EN

Tarixin ikinci Nürnberq prosesi Bakıda olacaq: "Hərbi cinayətkarlar layiqli cəzalarını çəkəcəklər"

Azərbaycanda həbsdə olan erməni hərbi cinayətkarların işi məhkəməyə göndərilib. Baş Prokurorluqdan verilən xəbərə əsasən, məhkəmə 15 nəfərin ümumilikdə 2 548 epizod üzrə işinə baxacaq. Məlumatda bildirilir ki, Azərbaycan Respublikası və xalqına qarşı törədilən təcavüz aktı, işğal, soyqırımı, sülh və insanlıq əleyhinə digər cinayətlər, müharibə cinayətləri, terrorçuluq və terrorçuluğun maliyyələşdirilməsi və digər çoxsaylı cinayətlərin törədilməsi faktları ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində cinayət işinin istintaqı aparılıb. Toplanmış mötəbər sübutlar əsasında ümumilikdə 2 548 epizod üzrə Ermənistan silahlı qüvvələri və qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfər - Qukasyan (Ğukasyan) Arkadi Arşaviri (Arşaviroviç), Arutyunyan Arayik Vladimiri (Vladimiroviç), Saakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Babayan Davit Klimi (Klimoviç), Mnatsakanyan Lyova Henrixi, Manukyan Davit Azati, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homerosi, Balayan Levon Romiki, Babayan Madat Arakeli (Arakeloviç), Beqlaryan Vasili İvani və Qazaryan Erik Roberti təqsirləndirilən şəxs qismində cəlb olunublar.
 
Göründüyü kimi, onların əməllərində müharibə cinayətlərinin bütün faktorları var. Lakin hazırda xaricdə onların azad olunması ilə bağlı çağırışlar var və bu amil, əslində, müharibə cinayətkarlarının törətdiyi əməllərə şərik olmaq deməkdir. Nə üçün həmin çağırışlar Serbiya, Xorvatiyadan olan şəxslərin məhkəmə prosesləri zamanı edilmirdi? Üstəlik, tarixdə Nürnberq və digər məhkəmələr var ki, müharibə cinayətkarlarını cəzalandırmaq üçün nəzərdə tutulub. İsrail İkinci Dünya müharibəsindən sonra yəhudilərə qarşı cinayət törədən nasistləri şəxsən tutub, ölkəyə gətirib cəzalandırırdı.
 
Bəhs etdiyimiz Nürnberq prosesi İkinci Dünya müharibəsinin qalib Müttəfiq dövlətləri tərəfindən məğlubiyyətə düçar olan nasist rejiminin öndə gələn şəxslərini mühakimə etmək üçün 1945-49-cu illərdə qurulan məhkəmədir. ABŞ, İngiltərə, Fransa və SSRİ-nin hakimlərindən təşkil olunan məhkəmələrdə müharibə cinayətləri maddələri ilə 12 nəfər ölüm, yeddi nəfər isə həbs cəzası almışdı. Bu məhkəmənin ardından ümumilikdə 177 nəfərin mühakimə olunduğu daha 12 məhkəmə prosesi reallaşdırıldı, 24 nəfər ölüm cəzasına məhkum olundu.
 
Digər bir nümunə kimi, 1960-cı ildə İsrail kəşfiyyatı MOSSAD-ın həyata keçirdiyi əməliyyatı göstərmək olar. Hətta prosesə birbaşa MOSSAD-ın rəhbəri İsser Harel şəxsən başçılıq edirdi. Söhbət 1941-45-ci illərdə yəhudilərin kütləvi şəkildə məhv edilməsinə birbaşa cavabdeh şəxs, Üçüncü Reyxin gestapo məmuru Adolf Eyxmandan gedirdi. "Yəhudi ovçusu" Argentinadan oğurlanıb İsrailə aparılmış, yalnız məhkəməyə çıxarılandan sonra onun axtarışında olan Argentina hökuməti məsələdən hali olmuşdu. Hadisənin üstü açılanda Argentina İsraildən "suverenlik hüquqlarının kobud şəkildə pozulması" ittihamı ilə BMT-yə şikayət etdi. İsrail Xarici İşlər Nazirliyi Argentinadan rəsmi şəkildə üzr istəsə də, BMT Təhlükəsizlik Şurası İsrail hökumətini, sadəcə, plandan "xəbərdar olmaq və göz yummaq"da ittiham edə bildi.
 
