EN

“Aİ ölkələri atəşkəsdən sonra Ukraynaya 40-100 min arası sülhməramlı göndərə bilər” – “Reuters”

Bakıda mağazaların birində kiloqramı 4.59 manata "Şəfəq" sosiskaları satılır. 1 kiloqram sosiska hazırlamaq üçün lazım olan toyuq ətinin dəyəri təxminən 6-8 manatdır. İstehsal və daşınma xərclərini də nəzərə alsaq, 10 manatdan aşağı satılması məntiqsiz olan bu ət məhsullarının niyə bu qədər ucuz olduğunu satıcılardan soruşduq.

Satıcılar söhbət zamanı bildirdilər ki, "Şəfəq" sosiskasını istehsalçı  şirkətdən 2.50 manata  götürürlər. Qiyməti ucuz olduğundan alıcıların ən çox aldığı da elə bu məhsuldur.Mağazadakı müştərilərin də rəyini öyrənirik. Dedilər ki, "Şəfəq" sosiskası ucuz olduğu üçün ən çox satılan firmadır. 

Satıcılar öz aralarında buna "pişik sosiskası" da deyirlər. Məhsulun üzərində istehsalçı haqqında bu məlumatlar var: "Ünvanı Abşeron rayonu, Saray qəsəbəsi, Bakı-Sumqayıt şosesi 129,  istehsalçı şirkət fiziki şəxs Məmmədov R.-ya məxsusdur".

Alıcılarla söhbətimiz zamanı daha ilginc məlumat əldə etdik. Bildirdilər ki, "Şəfəq" sosiskasından da  ucuz olan "Səfa Mərvə" sosiskaları var.

Bu sosiskanın kiloqramı topdansatışda 2 manatdır. Mağazalar isə alıcılara 3 manata təklif edirlər. 

Ucuz qiymətə satılan bu məhsulların keyfiyyət problemi ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun rəyini öyrənməyə çalışdıq. 

O bildirdi ki, Azərbaycan hökuməti biznes qurumları üçün son dərəcədə rahat şərait yaradıb, lakin bu şəraitdən sui-istifadə edənlər var: "Biznesə toxunmaq olmaz, biznesi yoxlamaq olmaz. Kim nə satısa, satsın, yoxlanılmır. Hətta ölkədə it ətinin də satışı qadağa deyil. Biz dəfərlərlə açıqlama vermişik ki, bəzi heyvan ətlərinin satışı qadağan edilsin. Təsadüfi deyil ki, DİN regionlarda xəstəlikdən ölmüş, murdar olmuş heyvan ətlərinin Bakıya daşınmasının ifşa edir. "Leş Tofiq" üzə çıxdı. Hansı ki, ona azadlıq da verdilər. Yəqin ki, işlərini də davam etdirir. Bu cür ucuz sosiska və kolbasalar mənşəyi məlum olmayan, utilizasiya olunmalı olan ətlərdən hazırlanır. Yaxud toyuqdursa, müəyyən xəstəliklər səbəbindən qırılan toyuqlardan və yaxud satışa çıxarılmayan, vaxtı keçmiş toyuqlardan istifadə edilir. Qida Təhlükəsizliyi Agentliyi  qidanın təhlükəsizliyinə nəzarət edir. Keyfiyyətə heç kim nəzarət etmir".

E. Hüseynov bildirdi ki, məhsulların keyfiyyətinə nəzarət edən dövlət orqanı yoxdur: "Belə bir ucuz, keyfiyyətsiz məhsulu istehsal etmək istəyən şəxs Qida Təhlükəsizlik Agentliyinin mütəxəssisini çağırıb, məhsula baxış keçirməsini təmin etməli və satışa çıxarmalıdır. Ümumiyyətlə, məhsulların keyfiyyətinə nəzarət edən dövlət orqanı olmalıdır. Qida Təhlükəsizliyi Agentliyinin əsasnaməsində dəyişiklik olmalıdır və bu işlərə nəzarət olmalıdır. Əlbəttə, biz tərəfdarıyıq ki, istehlakçılar ucuz və keyfiyyətli mal alsın. Lakin malın ucuzluğu da onun keyfiyyəti haqqında informasiya verir. Bu cür satılan məhsullar heç də arzuolunan deyil. Hökumət biznes qurumları üçün şərait yaradıb, istehlakçı hüquqları arxa plandadır, böyük təhlküə altındadır. Təsadüfi deyil ki, bu ilin sentyabrından cənab Prezident istehlakçı hüququnu qoruyan dövlət orqanının Prezident Adminstrasiyasına tabe olması barədə  qərar verdi. Həmin qurum  İqtisadiyyat Nazirliyinin tərkibindən çıxarıldı. Düşünürəm ki, bu sahədəki problemlər həllini tapacaq".

Ekspert əlavə etdi ki, bu vəziyyətin həllini qanunlarda axtarmaq lazımdır:  "Normal sosiska 11-12 manatdan aşağı olmamalıdır. Üzərində TŞ (texniki şərt) yazılan sosiskaları almaq lazım deyil, çünki müəssisənin özünün müəyyən etdiyi standartdır. Üzərində AZS yazılıbsa, bu o deməkdir ki, standartlaşdırma idarəsi tərəfindən təsdiq olunub. İstehlakçılar buna diqqət etməlidir".

Chosen
47
seherxeber.org

1Sources