Bələdiyyələrdə yaradılmış gender komissiyalarında çatışmazlıqlar var.
“İki sahil” xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Baş İdarəsinin məsləhətçisi Fəridə Hacıyeva “Bələdiyyələrdə yaradılmış gender komissiyalarının işinin gücləndirilməsi” mövzusunda keçirilən konfransda deyib.
Onun sözlərinə görə, bəzi bələdiyyələrdə olan gender komissiyaları formal xarakter daşıyır:
"Artıq bütün bələdiyyələrdə gender komissiyaları yaradılıb. Lakin həmin komissiyaların bir çoxu formal xarakter daşıyır. Bələdiyyə yerli özünü idarəetmə qurumu olaraq birbaşa əhali ilə əlaqəyə girməlidir. Lakin bu həmişə belə olmur".
F.Hacıyeva bildirib ki, bələdiyyələrin risk qrupu ailələrlə görüşlərin keçirilməsi və maarifləndirmə tədbirlərinin təşkili olduqca müsbət nəticə verər:
"Keçirdiyimiz monitorinqlər nəticəsində gender komissiyalarının bu istiqamətdə naliyyətlərinə şahid olmuşuq. Sözügedən tədbirlərin sayının çoxalması üçün dəstək göstərməyə hazırıq".