EN

NYT: Avropadakı siyasi xaos Ukraynaya da təsir edə bilər

Bakı, 19 dekabr, AZƏRTAC

Avropa siyasi xaosun içindədir və bu, Qərb ölkələrinin Ukraynaya dəstəyinə də təsir edə bilər.

AZƏRTAC xəbər verir ki, “The New York Times” qəzetinin məlumatına görə, Donald Trampın ABŞ prezident seçilməsi və Avropada “siyasi xaos” Ukraynaya verilən dəstəyə təsirsiz ötüşməyəcək.

Köhnə qitədə qeydə alınan “qeyri-sabitlik dalğası” Avropanı liderlikdən məhrum edib və siyasətçilər hazırda iqtisadi problemlərdən tutmuş ifrat sağ populist partiyaların yüksəlişinədək müxtəlif məsələlərlə məşğuldurlar. Bu amil Avropa liderlərini çətin vəziyyətə salıb və onlar Donald Trampın Ukraynadakı vəziyyəti həll etmək barədə təkliflərinə koordinasiyalı reaksiya verə bilmirlər.

Dekabrın 16-da Almaniya parlamentinin üzvlərinin əksəriyyəti növbədənkənar iclasda Olaf Şoltsa etimaddan imtina edərək, növbədənkənar parlament seçkilərinə yol açıblar. Yeni seçkilər Bundestaqın buraxılmasından sonrakı 60 gün ərzində keçirilməlidir. Bir müddət öncə Almaniya Prezidenti Frank-Valter Ştaynmayer 2025-ci il fevralın 23-də növbədəkənar seçkilərin mümkünlüyünü istisna etməyib. Seçkilərin nəticələrinə əsasən yeni hökumət formalaşacaq və yeni kansler seçiləcək.

Eyni zamanda dekabrın 4-də Fransa Milli Məclisi parlamentdən yan keçərək 2025-ci il dövlət büdcəsinin sosial hissəsini qəbul etdiyinə görə Mişel Barnyenin Nazirlər Kabinetinə etimadsızlıq barədə qətnamə qəbul edib. Sentyabrın 5-də baş nazir təyin edilən 73 yaşlı Mişel Barnye kabineti cəmi 90 gün fəaliyyət göstərərək Beşinci Respublika tarixində ən qısa hökumət olub. Dekabrın 13-də baş nazir təyin edilən mərkəzçi “Demokratik hərəkat” partiyasının lideri Fransua Bayru isə hələ kabinetini formalaşdırmayıb.

Chosen
15
2
azertag.az

3Sources