EN

“Kapital Bank” müştərilərinə XƏBƏRDARLIQ: Bunu etməyin! 

“Müştərinin günahı olmadan hesabından silinən vəsaitlərin hamısını geri qaytarmaq mümkündür”.

Yenisabah.az xəbər verir ki, bu sözləri “Kapital Bank”ın 2024-cü ilin 11 ayı və 2025-ci ilin  planlarına dair mətbuat konfransında bankın idarə heyətinin üzvü, Baş Risk İnzibatçısı Cavid Mirzəyev bildirib. O, məsələni ətraflı şəkildə belə izah edib:

“Kapital Bank”-ın təşəbbüsü ilə dünya miqyasında kiberdələduzluqla məşğul olan 100 sayt və 1000 sosial şəbəkə istifadəçisinin fəaliyyətinə son qoyulub. Bu saytlar güzəştli məlumatlar yerləşdirməklə müştərilərimizin kart məlumatlarını ələ keçirməklə onların hesabında müəyyən məbləğdə pulların oğurlanması və itkilərlə üzləşməsinə səbəb olub. Sözügedən göstərici keçən ilki rəqəmlərlə müqayisədə qat-qat üstündür. Ümumiyyətlə, digər ölkələrlə müqayisə etdikdə və statistikaya nəzər saldıqda bizdə kibertəhlühəsizlik tədbirlərimiz kifayət qədər adekvat həyata keçirilir. Yenə də 2025-ci il ərzində görülən tədbirləri artıracağıq”.

C.Mirzəyev hansı hallarda bank hesabından oğurlanan vəsaitin geri qaytarıla biləcəyini də açıqlayıb:

“İtkilər 2 cür baş verir ki, bunlar müştərinin günahı olduğu və ya olmadığı halda bu cür hallara rast gəlmək mümkündür. Müştəri əgər özü kart məlumatlarını, fin kodunu və nömrəsinə gələn 4 rəqəmli kodu 3-cü tərəfə ötürürsə və həmin üçüncü tərəf istənilən məbləği kartdan çəkirsə, bu müştərinin də bu məsələdə təqsirkar olduğuna işarədir. 

Növbəti bir hal isə müştərinin heç bir günahı olmadan baş verən əməliyyatlardır. “Chargeback” (Geri qaytarma əməliyyatın, xüsusən də kredit kartı əməliyyatının ödəyicisinə pulun qaytarılması) təcrübəsi var. Bundan həm “Mastercard”, həm də “Visa” istifadə edir. Ehtimal olunan dələduzluq baş verdiyi halda biz “Chargeback”-a müraciət edirik. 40 gün ərzində icra olunan bəlli bir prosesdir. Burada qiymətləndirmə həyata keçirilir. Əgər müştərinin günahı olmadan dələduzluq halı yaşanıbsa, yəni müştəri hesab məlumatlarını, fin kodunu və nömrəsinə göndərilən 4 rəqəmli kodu qarşı tərəfə ötürməyibsə, o zaman biz bütün hallarda vəsaiti geri çəkə bilirik. 

Ancaq əksər müşahidələrimiz onu göstərir ki, əsasən müştərilər öz kart məlumatlarını və 4 rəqəmli kodu üçüncü tərəfə ötürürlər. Belə olduğu təqdirdə, biz həmin maliyyə resurslarını geri qaytara bilmirik. Müştəri kart məlumatlarını öz istəyi ilə qarşı tərəfə verdiyi təqdirdə, burada nə “Mastercard”, nə də ki “Visa”nın günahı olmur”.

İnzibatçı onu da qeyd edib ki, bank növbəti ildən kiberdələduzluqla mübarizə sahəsində daha bir yeniliyə imza atacaq:

“2025-ci ildə süni intellektdən istifadə edərək, müştərinin telefonuna yüklədiyi zərərli tətbiqlər vasitəsilə “Birbank” tətbiqinin ələ keçirilməsinin qarşısını müəyyən qədər almağa çalışacağıq. Yəni müştərinin davranışına uyğun olmayan, anomaliya xarakterli proseslərin süni intellektlə “Birbank” tətbiqinə girişini məhdudlaşdıracağıq. Amma yenə də biz burada yüz faiz əminlik verə bilmirik. Tam olaraq, müştəri bank hesabı ilə bağlı məlumatları üçüncü şəxslərlə bölüşürsə, müəyyən qədər bunun qarşısını almağa cəhd edəcəyik”.

Aytac Şahin


Telegram kanalımız
Chosen
24
yenisabah.az

1Sources