Bu nümunələr çoxdur və onların hamısı aktlaşdırlıb, hərbi cinayətkarlar layiqli cəzalarını alıblar. Lakin onların heç birinin azadlığa çıxması üçün çağırış edilməyib. Bəs niyə onlardan heç də az cinayət törətməyən, əksinə, əli daha çox qana batan və hazırda Bakıda həbsdə olan hərbi cinayətkarlara bəzi dairələr xüsusi diqqət göstərir, onların azadlığa çıxması üçün çağırışlar edilir? Məhz onların törətdiyi cinayətlər nəticəsində dörd minə yaxın vətəndaşımız itkin düşüb, yalnız Vətən müharibəsindən sonra aşkarlanan kütləvi məzarlıqlar nəticəsində soydaşlarımızın bəzilərinin aqibəti məlum olub, hətta onların nəinki işgəncələrlə qətlə yetirildiyi təsdiqlənib, cəsədlərinin belə zorakılığa məruz qaldığı sübut olunub. Yüzminlərlə vətəndaşımız dədə-baba yurdundan zorla qovulub, yaralanıb və həlak olub. Ərazi bütövlüyümüz pozulub, milli-mədəni abidələrimiz dağıdılıb, müharibənin bütün cinayətlərindən ölkəmizə və xalqımıza qarşı istifadə edilib. Bu cinayətlərin etnik zəmində, məqsədyönlü şəkildə baş verdiyinin sübutu isə ermənilərin əli çatan bütün azərbaycanlılara qarşı bu cinayətləri törətmələridir. Onlar tək Qarabağla məhdudlaşmayıb, Qarabağdan əvvəl Qərbi azərbaycanlıları torpaqlarından qovub, evlərini dağıdıb, yaralayıb və öldürüblər. Hətta Vətən müharibəsi dövründə cəbhə bölgəsindən uzaqda yerləşən şəhərlərimizə atılan raketlər və bunun hesablanmış nəticəsi də bunun göstəricisidir. Bütün bunlar müharibə və insanlıq əleyhinə cinayətdir, soyqırımıdır. Buna haqq qazandırmaq isə bu əməllərin məsuliyyətinə ortaq olmaqdan başqa bir şey deyil.
 
Mövzu ilə bağlı oxu.az-a danışan Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib ki, 30 ilə yaxın Azərbaycan ərazisinin bir hissəsinin Ermənistan tərəfindən işğalda saxlanılması həm beynəlxalq hüquqa, həm Azərbaycan milli qanunvericiliyinə əsasən hərbi cinayətdir:
"Bu hərbi cinayətin konkret rəhbərləri və iştirakçıları var. Onların bir hissəsini bu gün məhkəmə gözləyir və məhkəmə bu məsələ barəsində öz qərarını mütləq verəcək. Cinayətləri artıq sübuta yetirilib. Həmin şəxslərin hərəkətləri nəticəsində yüzminlərlə Azərbaycan vətəndaşı torpaqlarından didərgin düşüb, yaşayış məntəqələri, infrastruktur tamamilə dağıdılıb. Onminlərlə insan bu cinayətkarların qanunsuz hərəkətləri nəticəsində həyatını itirib. Belə bir hadisə Avropanın hansısa bir bölgəsində olsa idi, Avropa artıq bunu dünya gündəliyinin bir hissəsinə çevirmişdi. Amma bu gün nədənsə Azərbaycanın öz hüquqlarını qoruması, hərbi cinayətkarları məhkəmə qarşısına çıxarması, Qərbin müəyyən dairələri tərəfindən nəinki susqunluqla qarşılanır, hətta onların müdafiəsinə belə qalxırlar".
 
"Bu ondan irəli gəlir ki, bu gün onları müdafiə edənlər onların cinayətlərinin mənəvi iştirakçılarıdır. Onların vaxtilə uzun müddət ərzində cinayət törətməsinə göz yumublar. Hətta bu cinayətkarlara qarşı nəinki sanksiyalar tətbiq edilməyib, sərbəst şəkildə dünya ölkələrində gəzmələrinə şərait də yaradılıb. Lakin bu etirazlara baxmayaraq, məhkəmə baş tutacaq. Bu, tarixin ikinci Nürnberq prosesi olacaq və onlar layiqli cəzalarını alacaqlar", - deputat qeyd edib.
 
