EN

“Böyük manipulyator”

Mark Endeveld
(əvvəli https://xalqqazeti.az/az/siyaset/207045-boyuk-manipulyator)

Gələcək prezident, seçki kampaniyasında Sarkozistlərdən və ya Hollandçılardan kömək alsa da, V Respublikanın sirlərini yaxşı bilən köhnə şəbəkələrdən də məharətlə istifadə etdi. Belə bir şəraitdə heç də təəccüblü deyil ki, Aleksandr Benalla kimi və ya Mitt eranın hakimiyyətinin ilk illərində onun siyasi rəqiblərinin telefon danışıqlarına qulaq asmaqda günahlandırılan və cəzalandırılan Yelisey sarayının jandarm qrupunun keçmiş rəisi Kristian Pruto kimi şübhəli adamlar onun ətrafında peyda oldular. Onların ikisi də Yeliseydə prezidentin təhlükəsizliyini yenidən təşkil etmək üçün icraçı rəhbər seçildilər.

“Şeytanın təbəssümü”

Rotşild bankında işləyəndə, Emmanuel Makron Əlcəzair Mərkəzi Bankının keçmiş direktoru Abderrahman Hacı-Nacerlə tanış olmuşdu. Keçmiş bank direktoru bu cavan oğlanı ilk dəfə ortaq bir dostu ilə nahar zamanı görmüşdü. Yeməkdən sonra Əlcəzairli iqtisadçı Fransanın gələcək prezidenti haqqında belə bir ifadə işlətmişdi. “Onun üzündə şeytan təbəssümü var!”. Bu təbəssümün arxasında ideal kürəkən obrazı bağışlayan Emmanuel Makron onun düşmənlərinin o qədər də fərqinə varmadığı bir sərtlik və zalımlıq gizlədir. 2017-ci ilin mart ayında, prezident seçkiləri kampaniyasının qızğın çağında Manuel Vallsın ona qarşı ikiüzlülük etdiyini başa düşən gələcək prezident, yaxın dostlarından birinə demişdi: “Hiss olunur ki, o, məni başa düşmür. Eybi yox, indi biz ona, real döyüş sursatı ilə hücum edərik”. Fransua Hollandın “mülayim və ürəyiyumşaq Emmanuel” adlandırdığı bu adam – düzdür, bəzən tabeliyində olan qeyri-rəsmi məsləhətçilərindən hansınasa bir qutu şokolad hədiyyə edə bilər – əslində, kinli, başqalarına yuxarıdan aşağı baxan, həyasız, verdiyi salamı da məqsədlə verən bir adamdır. Makron prezident seçiləndən sonra onun əsl təbiəti haqqında danışanların sayı az da olsa, artıb. Düzdür, onlar prezidentin necə xarakterli bir adam olduğunu nə kamera qarşısında, nə də mikrofon önündə açıqlamırlar. Ancaq öz çevrələrində, yaxın dostlarının yanında etiraf edirlər ki: “Makron özünü insanlara şirin satır, onlardan istifadə edir, sonra da əlini sildiyi kağız dəsmal kimi onları kənara atır”. “Makron ona kölgə salan adamları – istər, dostu olsun, istərsə də, düşməni – tapdalayıb əzir”, – deyə onun keçmiş həmkarlarından biri etiraf edir. “Makron kimisə irəli çəkməkdə, kimisə səhnəyə çıxarmaqda əla mütəxəssisdir. Lakin sonra irəli çəkdiyi, səhnəyə çıxartdığı adamın başına bir güllə vurub onu məhv edir”, – deyə onun başqa bir keçmiş həmkarı təşviş içərisində pıçıldayır.

Fransanı “Nümunəvi Respublika” kimi təqdim edən Emmanuel Makronun cəlbedici görüntüləri və gözəl çıxışları arxasında, onun yaratdığı bulanıq siyasi super-prezidentlik, Qərb demokratiyasından seçilən, respublika monarxiyasına daha çox bənzəyən bir sistem dayanır.

Bu arxaik siyasi mexanizmlər, prezidentin lap yaxın çevrəsindəki adamlar tərəfindən tamamilə qəbul olunub və mükəmməl bir şəkildə həyata keçirilir. Aleksandr Benalla murdar hərəkəti ilə bütün ölkədə böyük qalmaqala səbəb olan bu adam da prezidentin yaxın çevrəsinə daxildir. “Əslində, Yelisey sarayında hər şey, sizin prezidentlə nə qədər yaxın olub-olmadığınız üstündə qurulub. Məsələn, prezident sizi görəndə gülümsəyirmi, sizi adınızla çağırırmı və sairə... Bu şah sarayına mənsub olan bir fenomenidir”. Bu sözləri Arian Şeminin və Fransua Krüqun may ayının 1-də baş verən skandal haqqında yazdıqları məqalədən bir neçə gün sonra prezidentin keçmiş “missiya icraçısı” Le Monde qəzetinə verdiyi müsahibəsində deyib. Bu məsələ (Benalla məsələsi) sadəcə bir “yay serialıdır” deyə prezidenti dəstəkləyənlərdən biri, bu skandalı minimuma endirməyə cəhd edir. Bu hadisə həm prezidentin özünü, həm onun çevrəsini, eləcə də bütün dövlət qurumlarını əməlli-başlı vəlvələyə salmışdı. Biz bu məsələ barəsində sonrakı səhifələrdə ətraflı danışacağıq.

