istifadə olunduğu aşkara çıxmışdı. Bundan sonra ABŞ və Avropa İttifaqı rəsmiləri Ermənistanı sanksiyalarla təhdid etsə də, bu xəbərdarlıq söz olaraq qalır. Mişustinin açıqladığı rəqəmlər Ermənistanın hələ də Rusiyaya sanksiyalardan yayınmaqda kömək etdiyini sübut edir. Lakin Qərb dairələri nədənsə Ermənistana qarşı embarqoların tətbiqini vacib hesab etmir. 

Chosen
25
1
cebheinfo.az

2Sources