Millət vəkili əlavə edib ki, bu cinayətlərdə iştirak edənlərin rəhbər şəxslərin bir hissəsi hələ də Ermənistanda və xaricdə gizlənib:
 
"Onların da məhkəmə qarşısına çıxması tarixin tələbidir və bu baş verəcək".
 
Professor Fikrət Sadıxov isə oxu.az-a açıqlamasında bu hadisənin bəzi Qərb dairələrinin ikili standartlar tətbiq etməsinin daha bir bariz nümunəsi olduğunu deyib:
"Çünki onlar öz ölkələrində belə hadisələrin baş verməsi halında separatçı rəhbərləri həbs edirlər. Məsələn, bu günə qədər Kataloniyanın bir sıra rəhbərləri İspaniyadan ayrılmaq üçün keçirdikləri seçkilərə görə həbs ediliblər. Onların sabiq rəhbəri Karles Puçdemon hələ də axtarışdadır. Bu baxımdan, özlərinə diqqət yetirsinlər və diqqət yetirsinlər ki, separatçı addımlar nələrə gətirib çıxara bilər".
 
"Ona görə də bizim addımlarımız, bu istiqamətdəki fəaliyyətimiz beynəlxalq hüquqa tam əsaslanır. Əgər onlar hesab edirlər ki, ortada cinayət yoxdur, dəlil göstərsinlər. Bəs niyə dəlil gətirə bilmirlər? Çünki onların cinayətləri ortadadır, faktdır. Hərbi cinayətkarlar azərbaycanlılara qarşı cinayət törədiblər, yurd-yuvasından qovublar, bizə qarşı müharibə cinayətləri törədiblər. Belə olan halda sussunlar və Azərbaycanda baş verən hadisələrə müdaxilə etməsinlər. Çünki bu, bizim daxili işimizdir və bütün dünyada hərbi cinayətkarlar öz cəzalarını çəkməlidirlər".
 
Deputat Azər Badamov isə oxu.az-a açıqlamasında bu cinayətkarların əhatə dairəsinin daha geniş olduğunu bildirib:
"1990-cı illərin əvvəlindən başlayaraq, Qarabağda yaşayan azərbaycanlılara qarşı soyqırımları törədilməsində, güc yolu ilə deportasiyaların həyata keçirilməsində, şəhər və kəndlərimizin məhv edilməsində, Azərbaycanın Konstitusiya quruluşuna qarşı zidd hərəkətlərdə və digər cinayətlərdə təqsirli bilinən şəxslərin çoxu Ermənistan ərazisindədir. Bunlar Koçaryan, Sarqsyan, Ohanyan və digərləridir ki, onların əli dinc insanların qanına batıb. Onlar da ittiham kürsüsünə çıxarılmalı və törətdikləri cinayətlərinə görə cavab verməlidirlər. Bu baxımdan, Baş Prokurorluğun Ermənistanın müvafiq dövlət orqanına müraciəti tam əsaslıdır. Ermənistan Azərbaycanla sülh müqaviləsini imzalamaq və əməkdaşlıq edərək qonşuluq münasibətlərini formalaşdırmaq niyyətindədirsə, Baş Prokurorluğumuzun çağırışına cavab verməlidir. Azərbaycanın ərazilərinin işğal olunmasına və bir çox qanlı cinayətlərin törədilməsinə rəhbərlik və iştirak edən həmin şəxslər həm də Ermənistan hakimiyyəti və xalqı üçün də bir təhlükədir. Bu baxımdan, cinayətkarlar Azərbaycanda istintaq prosesinə təhvil verilərsə, regionumuza sabitlik və əməkdaşlıq qədəmlərini qoymuş olacaq".
 
