EN

Qərbi Azərbaycan torpaqlarının tarixi və mədəni irsinə dair fənn proqramı təqdim edilib

Bakı, 18 dekabr, AZƏRTAC

Dekabrın 18-də Azərbaycan Dillər Universitetində (ADU) Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının əməkdaşları - Xatirə Hacıyeva, Namiq Kərimov və Ramin Quliyevin hazırladıqları “Qərbi Azərbaycan torpaqlarının tarixi və mədəni irsi” (magistratura pilləsi üçün) adlı fənn proqramının təqdimatı keçirilib.

Bu barədə AZƏRTAC-a ADU-dan bildirilib. Tədbirdə çıxış edən ADU-nun rektoru akademik Kamal Abdulla Qərbi Azərbaycanla bağlı hazırlanan elmi vəsaitlər, nəşrlər və proqramların böyük önəm daşıdığını bildirib: “Bu gün Azərbaycan böyük tarixi missiyanı uğurla davam etdirməkdədir. Qərbi Azərbaycana qayıdış və tarixi torpaqlarımıza yenidən qovuşmaq hər birimiz üçün vacib işdir. Bu mənada hazırlanan dərs vəsaitləri, elmi nəşrlər, fənn proqramları öz aktuallığı ilə seçilir.

Bu mənada “Həqiqətin onomastikası” kitabını qeyd etmək istərdim. Gərgin tədqiqat işlərinin bəhrəsi olan bu kitab erməni vandalizminin və erməni saxtakarlığının ən bariz nümunələrindən birinə - tarixi Azərbaycan torpaqlarında, indiki Ermənistan Respublikası ərazisində əsrlər boyu yaşamış azərbaycanlıların izlərinin silinməsi üçün bizə məxsus 1600-ə yaxın toponim, hidronim, oronimlərin kütləvi şəkildə dəyişdirilməsi və saxtalaşdırılması, bir çox yaşayış məntəqələrinin isə məqsədli şəkildə yer üzündən tamamilə silinməsi faktlarına həsr olunub.

Azərbaycan Dillər Universitetində Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının hazırladığı “Qərbi Azərbaycan torpaqlarının tarixi və mədəni irsi” adlı fənn proqramı da Qərbi Azərbaycanla bağlı görülən işin növbəti bariz nümunəsidir”.

Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli tədbirin əhəmiyyətindən söz açıb. Qeyd edib ki, Qərbi Azərbaycana qayıdış bu gün Azərbaycan xalqının ümummilli məsələlərindən biridir, ata-baba torpaqlarına qayıdış soydaşlarımızın ən ümdə amalıdır: “Qərbi Azərbaycana qayıdış hər birimiz üçün xüsusi məna kəsb edir. Xalqımız əsrlər boyu tarixi torpaqlarında yaşamaq, öz hüquqlarını qorumaq üçün böyük fədakarlıq göstərsə də, müxtəlif dövrlərdə amansız sınaqlara, yurd itkisinə məruz qalmışdır. XX əsrin sonu – XXI əsrin əvvəllərində qonşuluğa və bəşəri normalara zidd olaraq Ermənistan düşmən qüvvələrin himayəsi altında Azərbaycan torpaqlarının 20 faizini ələ keçirmiş və 30 il işğal altında saxlamışdır”.

Daha sonra Milli Məclisin deputatı Ceyhun Məmmədov, tarix üzrə fəlsəfə doktoru, dosent Cəbi Bəhramov, Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının müdiri Xatirə Hacıyeva, həmin kafedranın əməkdaşları tarix üzrə fəlsəfə doktoru Namiq Kərimov və Ramin Quliyev məruzələrlə çıxış ediblər.

Tədbir gələcək elmi əməkdaşlıq və silsilə tədbirlərin keçirilməsi ətrafında müzakirələrlə davam edib.

Chosen
33
1
azertag.az

2Sources