EN

Əsədin əsgərləri DANIŞDI: 61 illik REJİM BELƏ ÇÖKDÜ

Suriyada 61 illik BƏƏS (Ərəb Sosialist Dirçəliş Partiyası) rejimi 12 gün ərzində sürətlə süqut etdi. Prezident Bəşər Əsəd Rusiyaya qaçarkən, onun əsgərləri rejimin süqut prosesini ətraflı şəkildə izah ediblər.

Musavat.com-un məlumatına görə, "The Telegraph" qəzetinə danışan əsgər və zabitlər illərlə məşq etmələrinə baxmayaraq, 12 gündə necə məğlub olduqlarını ilk dəfə ətraflı şəkildə açıqlayıblar.

Suriya Silahlı Qüvvələrində xidmət edən əsgər və zabitlər, öz rəislərini xəyanətdə ittiham ediblər. Rejim ordusunun üzvləri müxalifətin sürətlə Dəməşqə doğru irəlilədiyi vaxtda, orduda komandanlıq zəncirinin tamamilə pozulduğunu, orduda xaosun hökm sürdüyünü bildiriblər.

Bəşər İbrahim adlı bir zabit müxalifətə qarşı qalib gəlmələrinin mümkün olmadığını və bunun iki əsas səbəbini izah edib: "Birincisi, maaşlar çox aşağı idi. Heç kim ayda 30 dollar üçün döyüşmək istəmirdi. İkincisi, heç bir əmr gəlmədi. Biz nə etməli idik? Düzünü desəm, sadəcə ailələrimizə qayıtmaq və bu dəlilikdən xilas olmaq istəyirdik".

Bəşər Əsədin qardaşı Mahir Əsədin rəhbərlik etdiyi Dördüncü Zirehli Diviziyada leytenant rütbəsində xidmət edən İbrahim bildirib ki, müxalifət hərəkətə keçdikdə Livan sərhədindəki Hina dağ kəndinə yaxın ərazidə yerləşdirilib. Daha sonra HTŞ Hələbi ələ keçirdikdə Dəməşqi müdafiə etməyə hazırlaşmaq üçün diviziyanın qərargahına çəkilmə əmri verilib.

Qeyd edə ki, Mahir Əsədin komandanlığı altında olan Dördüncü Diviziya Suriya ordusunun ən elit birliyi sayılırdı, lakin əslində bu, göründüyü kimi deyildi. 2017-ci ildə HTŞ-nin İŞİD ilə əlaqəni kəsdiyini əsgərlərə bildirən leytenant İbrahim orduda geniş bir qorxu və çaşqınlıq yarandığını söyləyib. Onun sözlərinə görə, dörd gün ərzində Hələbin süqutunun ardından həmkarları arasında böyük çaxnaşma yaşanıb.

Latakiyadan olan leytenant Məhəmməd Əli əvvəllər 200 minə yaxın əsgəri olan Suriya ordusunun korrupsiya səbəbindən zəiflədiyini qeyd edib.

Polkovnik Əhməd bildirib ki, Əsəd rejimi 12 gündə süqut etmədi, əslində bu proses illər öncə başlandı. Onun sözlərinə görə, Suriya ordusunun silahlarının böyük hissəsi generallar tərəfindən satılıb, bu səbəbdən ordu müqavimət göstərə bilməyib.

Tartus şəhərinin yaxınlığında xidmət edən çavuş Səmər Həmid isə hərbi liderlərə qarşı ümumi nifrətin olduğunu qeyd edib. O həmçinin, Suriya ordusunda xidmət etmələrinə baxmayaraq, heç bir əsgərin Bəşər Əsədi sevmədiyini vurğulayıb.

Onlar rejim süqut etdikdən sonra evlərinə qayıtmağa çalışan əsgər və zabitlər üçün hərbi bilet daşımağın qorxuya səbəb olduğunu bildiriblər.

Musavat.com

Chosen
8
musavat.com

1Sources