EN

Küveytdə yadplanetli heykəli tapılıb

Küveytdə

Küveytin şimal ərazisində yerləşən Birinci Bəhra qədim yaşayış məskənində 7000 il əvvələ aid olduğu güman edilən unikal gil heykəlcik tapıblar.

Reyting.az
-ın məlumatına görə, arxeoloqların tapdığı heykəlciyin duruşu, qəribə siması, ümumilikdə cizgilərinin yadplanetlilərə heyrətamiz şəkildə oxşarlığı alimləri və tədqiqatçıları təəccübləndirib.

Bəzi elm adamları bu üslubda qeyri-adi, sirli heç nə olmadığını deyiblər. Belə düşünən bəzi alimlərin iddialarına görə, yadplanetliyə bənzəyən heykəl əslində qədim Mesopotamiyadakı Ubaid mədəniyyətinə məxsus bir sənət nümunəsidir.

Bəhra-1 qazıntılarında kiçik tapıntılar üzrə arxeoloji araşdırmaların rəhbəri olan alim Aqneşka Şimçak yadplanetli bənzəri olan heykəlcikdən danışan zaman deyib: "Bu kiçik fiqurun tapılması həqiqətən də bütün komanda üçün tam sürpriz oldu".

Şimçak qeyd edib ki, bu, təkcə ərazidə deyil, Fars körfəzi regionunda da ilk belə artefaktdır.

Bu qeyri-adi və qədim, gildən hazırlanan heykəl qəribə xarakterik xüsusiyyətlərə malikdir. Onun dar gözləri, düz burun və uzunsov kəlləsi görənləri heyrətə gətirib. Mesopotamiyada tez-tez belə heykəllərə və "kərtənkələ başlı", yaxud da vahiməli "ilana bənzər" oxşar təsvirlərə, rəsmlərə, heykəllərə rast gəlinsə də, onların hansı simvolik məna daşıdığı hələ ki, sirr olaraq qalır.

Yeni tapıntının özəlliyi ondan ibarətdir ki, material yerli xam keramika deyil, əsl və Mesopotamiyadan gətirilmiş gildir. Bu, eramızdan əvvəl 6-cı minillikdə Ubeydlər, eləcə də Ərəbistan yarımadasının qədim cəmiyyətləri arasında davamlı ticarətdən və mədəni mübadilədən xəbər verir. Bu mövzuda araşdırma aparan arxeoloqların sözlərinə görə, müasir Küveyt də həmin dövrlərdə bir yaşayış məskəni kimi daimainkişaf edən belə qədim mədəniyyətlərin kəsişməsində yerləşib.

Bəhra-1 sahəsindəki arxeoloji qazıntıların və heykəlciklə bağlı araşdırmaların hələ də davam etdiyi bildirilir.

Oqtay QORÇU
Chosen
14
reyting.az

1Sources