EN

Dünya Azərbaycanlı Alimlər Birliyi qədim diyarda

Naxçıvan Dövlət Universiteti ilə Dünya Azərbaycanlı Alimlər Birliyi arasında görüş keçirilib, akademik əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

Bu münasibətlə keçirilən görüşdə rektor Elbrus İsayev universitetdə təhsilin keyfiyyətinin artırılması üçün görülən işlər haqqında qonaqlara geniş məlumat verib. Bildirilib ki, əsas məqsəd Azərbaycan və beynəlxalq təhsil sistemləri ilə inteqrasiyanı gücləndirərək, ali təhsil müəssisəsini dünyanın qabaqcıl universitetlərindən birinə çevirməkdir. Diqqətə çatdırılıb ki, tədqiqat potensialını artırmaq, əmək bazarı və sənaye ilə sıx əlaqələr qurmaq, tədqiqatyönümlü tədrisi inkişaf etdirmək universitetin prioritetlərindəndir.

Dünya Azərbaycanlı Alimlər Birliyinin sədri, professor Məsud Əfəndiyev elmin və təhsilin inkişafının müasir cəmiyyət üçün əsas prioritet olduğunu vurğulayıb. Professor bildirib ki, elm və təhsil sahəsindəki irəliləyişlər sosial və iqtisadi inkişafın mühüm təməlini təşkil edir. Müasir dövrdə elmi tədqiqatların və akademik fəaliyyətlərin dünya səviyyəsində rəqabətli olması, həm intellektual, həm də texnoloji inkişaf üçün əvəzsiz amildir. Professor, həmçinin universitetlərdə tələbələrin araşdırma üsuluna daha çox cəlb edilməsinin vacibliyini, eləcə də elmi əsaslarla düşünmə və tədqiqat bacarıqlarının inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.

Sonra Naxçıvan Dövlət Universiteti ilə Dünya Azərbaycanlı Alimlər Birliyi arasında akademik əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Memoranduma akademik və tədqiqat heyətinin qarşılıqlı mübadiləsi, tərəflərin fəaliyyət göstərdiyi ölkələrin qanunvericiliyinə uyğun olaraq ikili diplom proqramlarının həyata keçirilməsi, akademik tədqiqat məlumatlarının və texniki materialların mübadiləsi, mədəni fəaliyyətlərdə nəşr və yaxud əməkdaşlıq etmək məsələləri nəzərdə tutulub. Həmçinin konfrans, seminar, simpozium, konqres və digər ortaq akademik və elmi tədbirlərin təşkili, eləcə də Dünya Azərbaycanlı Alimlər Birliyinə üzv alimlərin Naxçıvan Dövlət Universitetində mütəmadi olaraq təlim və seminarlarının keçirilməsi planlaşdırılıb. Bu memorandum iki qurum arasında elmi və akademik əlaqələrin genişləndirilməsinə xidmət edəcək.

Sonda Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev professor Məsud Əfəndiyevə xatirə plaketi və “Naxçıvan. Şərqin Əfsanəsi” kitabını hədiyyə edib.

***

Dünya Azərbaycanlı Alimlər Birliyinin sədri, professor Məsud Əfəndiyev AMEA Naxçıvan Bölməsinin qonağı olub. Naxçıvan Bölməsi kollektivinin iştirakı ilə keçirilən görüşdə bölmənin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək qonağı salamlayıb. Azərbaycanlı alimlərin dünya elminə verdikləri töhfələri yüksək qiymətləndirən akademik qeyd edib ki, xaricdə yaşayan hər bir azərbaycanlı alim elmə yanaşı, həm də öz vətənini, xalqını uğurla təmsil edir.

AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən “Xalq qəzeti”nə verilən məlumata görə, bölmənin sədri akademik İsmayıl Hacıyev qonağı kollektivə təqdim edib və bildirib ki, Məsud Əfəndiyev Almaniyada yaşayan azərbaycanlı riyazıyyatçı, professordur. O, Almaniya hökumətinin təsis etdiyi dünya elmində ən yüksək təltiflərdən sayılan “Aleksander fon Humboldt” mükafatını almış ilk azərbaycanlıdır. Alim Almaniyanın müxtəlif universitetlərində, o cümlədən Münhen, Ştutqart, Berlin universitetlərində dərs deyib. Həmçinin Dünya Azərbaycanlı Alimlər Birliyinin yaradılmasının təşəbbüskarı və rəhbəri, çoxsaylı elmi əsər və araşdırmalar müəllifidir. Elm sahəsində nailiyyətlərinə və Azərbaycan diasporunun inkişafında xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 21 aprel 2022-ci ildə “Əməkdar elm xadimi” fəxri adı ilə təltif edilib.

Akademik İsmayıl Hacıyev AMEA Naxçıvan Bölməsinin yaranma tarixi, strukturu, fəaliyyətinin əsas istiqamətləri və əldə olunan elmi nəticələr haqqında qonağı bilgiləndirib, sonda qonağa kitab hədiyyə edib.

Yığıncaqda çıxış edən professor Məsud Əfəndiyev Naxçıvana gəlişinin məqsədindən danışıb, Almaniyada yaşayıb fəaliyyət göstərən azərbaycanlı alimlərlə bağlı bəzi statistik göstəriciləri diqqətə çatdırıb. Ölkədən kənarda yaşayan azərbaycanlı alimlərin təşkilatlanması və əlaqələrinin genişləndirilməsi məqsədilə təsis olunmuş Dünya Azərbaycanlı Alimlər Birliyi barədə məlumat verib. Xoş təəssüratlarını iştirakçılarla bölüşüb.

Sonda alim ona ünvanlanan sualları cavablandırıb. Professor həm də bölmə alimlərinin nəşr olunmuş əsərlərindən ibarət sərgi ilə tanış olub, öz təəssüratlarını bölüşüb.

Səbuhi HƏSƏNOV
XQ

 

Chosen
15
4
xalqqazeti.az

5Sources