EN

AFFA İcraiyyə Komitəsi, yoxsa Tarif Şurası? – REPLİKA

Mərhum Məmməd Araz gözəl deyib:

Yüz il qulağımın dibində qışqır,
Ürək eşitməsə, qulaq eşitmir...

Hə, bax belə! Biz də yeni AFFA rəhbərliyinin qəlbinə girə bilmirik ki, dediklərimizi eşitsinlər. Göydə Allah, yerdə oxucularımız şahiddi ki, dəfələrlə futbol qurumuna bu sualla müraciət etdik: İcraiyyə Komitəsinin iclası nə vaxt keçiriləcək? Cavab da həmişə belə oldu:

“Bu barədə məlumat olsa, ictimaiyyətə açıqlayacağıq”.

...Açıqlanmadı. Bir də gördük ki, qız evində toydu, oğlan evinin xəbəri yox. Daha doğrusu, İcraiyyə Komitəsi tarix və gündəlik haqda əvvəldən informasiya vermədən iclas keçirdi və bunu qəribə mətnlə çatdırdı. Həmin xəbər dünən axşam saatlarında açıqlandı. Adətən, günün həmin vaxtlarında Tarif Şurasının qərarları elan edilir ki, ya yanacağın, ya da kommunal xidmətlərin qiyməti artırılır. Başqa sözlə, əksəriyyəti narazı salan bilgilər yayılır. Elə idman sahəsində də belə oldu. Boşuna deməyiblər ki, gecənin xeyrindən gündüzün şəri yaxşıdı!

Bağışlayın, məni narazı salan məqam o qədər çoxdu ki, ipin ucunu itirdim. Mən qəlbdən danışırdım axı! AFFA rəhbərliyi bizi eşitmir. Yox-yox, eşitmək istəmir. İstəsə, məxfi iclas keçirməzdi. İcazə verərdi ki, gələk, suallarımızı ünvanlayaq. Məsələn, mənə maraqlı qalan məqamlar var. Yəqin ki, heç olmasa, burda soruşmağıma mane olmazsız...

1. Fernando Santuş hesabatında uğursuzluqları necə izah etdi, gələcək adına hansı ümidləri verdi, ümumiyyətlə, ona xəbərdarlıq edildimi?

2. AFFA-nın Texniki direktoru Cahangir Həsənzadə aşağı yaş qrupları üzrə milli komandalarımızın seçmə mərhələdəki biabırçı çıxışını izah etdikdən sonra niyə istefa verməyi lazım bilməyib? Və ya nəyə əsasən belə rəzil nəticələrə göz yumulub?

3. İclasın vaxtı və gündəliyi niyə əvvəldən açıqlanmadı?

4. Niyə futbolumuzun aşıb-daşan problemlərinin həlli yolunda bircə dənə belə qərar verilmədi? Hansısa biri haqda...

5... 6... 7... Yox əşi, qalsın. Onsuz da sizin qəlbiniz futbolla döyünmür. Eşitməyəcəksiz...

KƏNAN BAHADIR
Chosen
33
football-plus.az

1Sources