EN

Almaniya seçkilərə gedir, Şolts hökuməti niyə uğursuz oldu? - AÇIQLAMA

Almaniya Bundestaqı ölkənin federal kansleri Olaf Şoltsun rəhbərlik etdiyi koalisiya hökumətinə etimad göstərməyib. Bu səbəbdən də hökumət dağılıb. Artıq 2025-ci ilin fevralında ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsinə qərar verilib.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Zeynal Əmrəliyev deyib ki, hökumətin dağılmasının səbəbi koalisiya hökumətinin Sosial-Demokrat Partiyası və Yaşıllar Partiyası ilə birlikdəki ortağı Azad Demokrat Partiyasının hökumətdən çəkilməsidir:

 

“Hazırkı hökumət daxilində uzun müddətdir, ciddi fikir ayrılığı yaşanırdı. FDP hökumətə daxil olduqdan sonra partiya lideri Kristian Linder Almaniyanın maliyyə naziri vəzifəsini gətirilmişdi. Linder uzun müddətdir ki, büdcə xərclərini stimullaşdırmaq istəyir. Lakin hökumət rəhbəri Şolts buna razı deyil. Koalisiyanın ən böyük ortağı olan sosial-demokratların ölkədəki işsizlərə daha çox müavinət ayrılması, həmçinin miqrantlara bağlı mülayim siyasi addımları Azad Demokrat Partiyasını ciddi şəkildə narahat edir. Bu partiya ana müxalifətdə olan xristian-demokratlar kimi hərbi xərclərin azaldılması və miqrantlara qarşı sərt qanunları dəstəkləməsələr də, sərt büdcə siyasətini müdafiə edirlər. Hər ilin büdcə müzakirələri zamanı ortaya çıxan fikir ayrılıqları bu il böyük partlayışa səbəb oldu və nəticədə tərəflər yollarını ayrıldılar”.

 

Şərhçi qeyd etdi ki, koalisiya hökumətinin dağılmasının bir neçə səbəbləri var:

 

“İlk növbədə ABŞ-də Donald Trampın prezident seçilməsi Avropada çaşqınlıq yaratdı. Trampın Avropaya dəstəyi kəsəcəyi, daha çox NATO-nun  güclənməsinə diqqət artıracağı, Çinlə sıx əməkdaşlıq edən Avropa ölkələrini, xüsusilə də Almaniyanı cəzalandıracağı aydın məsələdir. Rəsmi Berlin Avropada Çinlə ən sıx münasibəti olan dövlətdir. Bu ilin aprelində Çinə səfər edən Almaniya kansleri Olaf Şolts bu ölkənin rəhbərliyi ilə görüşərək gələcək əməkdaşlıq barədə fikir mübadiləsi aparıb. Bu isə Çinə qarşı sərt mövqeyi ilə seçilən Trampın diqqətindən yayınmayacaq. İkinci bir məsələ isə Avropada sağçı partiyaların yüksələn nüfuzudur. Almaniyada solçuların, o cümlədən Sosial-Demokrat Partiyasının və xarici işlər naziri Annalena Berbokun rəhbərlik etdiyi Yaşıllar Partiyasının nüfuzu sürətlə azalır. Fransada Avropa parlamentinə, daha sonra isə ölkə parlamentinə keçirilən seçkilərdə radikal sağçı Marin Le Penin liderlik etdiyi Milli Cəbhənin xeyli sayda səs toplaması Almaniya siyasətinə də ciddi şəkildə təsir göstərib”.

 

Ekspert bildirdi ki, hazırda keçiriləcək seçkilərin favoriti olaraq müxalifətdə olan Xristian-Demokrat Birliyi görünür:

 

“2021-ci ildəki seçkilərdə iqdidarı itirən bu partiyanın yenidən üstünlük qazanması Angela Merkelin tərəfdarlarını 4 il sonra yenidən hakimiyyətə gətirə bilər. Normalda Bundestaqa seçkilər 2025-ci ilin sentyabrına nəzərdə tutulmuşdu. Ancaq koalisiya ortaqları bu “axsaq hökumət”in ömürünü daha bir neçə ay uzatmaq istəmədilər. Olaf Şolts hər nə qədər Fransa Prezidenti Emanuel Makron qədər biabırçı səhvlər buraxmasa da, güclü lider ola bilmədi. Xanım sələfi Angela Merkellə müqayisə edilməyəcək dərəcədə zəif olan Şolts, nəinki, Avropanın lideri ola bildi, öz ölkəsində də güclü lider imicini formalaşdıra bilmədi. Sosial-Demokrat Partiyasinın nüfuzunun azalmasında şübhəsiz, bu amil də əsas rol oynadı.Görünən odur ki, fevralda Almaniyada lider dəyişəcək.Olaf Şoltsun yerinə federal kansler vəzifəsinə xristian-demokratların lideri Fridix Merzin gəlməsi daha güclü ehtimaldır. Həmçinin ölkənin baş diplomatı, koalisiyanın ikinci lideri Berbokun da vəzifəsindən gedəcəyi gözlənilənir. Çünki Yaşılların səs faizində də xeyli azalma var. Nə qədər ciddi ehtimallar səslənsə də, təbii ki, son söz alman xalqınındır. Xüsusilə nəzərə almaq lazımdır ki, ABŞ və Çinin kəskinləşən münasibətləri fonunda keçirəcək bu seçki həm də Avropanın gələcəyinə yön verəcək”.

 

Günay Rəsulqızı

Chosen
41
1
sfera.az

2Sources