EN

İsrail 3 ölkəyə hücuma hazırlaşır – İranın “arxa bağçası” vuruldu

İsrail aviasiyası Yəmənə aviazərbələr endirib. Əs-Salif limanına hava hücumda 7 nəfər ölüb. Əl-Hudeyda əyalətinin Ras İsa bölgəsindəki neft obyektinə hava hücumları nəticəsində isə iki nəfər həlak olub.

Qəzzada HƏMAS-a, Livanın cənubunda “Hizbullah”a qarşı keçirilən genişmiqyaslı əməliyyatların ardınca İsrailin üzünü Suriya, İraq və Yəmənə çevirəcəyi bəlli idi. Suriyada mübahisəli Qolan təpələrinin nəzarətə götürülməsinin ardınca Təl-Əvivin Yəməni vurması təsadüfi deyil.

Yəməndə də hazırda faktiki olaraq mərkəzləşmiş dövlət yoxdur. Ölkədə İranmeyilli husi qruplaşması əsas güc olsa da, müxalif və radikal qruplaşmaların nəzarətində olan məhəlli bölgələr var. Husilər İsrailin həm Qəzzada HƏMAS-a qarşı, həm də Livanda “Hizbullah”a qarşı keçirdiyi əməliyyatlar zamanı Təl-Əvivə problemlər yaratmışdı. Daha dəqiq desək, Husilər həm İsrail ərazisinə raket zərbələri endirmiş, həm də Qırmızı dəniz ticarətinə ciddi problemlər yaratmışdı.

İsrailin HƏMAS, “Hizbullah”, Husilərə qarşı əməliyyatları eyni məntiqə uyğundur. Təl-Əviv faktiki olaraq İranın ətrafına səd kimi yaydığı proksilərini sıradan çıxarır. Tehran bu proksiləri həm İsrailə qarşı, həm də özünümüdafiə məqsədi ilə istifadə edirdi.

İsrail HƏMAS və “Hizbullah”ı tam məğlub etməsə də, zərərsizləşdirməyi bacardı. Suriyada isə Əsəd rejimi devrildi (müəyyən mənada İsrailin dəstəyi ilə). Təl-Əviv Husiləri də HƏMAS və “Hizbullah” kimi oyundan xaric etmək istəyir. Bundan sonra isə son zərbə kimi İraqdakı İran proksiləri hədəf seçilə bilər.

İsrail illərdir İran proksiləri ilə mübarizə aparır. Lakin bu mübarizəsinin əsas məqsədi İrana müdaxiləni təmin etməkdir. Prinsip etibarilə İran və İsraildəki rejimlərin bir-birinə ehtiyacı var. İllərdir tərəflərin bir-birinə qarşı birbaşa hücuma keçməsinin səbəbi budur. Amma İran uranı zənginləşdirərək və nüvə silahı əldə etməyə yaxınlaşaraq illərdir davam edən balans ehtiyacını aradan qaldırdı. İsrail İrandakı rejimi devirmək və ölkəni gücdən salmaq üçün parçalamaq istəyir.

Yəni proksilərin tam sıradan çıxarılmasından sonra Təl-Əviv İrana yönələcək. Əlbəttə, bu, total müharibə, ya da işğalla deyil, beynəlxalq koalisiya ilə edilə bilər. Bunun üçün isə Təl-Əviv İranın ona hücum etməsini, ya da ciddi zərbə vurmasını istəyir. 2025-ci ildə İsrailin əsas hədəfi bu ola bilər.


Politoloq Turan Rzayev

Chosen
18
41
referans.az

10Sources