EN

Ramazan Muradov: “Yıxılmadım, gözümü açanda hər tərəf duman və qum idi” - MÜSAHİBƏ

Həndbol üzrə “Kür” klubunun kapitanı Ramazan Muradovun İdman.biz-ə müsahibəsi

- "Kür" Azərbaycanın avrokuboklarda III mərhələyə adlayan ilk kişi həndbol klubu kimi adını tarixə yazdırdı. Bu nailiyyətdə əsas pay sahiblərindən biri də sizsiniz. İstərdim söhbətimizə avrokubok yolunuzdan başlayaq.

- Əlbəttə ki, bu, mühüm hadisədir. Biz hər kəsə sübut etdik ki, oynaya bilirik. Bütün dünya gördü ki, Azərbaycan həndbolunda böyük irəliləyiş var. Çünki avrokuboklarda birinci rəqibi keçdik, ikinci rəqiblə də pis oynamadıq. Birinci oyuna üç ay hazırlaşmışdıq. Özümüzə söz vermişdik ki, bu oyunu udacağıq. Udduq da.

- İkinci oyunda özünüzə söz verməmişdiniz?

- Bəxtimiz gətirmədi deyək.

- Nədə?

- Əvvəla, bizə güclü rəqib düşdü. Üstəlik, birinci oyunla ikinci oyun arasında vaxt az olduğu üçün yaxşı hazırlaşa bilmədik. Bəlkə də kifayət qədər zamanımız olsa, “Haukar”ı da keçərdik. İstənilən halda, üç mərhələ adlamaq bizə çox şey öyrətdi. Avropa klublarını gördük, səhvlərimizi analiz etmək imkanımız oldu. Bir sözlə, yaxşı təcrübə qazandıq. Növbəti mövsüm bu il qarşılaşdığımız klublardan hansısa düşsə, başqa cür oynayacağıq.

- Ramazan, neçə ildir həndbol oynayırsız?

- Atam da həndbolçudur. Təxminən, altı-yeddi yaşım vardı. Atam məni məşqçisi və komanda yoldaşları ilə tanış etdi. Beləcə onların yanında məşqə başladım. Həmin dövrdə mənim yaşıma uyğun qruplar yox idi. Ancaq bu mənə mane olmadı. Altı-yeddi il böyük yaş qrupları ilə oynadım. Komanda yoldaşlarım arasında məndən altı yaş böyük olanlar vardı. Mənim yaşıdlarım təxminən 2015-ci ildə gəldi.

- Və 2017-ci ildə artıq çempionatın bombardiri idiniz.

- Hə. On səkkiz yaşımda 66 qolla Azərbaycan çempionatının ən məhsuldar oyunçusu seçildim.

- Çox güman, uğura belə tez çatmağınızda tez başlamağınızın da rolu olub.

- Əlbəttə. Böyük yaş qrupları ilə oynadığım dövrdə onlar mənə çox kömək edirdi. Ancaq öz yaşıdlarımla oynasaydım, mənə ancaq məşqçi kömək edəcəkdi. Fikrimcə, bu mənim üçün daha yaxşı oldu.

- Həndbol atanızın istəyi idi, yoxsa özünüzün?

- Əslində, uşaq olanda marağım daha çox futbola idi. Ancaq vaxt keçdikcə həndbola sevgi yarandı. Əvvəl uşaq idim, bilmirdim, özüm üçün oynayırdım. Ancaq altı-yeddi ilimi həndbola verəndən sonra karyeramı davam etmək qərarına gəldim.

- Artıq bir neçə aydır ki, Mingəçevirə köçmüsünüz. Təzə şəhərinizə öyrəşmək çətin olmadı?

- İlk ayda müəyyən qədər çətinliklər oldu, ancaq sonra öyrəşdim. Əslində, Mingəçevirdə mənə çox rahatdır. Orada məşq üçün hər şəraitimiz var. Üstəlik, həyat yoldaşım da mənimlədir.

- Xanımınız da idmançıdır?

- Yox, həyat yoldaşım dizaynerdir. Mənə görə, buradakı işini qoyub Mingəçevirə köçüb.

- Təqdirəlayiq addımdır.

- Bilirəm (gülümsəyir)

- Sizcə, bölgələrimizdə həndbola olan maraq qənaətbəxşdir?

