EN

İsveçrə və Avstraliya deputatlarının Qarabağ erməniləri ilə hansı bağlantıları var? – İtən “dostların”axtarışı davam edir

İsveçrənin xarici işlər naziri İqnazio Kassis bir sıra yerli deputatların Qarabağla bağlı beynəlxalq konfransın çağırılması təşəbbüsünü rədd edərək bildirib ki, Ermənistan və Azərbaycan bütün məsələləri özləri həll etməlidir. Beləliklə, bu ölkənin XİN-i parlamentin aşağı palatasının  İsveçrə hökumətini “Azərbaycanla ermənilər arasında açıq dialoqu təşviq etmək üçün beynəlxalq sülh forumuna çağırış etdi” qətnaməsinə son qoyub. 

Ümumiyyətlə, bəzi isveçrəli deputatların məsələyə bu cür yanaşması təəccüblü deyil. Çünki qətnamənin  mətni İsveçrənin icra hakimiyyətinə  yazılı sorğu göndərmək təşəbbüsü ilə çıxış edən Erix Fontobelə məxsusdur. Qarabağ ermənilərinin geri qaytarılması və onların hüquqlarının bərpası üçün çalışan ermənipərəst deputatların kimin sifarişini yerinə yetirdiyi məlumdur. Ona görə də,  İsveçrədəki Azərbaycan diaspor təşkilatları özünü hər zaman bitərəf kimi təqdim edən  bu ölkənin parlamentinə bəyanat göndərərək anti-Azərbaycan eyhamlarının tarixi reallıqları əks etdirmədiyini bildiriblər.“Dağlıq Qarabağ: Sülh Konfransı” adlı hazırkı qətnamənin lehinə 96 deputat səs verib. Əleyhinə olan deputatların sayı isə 80 nəfər olub. Cəmi 16 deputat bitərəf qalıb. Bu nəticələr erməni cəmiyyətində çaşqınlıq yaradıb. Yeri gəlmişkən, 2012-ci ildə “İsveçrə-Ermənistan” parlament dostluq qrupunun üzvü olan bir sıra isveçrəli deputatlar Azərbaycan qanunlarına zidd olaraq o vaxtkı işğal olunmuş Qarabağa səfər etmiş və orada hərbi cinayətkar Bako Saakyanla görüşmüşdülər. O zaman separatçı qurumun “prezidenti” Saakyan qonaqlara Şuşada ziyafət də vermişdi. Eyni zamanda qrupun həmsədrlərindən biri Dominik de Boman bəyan etmişdi ki,  Azərbaycanın qara siyahısına düşməkdən belə qorxmur: “Çünki deputatların müxtəlif ölkələrə səfər etmək hüququ var və biz müstəsna olaraq bu ölkə daxilində fəaliyyət göstəririk”.

Daha sonra Avstraliya Nümayəndələr Palatasının üzvü Pol Fletçer də Bakını ittiham etməyə başlayıb. O qarabağdakı separatçıların liderlərindən biri, hərbi cinayətkar David İşxanyanı dərhal azad edilməsini “tələb” edib.  Eyni zamanda, avstraliyalı deputat İşxanyanla dostluq münasibətlərindən bəhs edib və bildirib ki, dostunun Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin təcridxanasında saxlanması onu  narahat edir.  Eyni zamanda, Fletçer “Avstraliya Azərbaycanı izləyir” adlı məqalə də yazıb.

Əvvəlcə onu xatırladaq ki, 2019-cu ilin avqustunda Avstraliyada “Artsaxla dostluq dərnəyi”nin yaradılması elan edilmişdi ki, bu dairəyə digər məsələlərlə yanaşı, Federal Parlamentin deputatları və senatorları, nazirlər də daxil idi. Cənubi Uels əyalətinin baş naziri, ştat parlamentinin yuxarı və aşağı palatalarının spikerləri də bura daxil idi.  Məhz həmin ilin avqust ayında İşxanyan Avstraliyaya səfər edib və “dostunun” qonağı olmuşdu. Fletçer də beş il əvvəl baş tutan həmin görüşün təsiri altındadır. Üstəlik, həmin il iyulun 30-da Federal Parlamentdə bir sıra Qarabağ separatçıları üçün qəbul təşkil olunub.

Sual yaranır, İsveçrə və Avstraliyanın bəzi deputatları Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edərək, hərbi cinayətkarları öz vətənlərində qəbul etməklə beynəlxalq hüququn norma və prinsiplərini pozmağı biabırçılıq hesab etmirdilərmi? Məgər onlar bu prinsipə əməl etməyi nümunə göstərməli deyillərmi?

Hansı səbəbdən bəzi avstraliyalı parlamentarilər  müharibə cinayətkarlarını belə həvəslə öpürdülər.

Vəli Həsənoğlu,

KONKRET.az

Chosen
24
konkret.az

1Sources