EN

Həm Şərqdə, həm də Qərbdə Azərbaycanın qlobal proseslərə münasibəti maraq doğurur ŞƏRH

Bakı, 19 dekabr, AZƏRTAC

Prezident İlham Əliyev Rusiyanın nüfuzlu media subyektinə müsahibəsində çox vacib mesajlar verdi. Dövlətimizin başçısına ünvanlanan suallardan aydın oldu ki, həm Şərqdə, həm də Qərbdə etibar edilən ölkə olaraq Azərbaycanın qlobal proseslərə, təhlükəsizlik məsələlərinə münasibəti maraq doğurur. İlk növbədə, Qərblə Rusiya arasında gərginliyin aradan qaldırılması ilə bağlı Azərbaycanın mövqeyini açıqlayan dövlətimizin başçısı bəyan etdi ki, rəsmi Bakı bu prosesə töhfə verə bilər. Azərbaycan bu məsələdə də sülhün tərəfdarıdır. Prezident İlham Əliyevin söylədiyi kimi “gərginliyin azaldılmasına ehtiyac var. NATO və Rusiyanın qızğın müharibəyə başlayacağı ssenarini təsəvvür etmək qlobal apokalipsisi təsəvvür etməyə bərabərdir”. Ona görə də rəsmi Bakı həm Vaşinqtonda, həm Moskvada, eləcə də digər paytaxtlarda siyasi müdrikliyin müsbət nəticələrə gətirib çıxaracağına ümid edir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Nigar Məmmədova söyləyib.

O bildirib ki, Azərbaycan çoxşaxəli müttəfiqlik öhdəlikləri ilə hər zaman diqqət cəlb edir. Təbii ki, hansısa mərhələdə rəsmi Bakının səylərinə ehtiyacın yaranacağı istisna olunmur. Azərbaycan Prezidenti bir daha bəyan etdi ki, “zərurət yaranacağı təqdirdə biz gərginliyin aradan qaldırılmasına öz töhfəmizi verməyə hazırıq”.

“Cənubi Qafqazda sülh və təhlükəsizlik əsas diqqət çəkən mövzulardan biridir. Ermənistanla normallaşma prosesinə dair suala cavab olaraq dövlətimizin başçısı bəyan etdi ki, “sülh sazişi və Ermənistanın eyni vaxtda bizə qarşı silahlandırılması iki fərqli kursdur”. Sülh sazişinin 17 maddəsindən 15-nin razılaşdırıldığı artıq bəlli idi. Amma Prezident rusiyalı jurnalistin sualını cavablandırarkən aydın oldu ki, əslində Kazanda Ermənistanın baş naziri ilə sonuncu görüşdə razılaşdırılmamış iki maddənin də qarşı tərəfdən qəbul oluna biləcəyini hiss edib. Söhbət bir-birinə qarşı beynəlxalq iddialardan kənarda durmaq, eyni zamanda, başqa ölkələrin nümayəndələrini bizim sərhədimizdə yerləşdirməməkdən gedir. Əslində 30 illik işğal dövründə Azərbaycana 150 milyard dollardan çox zərər vuran Ermənistan beynəlxalq iddiaları kənara qoymaqda özü maraqlı olmalıdır.

Digər vacib məsələ - xarici ölkələrin nümayəndəliklərinin sərhəddə yerləşdirilməsinə gəlincə, bu, rəsmi Bakı üçün prinsipial məsələdir. Azərbaycan suverenliyini və ərazi bütövlüyünü bərpa etmiş, müstəqil ölkə kimi bunun əleyhinə olmaqda haqlıdır. Prezident İlham Əliyevin də söylədiyi kimi “sözdə Avropa müşahidəçiləri pərdəsi altında bizimlə Ermənistan sərhədində NATO tərəfindən infrastruktur yaradılıb”. Təbii ki, missiyanın regiona gəlməsini Bakı ilə razılaşdıran dairələrin onun tərkibini özbaşına genişləndirməsi haqlı olaraq ikrah hissi doğurur. Ona görə Azərbaycan Prezidenti haqlı olaraq sual edir: “Razılığa gələndə siz niyə bizimlə razılaşdırdınız?”

Deputatın sözlərinə görə, mülki missiya adı altında fəaliyyətə başlayan qrup faktiki NATO-nun missiyasına çevrilib və bölgədə təxribatlarla məşğuldur. Bu isə region üçün ciddi təhdiddir. Ermənistan həqiqətən də sülh istəyirsə, dərk etməlidir ki, öz Konstitusiyasını dəyişməli və ATƏT-in Minsk qrupu ləğv olunmalıdır. Dövlətimizin başçısının söylədiyi kimi, “Ermənistanın ATƏT-ə müraciət etmək istəməməsi onu göstərir ki, revanşistlərin planları kifayət qədər ciddidir”. Amma təbii ki, bu planların heç biri effekt verməyəcək. Revanşist cəhdlər Ermənistanın özü üçün fəlakətə səbəb olacaq.

Müsahibə zamanı ötən ay keçirilən COP29 iqlim konfransına dair sualdan da aydın oldu ki, Azərbaycanın ev sahibliyi etdiyi konfrans hələ də dünya mediasının diqqətindədir. Təşkilati işlər üçün vaxtın azlığına, eyni zamanda, ölkəmizə qarşı boykot, qərəz və qarayaxma cəhdlərinə rəğmən Azərbaycanın uğurlu təcrübəsi böyük maraq doğurub.

Chosen
31
azertag.az

1Sources