EN

Rusiya Suriyadan bazalarını çıxarır – Yerləşəcəkləri ölkə açıqlandı

Suriyadakı hərbi bazalarını çıxaran Rusiya Yaxın Şərqdəki mövcudluğunu Liviyada davam etdirməyə hazırlaşır.

Teleqraf.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) məlumat yayıb.

ABŞ və Liviya hərbi mənbələri bildirirlər ki, ruslar öz hava hücumundan müdafiə sistemləri və digər silahlarını Suriyadan Liviyanın şərqində general Xəlifə Haftarın rəhbərliyindəki qüvvələrin nəzarətindəki bazalara daşımağa başlayıblar. Rusiya yük təyyarələrində F-400 və S-300 sistemləri də yer alıb. Moskva bu bazaların taleyi ilə bağlı Dəməşqdə hakimiyyəti götürən “Heyət Təhrir əş-Şam”la (HTŞ) tam razılığa gələ bilmədiyini deyir.

Suriyadakı Rusiya hərbi qüvvələri və döyüş təyyarələrinin sayı əhəmiyyətli dərəcədə azaldılıb. Suriyadakı bazalar Rusiyanın Yaxın Şərqdəki mövcudluğu üçün mühüm nöqtələrdir. Tartusdakı hərbi dəniz bazası Rusiya donanmasının Aralıq dənizində yeganə təchizat və təmir məntəqəsidir. “The Wall Street Journal” yazır ki, Moskva Yaxın Şərq və Afrikadakı mövcudluğunu saxlamaq üçün Liviyadakı bazalarından istifadə etməyi hədəfləyir.

Rusiya çoxdan Liviyanın şərqində mövcuddur. Bundan əvvəl Rusiyanın nəzarətində olan muzdlu qruplaşma “Vaqner” Afrikaya tranzit mərkəz kimi Haftara aid bir çox hərbi obyektdən istifadə etmişdi.

Amerika rəsmilərinin sözlərinə görə, Rusiya Liviyanın Tobruk şəhərində öz hərbi gəmilərini yerləşdirmək üçün obyektlərin genişləndirilməsi məsələsini nəzərdən keçirir. Haftar Liviyadakı vətəndaş müharibəsində mövqelərini gücləndirmək üçün uzun müddətdir Moskvadan hava hücumundan müdafiə sistemi istəyir. Hazırkı durumun bu baxımdan general Haftarın işinə yaraya biləcəyi deyilir.

Bununla belə, hərbi analitiklərin fikrincə, Liviyadakı hava və dəniz bazaları Rusiyanın Suriyada itirəcəklərini tam şəkildə kompensasiya etməyə bilər.


Müəllif: Mənsur Rəğbətoğlu
Chosen
35
7
teleqraf.com

8Sources