EN

Baydenin adamı Rusiyanı çökdürə bilmədiklərini ETİRAF ETDİ

“Rusiyanı sanksiyalarla çökdürmək planı quran Qərbin, xüsusən də ABŞ-ın planı iflas olub”

“Əgər Vaşinqton Kiyevə kömək etməyə hazır olduğu barədə bəyanatlarından geri çəkilərsə, Ukraynanın Rusiya ilə potensial danışıqlarda mövqeyi zəifləyəcək”.

“Report” xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib.

“Hesab edirəm ki, ABŞ-ın hazırkı və gələcək administrasiyası Ukraynaya kömək etmək istəyini nümayiş etdirməli və onu özünü qorumaq üçün lazımi vasitələrlə təmin etməlidir, çünki bu, danışıqlar masası arxasında yaxşı nəticə əldə etmək üçün rıçaq olacaq. Əgər biz bu təfərrüat olmadan sövdələşməyə gedəcəyimizi desək, o zaman Ukrayna yaxşı danışıqlar mövqeyində olmayacaq”, - deyə o bildirib.

Ceyk Sallivan əlavə edib ki, Qərbin sanksiyalarının Rusiya iqtisadiyyatına təsiri ilə bağlı proqnozlar özünü doğrultmadı.

MEHEMMED.jpg

Politoloq Məhəmməd Əsədullazadə “Yeni Müsavat”a şərhində bildirib ki, Ceyk Sallivanın bu açıqlaması getmək üzrə olan Bayden hakimiyyətinin yeni Tramp iqtidarının Ukraynanı meydanda tək buraxacağından narahatlığından irəli gəlir:

“ABŞ-ın siyasəti sonda Ukryananı Rusiya ilə üz-üzə qoydu. Bu müharibəni Ukrayna istəmirdi, Amerika istəyirdi. Məqsəd Rusiyanı zəiflətmək və mümkün olsa parçalamaq idi. Ona görə də bütün dünyaya aydındır ki,  Rusiya-Ukrayna müharibəsi geopolitik qarşıdurmadır. Yeni dünya siyasi nizamı bu müharibənin nəticəsindən asılı olacaq. Sadəcə olaraq Rusiya Bayden hakimiyyətinin, Qərb strateqlərinin hesablamalarının əksinə olaraq sanksiyaların qarşısında diz çökmədi. Hətta müharibənin üçüncü ili ərəfəsində Rusiya bu müharibəni Qərbin üzərində qələbə əldə etmək  və fövqəl-dövlət statusu almaqla özünün tamamilə qələbəsi ilə bitirməyə çalışır. Ukraynaya təcavüzü əlində əsas götürüb Rusiyanı sanksiyalarla çökdürmək planı quran Qərbin, xüsusən də ABŞ-ın planı iflas olub. Elan olunan rəqəmlərə görə, bu il Rusiya iqtisadiyyatında artım əvvəlki illərdəkindən daha yüksəkdir. Bu reallığı artıq ABŞ daha aydın görməkdədir. Bunun üzərinə Donald Trampın Ukraynaya müharibə üçün yardımlar etməyəcəyi ehtimalının yüksək olduğunu da gəldikdə Ukraynanı odun içərinsə atan Bayden iqtidarının narahatlığını anlamaq çətin deyil”.

Politoloq qeyd edib ki, Rusiya artıq orbitində özünün dayandığı yeni bir qütb formalaşmasına çalışır:

“Moskva Rusiyanın təsir dairəsində olacaq bu qütbü Qərbin də bunun tanınmasını istəyir. ABŞ isə Rusiyanın bu siyasətini qəbul etmir və müqavimət göstərir. Hazırkı ABŞ hökumətində Trampın Rusiyanın bu istəyini qəbul edəcəyi əndişəsi var. Ukraynaya ABŞ-ın hərbi yardımları 3 ildir Rusiyanın Ukrayna üzərində qəti qələbəsinin qarşısını alır. Lakin Rusiya daim irəliləyir. NATO-nun Ukraynaya yardımları Ukraynanı xilas edə bilmir, bununla belə, Rusiyanın qəti qələbəsini indiyə qədər əngəlləyə bilir. Avropa ölkələri arasında fikir ayrılıqları isə Rusiyanın lehinə işləyir. ABŞ növbəti dəfə Ukraynaya 6 milyard dollar hərbi yardım ayırdı. Amma, Bayden administrasiyası bu yardımları çatdıra bilməyəcək. Trampın isə bu yardımları Ukraynaya çatdırması sual doğurur. Trampın Ukrayna siyasəti müəmmalı olaraq qalır. Amma, Rusiya və Ukrayna arasında atəşkəsə nail olacağını qeyd edir. Axı, bu müharibə təkcə Rusiya Ukrayna müharibəsi deyil. Moskva xalqa bu müharibənin Qərbin təcavüzünə qarşı edildiyini bəyan edir. Rusiya ABŞ-dan onun fövqəl-dövlət olmasını və keçmiş SSRİ vaxtında olduğumu kimi təsir dairəsini tanınmasını tələb edir. Donald  Tramp bununla barışsa ABŞ fövqəl-dövlət statusunu itirəcək. Rusiya NATO-nu parçalayacaq. Avropanın təhlükəsizliyi sual altında qalacaq. Donald Tramp hərbi yardımlar etməsə, Fransa və Almaniya Ukraynaya qoşun göndərə bilər. Həmçinin Böyük Britaniya silahlarla Ukraynaya tam yardım edə bilər. Bu da Avropa ilə ABŞ arasında dərin uçurum yaradar. İki tərəf arasında qırılma baş verər. Proseslər sürətlə dəyişir və Rusiyanın  geri addım atması gözlənilmir. Tramp danışıqlara üstünlük versə də, bu müharibənin diplomatik üsullarla başa çatması mümkün deyil. Çünki bir tərəf məğlub olmalıdır. Bunu hazırkı Bayden administrasiyası yaxşı bilir. Məsələnin başqa bir tərəfi odur ki, Tramp Amerikanı Ukrayna müharibəsindən uzaq tutmağa çalışsa belə, buna tamamilə nail olmasına hakimiyyətin digər qolları, xüsusən də Pentaqon imkan verməyəcək.  ABŞ-da bütün qərarlar Prezidentdən asılı deyil”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Chosen
30
musavat.com

1Sources