"Təəssüf ki, Azərbaycanda həbsdə olan hərbi cinayətkar ermənilərin azad edilməsi ilə bağlı çağırışları müşahidə edirik. Əvvəlcə onu qeyd etmək istəyirəm ki, cinayətkara haqq qazandırmaq onun törətdiyi cinayətlərə şərik olmaq deməkdir. Bu baxımdan, hərbi cinayətkarların azadlığını istəməyi onların əməllərini ört-basdır etməyə cəhd kimi başa düşmək olar. Halbuki, beynəlxalq praktikada hərbi cinayətlərə əl atmış şəxslərin beynəlxalq tribunallarda ittiham olunaraq cəzalandırıldığını biz görmüşük. Birinci Qarabağ müharibəsi zamanı və ondan sonra azərbaycanlılara qarşı soyqırımları törədən və hərbi cinayət edən şəxslərlə beynəlxalq tribunalda cəzalandırılan faşistlər arasında heç bir fərq yoxdur. Bu baxımdan, saxlanılaraq hərbi məhkəmədə ittiham olunacaq erməni separatçıların da qanunlarımız əsasında ittiham olunması tam ədalətlidir", - deputat əlavə edib.
 
Mövzunu oxu.az-a şərh edən israilli politoloq Yuri Boçarov isə hesab edir ki, bir sıra ABŞ və Avropa siyasətçiləri öz maraqlarına xidmət etmək üçün Azərbaycana qarşı davamlı informasiya müharibəsi aparırlar:
"Bu müharibədə "qırmızı xət"lər yoxdur, burada bütün üsullara, istənilən yalana, saxtakarlığa yol verilir. Bu müharibədə əsas rol artıq uzun müddətdir ki, dünyanın real vəziyyətini əks etdirməyən, ancaq öz himayədarlarının maraqlarına xidmət edən, istədikləri siyasətçinin üzərinə qara ləkə atan və yalan danışan beynəlxalq mediaya verilir. Azərbaycan Respublikası iqtisadi gücünə əsaslanan tamamilə müstəqil xarici siyasətə malikdir. Məhz Azərbaycanın bu iqtisadi qüdrəti və geosiyasi imkanları, həm Yaxın Şərq, həm də Cənubi Qafqaz xəritəsində tutduğu yer, onun siyasi düşmənlərinin paxıllığının əsas səbəbidir".
 
"Kənardan baxanda, Azərbaycana və onun rəhbərliyinə kimlərin nə üçün böhtan atması, insan hüquqlarını pozmaqda ittiham etməsi, gah da hərbi cinayətkarların azadlığa buraxılmasına çağırmasının məqsədi çox aydın görünür. Eyni zamanda, onlar reallığı qətiyyən sezmək istəmir və son 30 ildə Azərbaycana və onun xalqına qarşı çoxlu cinayətlərin, o cümlədən soyqırımlarının törədildiyini etiraf etməyə hazır deyillər. Yalnız silah gücünə Azərbaycan öz torpaqlarını işğaldan azad etdi, lakin təəssüf ki, hərbi cinayətkarların hamısını həbs edə bilmədi. Qərbdə çoxları Azərbaycanda həbsdə olan hərbi cinayətkarların açıq mühakimə olunmasından ehtiyatlanırlar. Çünki onlar qorxurlar ki, öz hərbi cinayətlərinə bəraət qazandırmağa çalışanlar öz rəhbərləri, maliyyəçiləri, ideoloqları haqqında həqiqəti danışacaqlar, - politoloq vurğulayıb.
 
Müsahibimiz əlavə edib ki, Azərbaycan əldə etdiyi qələbədən sonra haqlı olaraq təkcə əli Azərbaycan xalqının qanına bulaşmış hərbi cinayətkarları deyil, həm də bu işğalın ideoloqlarını ədalət qarşısında cəzalandırmaq istəyir:
 
"Azərbaycan haqlı olaraq təkcə Ermənistanın deyil, həm də sponsorlarının cavab verməsini tələb edə bilər. Bunu həm Avropada, həm də ABŞ-də yaxşı başa düşürlər və buna görə də onlar həm hərbi cinayətkarların, həm də onların liderlərinin bütün məhkəmələrini dayandırmağa çalışırlar. Hər kəs Azərbaycanın haqlı olduğunu çox gözəl anlayır, lakin bu, bir çox Qərb liderlərinin soyğunçu və ekspansionist siyasətini önə çıxaran çox xoşagəlməz bir həqiqətdir. Ona görə də özlərini müdafiə etmək üçün əllərində olan hər vasitə ilə Azərbaycana, onun rəhbərliyinə böhtan atmağa hazırdırlar. Amma həqiqət yenə də qalib gələcək və tezliklə bütün dünya kimin haqlı, kimin günahkar olduğunu öyrənəcək".
Chosen
31
moderator.az

1Sources