EN

“Balaca Alim” bağçasına mediatur təşkil olunub

Bakı, 19 dekabr, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin “Özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi”nin qaliblərindən biri olan “Balaca Alim” uşaq bağçasına dekabrın 19-da mediatur təşkil edilib.

AZƏRTAC xəbər verir ki, 120 yerlik bu bağçada qrant layihəsi çərçivəsində 42 uşaq təhsil alır.

“Balaca Alim” uşaq bağçasının icraçı direktoru Xalidə Qəhrəmanova bildirib ki, hazırda burada tədris Amerika və STEAM+ art proqramları üzərində qurulub. Onun sözlərinə görə, bu proqramlar uşaqların yaradıcılıq və təşəbbüsündən geniş istifadə etməsi üçün imkan yaradır. Xüsusi laboratoriya və 70-dən çox didaktik oyun vasitəsilə uşaqların bacarıqlarını və məntiqi təfəkkürlərini inkişaf etdirmək mümkün olur.

Xalidə Qəhrəmanova qeyd edib ki, bağçada müasir metodika çərçivəsində dərslər tematik otaqlarda keçirilir. Bununla yanaşı, uşaqlara gündəlik ingilis dili tədris olunur. O vurğulayıb ki, qrant proqramı sayəsində bağça xidmətləri valideynlər üçün daha əlçatan olub.

Elm və Təhsil Nazirliyinin Satınalmalar və qrantlar sektorunun müdiri Vüsalə Əliyeva bu qrant proqramını pilot bir tətbiq kimi qiymətləndirib. O bildirib ki, bu il 1500-dən çox uşaq özəl məktəbəqədər təhsillə əhatə olunub: “Qrant vasitəsilə təhsil haqqının bir hissəsi dövlət tərəfindən qarşılanır. Məsələn, 300 manat təhsil haqqı olan bir bağçada 250 manatı dövlət qarşılayır, digər hissəni isə valideyn ödəyir. Bu proqram valideynlərin maddi yükünü azaltmaqla yanaşı, özəl sektoru canlandırmağı hədəfləyir. Növbəti illərdə layihənin təsirini genişləndirilmək üçün planda 10 min uşağa çatması hədəflənir”.

Valideynlər layihənin təsirini müsbət qiymətləndiriblər.

Sudef Rəhimov bildirib ki, qrant proqramı qeydiyyat prosesini rahatlaşdırıb və indi o, övladını keyfiyyətli təhsil ala bilən bir bağçaya yönləndirib.

Digər valideyn Nurlanə Süleymanova isə maddi baxımdan daha əvvəl belə bağça imkanından yararlana bilmədiklərini vurğulayıb.

Ekspert Rasif Dünyamalıyev qrant proqramını özəl sektora təkan kimi qiymətləndirib. O bildirib ki, 2029-cu ilədək 90 faiz uşaq məktəbəqədər təhsillə əhatə olunacaq: “Valideynlərin prosesdə aktiv olmasını istəyirik. Məsələn, regionlarda elə bağça var ki, valideyn 50 manat ödəməklə övladını özəl bağçaya qoya bilər”.

“Balaca Alim” bağçasındakı yeniliklər göstərir ki, məktəbəqədər təhsil sahəsində islahatlar konkret nəticələr verir. Bu, təhsilin keyfiyyətini artırmaqla yanaşı, daha çox uşağı məktəbəqədər təhsilə cəlb edir.

, Elm və Təhsil Nazirliyi tərəfindən elan olunmuş “Özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi” çərçivəsində özəl bağçaların boş qalmış yerlərinə http://www.bq.edu.az  portalı üzərindən uşaqların qeydiyyat davam edir. Bu qrant müsabiqəsi çərçivəsində seçilmiş özəl məktəbəqədər təhsil müəssisələrində məktəbəqədər təhsilə cəlb olunmuş hər bir uşağın aylıq təhsil haqqının 250 manat məbləğində olan hissəsinin qrant hesabına qarşılanması, qalan məbləğin isə valideyn tərəfindən ödənilməsi nəzərdə tutulub.

Chosen
24
azertag.az

1Sources