İyulun sonunda, mayın 1-də baş verən hadisənin ortaya çıxmasından bir müddət sonra indiyə qədər bu məsələ barəsində heç bir fikir bildirməyən dövlət başçısı Latın Amerikası Evindəki toplantıda ona sadiq adamların qarşısında Aleksandr Benalla haqqında danışıb ona haqq qazandırandan sonra gurultulu alqışlar altında qətiyyətlə əlavə edir: “Bu məsələdə yeganə cavabdeh ancaq və ancaq mən özüməm. Nə istəyirlər qoy mənə eləsinlər”. Bir neçə həftə sonra bu sözləri deyən adam “Avropa” radiosunun mikrofonu qarşısında jurnalistlərdən xahiş etdi ki, onun keçmiş həmkarına (Benalla) qarşı bir az “mərhəmətli” olsunlar. Nə səbəbə prezident əvvəl dediyini indi inkar edir?

Məsələ burasındadır ki, istintaq zamanı ortaya çıxdı ki, Aleksandr Benalla prezidentliyə namizəd Makronun seçki kampaniyası zamanı istifadə etdiyi bütün gizli şəbəkələrin sirrini bilir. Ona görə də o vaxt prezidentliyə namizədin Çad ölkəsinə səfəri ilə bağlı qalmaqallı məsələlərin, eləcə də onun şübhəli Fransa-Afrika əlaqələrinin qəflətən ortaya çıxması, dövlət başçısının danışıq tonunda bəzi dəyişikliklər yaratdı. Prezidentin mətbuat xidməti ölkəyə çatdırdı ki, Aleksandr Benalla Yelisey sarayında “heç vaxt nə rəsmi, nə də qeyri-rəsmi vasitəçi olub”.

Göründüyü kimi hakimiyyətdə olan şəxs, heç üzdə də olsa, özünün keçmiş missiya icraçısına dayaq durmur. Ancaq buna baxmayaraq, birbaşa hakimiyyətə ünvanlanan bir çox suallar cavabsız qalır: “nəyə görə Yelisey sarayı mayın 1-də baş verən qalmaqallı məsələdən sonra prezidentin keçmiş köməkçisini müdafiə etdi? Aleksandr Benallanın evindəki seyf niyə yoxa çıxdı? Onu kim və nə üçün aradan götürdü? Hansı səbəblərə görə bu adamda iki diplomatik pasport və iki xidmət pasportu olub? Niyə həm prezidentin özü, həm də onun bəzi yaxın əməkdaşları Aleksandr Benalla prezident sarayından birdəfəlik gedəndən sonra onunla əlaqə saxlamaqda davam ediblər?”.

Ümidvarıq ki, əlinizdəki bu kitab sizə bu cür çoxsaylı sualların cavablarına aparan yeni-yeni yollar göstərəcək.

2019-cu ilin fevralında senatorların mətbuatda nəşr olunmuş hesabatlarından məlum oldu ki, Aleksandr Benalla ilə bağlı bu skandal, prezident sarayında baş verən “əsas disfunksiyaların” üstünə çox güclü və gözqamaşdırıcı bir işıq salır. Mediapart saytı üzə çıxardı ki, Vəncan Qras və onun “şilləvuranı” Aleksandr Benalla rus oliqarxları İsgəndər Mahmudov və Fərhad Əhmədovla 2,2 milyon avro müqabilində təhlükəsizlik müqavilələri imzalayıblar!

Bu ifşaların qarşısında prezidentin yaxın köməkçiləri və onun mətbuat xidməti bütün günahları keçmiş “missiya icraçısı” Aleksandr Benallanın boynuna qoydular – hər şeyin günahı ondadır. Mediada onların bu texnikasını “yeganə fiksasiya nöqtəsi” adlandırdılar. Benalla serialında hər gün yeni faktların ortalığa çıxması nəticəsində, dövlət başçısının cavabdehliyi onun yaxın və sadiq adamları tərəfindən tədricən kənara qoyuldu.

17-ci əsrdə qələmə alınan “Saray adamı” əsərinin müəllifi Baltasar Qrasian yazırdı: “İnsanı dostlarına görə mühakimə edərlər”.

(ardı var)

 

Chosen
45
1
xalqqazeti.az

2Sources