- Əvvəlki illərə nəzərən fərq özünü göstərir. İyirmi il qabaq uşağı həndbola dəvət etsən, deyərdi ki, o nədir? Bu gün isə vəziyyət xeyli dəyişib. Zalların doxsan faizində həndbol oynamaq üçün şərait var. Demək olar ki, rayonlarımızın 50-60 faizində həndbol məktəbləri fəaliyyət göstərir. Sadəcə onlara dəstək vermək, məşqçilər üçün seminarların sayını artırmaq, paytaxt, yaxud da xarici məşqçilərlə əlaqələrini gücləndirmək lazımdır. İllər öncə kiçikyaşlı uşaqların oyunlarında hakimlik edirdim. O dövrdə bölgələrdən tanıdığım uşaqlar var ki, bu gün çempionatımızda oynayırlar. Paytaxtdakı həndbol məktəblərində də inkişaf çoxdur.

- Sizin son oyunlarınızı tribunadan izləyirdim. Oyun zamanı təkcə legionerlərlə yox, ümumilikdə komanda ünsiyyətinin ingilis dilində olmağı diqqətimi çəkdi. Çünki çox vaxt həndbolçularımızın öz aralarında rus dilində danışdığını eşitmişəm.

- Hə, biz legionerləri də nəzərə alaraq daha çox ingilis dilində danışırıq. Əslində, həndbolda rus dilində danışmaq keçmiş SSRİ-dən qalan ənənə idi. Ancaq sizə deyim ki, indi vəziyyət dəyişir. Həndbolçuların çoxu Azərbaycan dilində danışır. Bəzən uşaqlara rus dilində nəsə deyirəm, onlar Azərbaycan dilində cavab verir.

- Maraqlıdır, həndbol çempionatımızın derbisi hansı komandalar arasında olur?

- “Kür”- “Bakı”, yaxud da “Kür” – “Azəryol”

- İkinci Qarabağ müharibəsi qazisisiniz. Döyüş yolunuz haqqında bizə danışa bilərsiniz?

- Deməli, 2020-ci ilin iyulunda əsgərliyə getdim. İki aydan sonra müharibə başladı. Füzulidə, müharibənin beşinci günündə yaralandım. Əvvəlcə nə baş verdiyini anlamadım. Qəlpə belimə və qoluma dəymişdi. Yıxılmadım, əyilib qaldım, gözümü açıb baxanda hər tərəf duman və qum idi. Birinci sol ayağımı atdım, ancaq gördüm ki, sağ ayağımı ata bilmirəm. Əlimi kürəyimə vuranda hiss etdim ki, belimdə deşiklər var və hər tərəf qan içindədir. Ağrı hiss etmirdim. Daha sonra yıxıldım. (düşünür) Bizim bölükdən yaralananlar olsa da, şəhid olmadı. Ancaq bir oğlan vardı – Rafael. “Voenkomat”a bir çağrılmışdıq, sonra da eyni hərbi hissəyə düşdük. Onunla aram çox yaxşı idi. Hardasa üç həftə bir yerdə olduq, sonra bizi böldülər, ayrı hərbi hissələrə düşdük. Müharibə bitəndən sonra bir gün təsadüfən sosial şəbəkədən Rafaelin şəhid olduğunu öyrəndim. Həmin an nələr keçirdiyimi sözlə izah edə bilmərəm. Rafaelin cəmi on səkkiz yaşı vardı… Allah bütün şəhidlərimizə rəhmət eləsin.

- Müharibədən sonra yenidən başlamaq… Çox güman asan olmayıb.

- Təxminən bir il çəliklə gəzdim. Bir il keçəndən sonra gördüm ki, artıq irəliləyiş var. Yavaş-yavaş məşqlərə başladım. Düzü, yaralanandan sonra peşəkar idmana qayıdacağımı düşünmürdüm. Çünki yaralarım çox ağrıyırdı, hətta bəzi yerlərdə hissiyyat belə yox idi. Sonra çempionata qatıldım, hər şey yavaş-yavaş qaydasına düşdü. Əvvəlcə uşaqlıqdan oynadığım “Təhsil” komandasında çıxış etdim. Orada iki il oynayandan sonra “Qarabağ”a keçdim. Sonra da “Kür” komandasında oynamağa başladım.

- Dediniz ki, peşəkar idmana qayıdacağınızı düşünmürdünüz. Bəs həmin bir ildə gələcəyinizi necə təsəvvür edirdiniz?

- İxtisasca fiziki tərbiyə müəllimiyəm. Pedaqoji Universitetin məzunuyam. Düşünürdüm ki, qayıtmaq alınmasa, məşqçiliyə keçəcəm. İstənilən halda, nə olsa belə gələcəyimi idmandan ayrı təsəvvür edə bilmirdim. İdman edənlərə baxıb düşünürdüm ki, üç-dörd ay qabaq mən də onlar kimi idim. Bütün həyatı qaçaraq keçən adamın çəliksiz gəzə bilməməsi… Həmin dövr mənim üçün çox çətin idi, çox…

Aytac Sahəd

İdman.biz

Chosen
14
idman.biz

1Sources