Sabirabadda 18 yaşlı oğlan 59 yaşlı kişini bıçaqladı — TƏFƏRRÜAT
Sabirabad rayonunda 2006-cı il təvəllüdlü Samir Əsgərov şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı 1965-ci il təvəllüdlü Surxay Alməmmədovu bıçaqlayıb.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 25 oktyabr 2023-cü ildə Sabirabad rayonunun Güdəcühür qəsəbəsində baş verib. Samir qəsəbə sakini Surxay ilə sonuncunun onun ünvanına nalayiq ifadə işlətməsi və təhqir etməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı üzərində olan bıçaqla qarın nahiyəsinə bir dəfə vurub.
Hadisəni törədən Samirin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Samir ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, baş vermiş hadisəni tam xatırlamır.
Qeyd edək ki, Samir epilepsiya mənşəli üzvi şəxsiyyət pozuntusundan əziyyət çəkir. O, öz əməllərinin faktiki xarakterini və ictimai təhlükəli nəticələrini dərk etməyib, onları idarə etmək qabiliyyətində olmayıb.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Surxay bildirib ki, təqsirləndirilən Samir hadisədən təxminən 3-4 ay əvvəl öz anasıyla onun yaşadığı qəsəbədə yaşamağa başlayıblar: “Qəsəbədə mən və digər yaşlılar qardaşımın çəpərinə yaxın yerdə yığışaraq həmişə domino oynamışıq. Samir də dəfələrlə yanımızda olub. Samirin danışığında kobudluq hiss etmişəm. Bir neçə dəfə ona “buradan get” demişəm. Samir də həmişə gedib”.
Zərərçəkmiş qeyd edib ki, 25 oktyabr 2023-cü ildə, saat 13 radələrində yenə də qəsəbədə Əşrəf, Ramiz və Rasimlə domino oynayıb, həmin vaxt ətrafda başqa adamlar da olub. “Həmin şəxslər də oyun bitdikdən sonra özlərinin oynamaq növbələrini gözlədilər. Həmin vaxt Samir yanımıza gələrək Rasimə “qapımız sınıb onu düzəldərsən?” dedi. Rasim isə ona “Surxay düzəldər” dedi. Mən isə bu işi görə bilməyəcəyimi bildirdim. Sonra isə Samir “Əşrəf babam ilə gedərik” dedi. Əşrəf də “mənlik deyil” söylədi. Həmin vaxt Samir yanımızda olan iki azyaşlı uşaqlara nalayiq ifadələr işlətdi. Buna görə də ona “çıx get burdan, o nə sözdü işlədirsən!” dedim. Samir isə ayağa qalxaraq “sən ağsaqqal adamsan, sənə hörmət eləyirəm” deyərək mənə qarşı da nalayiq ifadə işlətdi. Buna görə ayağa qalxdım və onun üzərinə getdikdə Samir əyilərək yerdən bir daş götürdü. O, həmin daşı mənə doğru atdı. Həmin daş sinə nahiyəmə dəydi. Samirin üzərinə yenidən onu tutmaq məqsədi ilə getdikdə ona çatmadım. Lakin Samir yerə yıxıldı. Ətrafdakılara su gətirməsini dedim. Samirin üzünə su vurdular. Samir oyandıqdan sonra ona xəstə olduğu halda buraya niyə gəldiyini və özünün evə gedə bilib-bilməyəcəyini soruşdum. Ətrafdakılar da onun özünü yaxşı hiss etdiyini və gedə biləcəyindən əmin olduqdan sonra Samiri evinə yola saldılar”.
Surxay deyib ki, bu hadisədən bir neçə dəqiqə sonra Samirin anasıyla gəldiyini görüb: “Samirin anası nə desə də, cavab verməyəcəyimi düşündüm. Samir və anası yanımıza çatdıqda sonuncu “uşaqla nə işiniz var?” deyə soruşdu. Mən də həmin şəxsə onunla işlərimizin olmadığını, uşaq xəstə olduğu halda onu niyə çölə buraxdıqlarını soruşdum. Mən danışarkən Samir yanıma yaxınlaşdı. Həmin vaxt əlimdə olduğundan domino oynamışdım. Samirin anası ona başı ilə işarə etdikdən sonra Samir mənə bıçaq zərbəsi endirdi. Lakin bıçaqlandığımı hiss etmədim. Samirə “nə olub” dedim. Samirin əlində bıçağı gördükdən sonra onun məni bıçaqla vurduğunu anladım. Samirin məni orada bıçaqlamağa hünəri çatmazdı. Lakin Samir evdə öyrədilib."
Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Samir Əsgərovun Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini anlaqsız vəziyyətdə törətməsi sübuta yetirilmiş hesab olunub.
Təqsirləndirilən şəxsin ictimai təhlükəli əməli törətdiyi zaman anlaqsız vəziyyətdə olduğuna görə cinayət məsuliyyətindən və cəzadan azad edilib. Onun barəsində Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə əsasən ixtisaslaşdırılmış tipli psixiatriya stasionarlarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilib. Qərarın icrası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına həvalə edilib.
Fariz Məlikli
Demokrat.az